"Belə qərara gəldik ki, yollarımızı qarşılıqlı razılıq əsasında ayıraq".
Sport7.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın sabiq futbolçusu Kərəm Sultanov "sports.kz" nəşrinə müsahibəsində "gənclik şəhəri" təmsilçisi ilə vidalaşması barədə danışarkən deyib.
25 yaşlı müdafiəçi bildirib ki, müqaviləni pozmağı ona klub təklif edib: "Yeni ildən sonra Qazaxıstana getmək problemli idi. Çünki həm bizdə, həm də Azərbaycanda məhdudiyyətlər var. Klubdan dedilər ki, problemi yerindəcə özün həll et. Mən necə həll edim?! Müəyyən vaxtdan sonra isə sözləşməni pozmağı təklif etdilər".
Cari mövsümün əvvəlində "Sumqayıt"la 2 illik müqavilə imzalayan futbolçu komandadan təzminatsız ayrıldığını söyləyib: "Heç kimin heç kimə borcu qalmadı".
Sultanov "Sumqayıt"la vidalaşamasının artıq çəki ilə bağlı olmadığını vurğulayıb: "Düzdür, sürətlə kökəlirəm. Burada koronavirus problemi də rol oynadı. Amma Azərbaycana gələn kimi normal məşq etməyə başladım, dərhal çəki atdım".
Sultanovun sözlərinə görə, özünü Azərbaycanda legioner kimi hiss etməyib: "Azərbaycan Premyer Liqasının səviyyəsi Qazaxıstan çempionatından heç nə ilə fərqlənmir. Hətta bizdə daha güclüdür. Orada isə sadəcə meydan və bu kimi digər şərtlər əladır. Ölkə, insanlar yaxşıdır. Dilimiz oxşardır. Danışmaq çətin olsa da, hərşeyi başa düşürdüm. Komandada rusca danışmırdılar".
Sport7.az