“Liberty Media” 2019-cu ildə üç yeni mərhələnin keçirilməsinə hazırdır

“Liberty Media” 2019-cu ildə üç yeni mərhələnin keçirilməsinə hazırdır
Formula-1-in "Liberty Media”dan olan yeni sahiblərinin Mayami Qran-Pri və Vyetnam Qran-Pri yarışlarını keçirmək planlarından əvvəllər də bəhs edilib. "Auto Motor und Sport”un məlumatına görə, 2019-cu ildə Formula-1 bu traslarda keçirilə bilər.

Sport7.az xəbər verir ki, Vyetnamın paytaxtındakı şəhər trası Beynəlxalq Avtomobil Federasiyası (FIA) tərəfindən bəyənilib. Mart ayının ilk istirahət günlərində isə Mayamidə trasın qiymətləndirilməsinin keçirilməsi gözlənilir. Florida trasındakı 5,2 kilometrlik dairə Bakıdakı trası xatırladacaq. Növbəti mövsüm üçün hər iki şəhərdə trasların hazırlanması imkanı var.

Formula-1 menecmentinin sabiq başçısı Berni Ekklstounun dövründə trasların hazırlanması ilə German Tilkenin arxitektura bürosu məşğul olurdu. Lakin "Liberty Media” daha fərqli yanaşma istəyərək konfiqurasiya variantlarının ilkin qiymətləndirilməsi üçün öz mütəxəssislərini göndərir. "Liberty Media”nın təklif etdiyi variant Çarli Uaytinq tərəfindən təsdiq edilərsə və FIA-nın təhlükəsizlik standartlarına cavab verərsə, layihə yekun variantın hazırlanması üçün German Tilkeyə göndəriləcək.

Gələn il Argentina Qran-Prisi də Formula-1-ə qayıda bilər. Lakin bunun üçün Buenos-Ayresdə avtodromun yenidən qurulması və müvafiq maliyyələşdirmə tələb olunur. Maliyyə problemi həll olunarsa, yarışlar Argentina Qran-Prisinin 1974-cü ildən 1981-ci ilədək keçirildiyi konfiqurasiya üzrə təşkil ediləcək.
 
Sport7.az

Xəbər lenti