"Lider olacaqlarını gözləmirdim" - MÜSAHİBƏ

Futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasında çıxış edən "Xəzər Cənub”un meneceri Tuğsal Elizin azfutzal.az saytına müsahibə verib.
 
Sport7.az xəbər verir ki, debütantın rəsmisi mövsümün ilk yarısını dəyərləndirib.

- İlk iki dövrəni necə dəyərləndirirsizni?

- Əvvəlcə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə türk xalqını təbrik edir, bərəkət, xoşbəxtlik, sağlamlıq arzulayıram. Çıxışımıza gəldikdə, bir-birindən fərqli iki dövrə keçirdik. Ardıcıl olaraq gücləri bərabər olan, meydanı yaxşı bilən, bir-birilərini yaxşı tanıyan və xeyli vaxtdı bir yerdə çıxış edən oyunçulardan qurulmuş komandalarla qarşılaşdıq. Mövsümə bu cür motivasiyamızı korlayacaq çətin oyunlarla və yaxşı olmayan nəticələrlə start verməyimiz bizi növbəti dövrəyə yaxşı köklədi. Nəticə isə ortadadır: ardıcıl qələbələr və turnir cədvəlindəki mövqeyimiz işimizin bəhrəsidir.

- Xal baxımından mövsümə yaxşı başlamadınız. Bəs motivasiyanı artırmaq üçün hansı dəyişiklikləri etdiniz?

- Yaxşı başlamadığımız fikri ilə razı deyiləm. İlk 3 oyunda oyunçularımız əllərindən gələni etdilər, hətta oyunları ilə zövq verdiklərini də düşünürəm. Nəticə, bəli, digər idman oyunlarındakı kimi, futzalda da vacibdir. Dəyişikliyə gəldikdə, ciddi bir şeylər etmədim. Uşaqlar dedim ki, bacardığınızı göstərin və rəqibin kimliyindən asılı olmayaraq, oyununuzdan zövq alın. Həftə ərzində çox məşq edirik, ancaq oyunun keçirildiyi məkanda cəmi bir dəfə məşqə çıxmaq imkanımız olur. Bir qədər hücuma meyilli oynamaqla, qapı istiqamətinə zərbələr endirməklə, bütün oyunçularımıza şans verməklə, birlik və bərabərliklə, kim olduğumuzu göstərməklə bu nəticələri qazandıq.

- Əvvəlki baş məşqçi ilə oyunçular arasında yaranmış problemin kökündə nə dayanırdı?

- Keçmiş baş məşqçimiz istədiyini, düşündüyünü oyunçulardan ala bilmirdi, ola bilsin, bu amil müəyyən narazılığına səbəb olsun. Halbuki onlar bir-birilərini əvvəlcədən tanıyırdılar və hörmətlə yanaşırdılar. Bəzən elə nüanslar olur ki, narazılıq yaradır.

- Hadi Rezvan qış fasiləsinə bombardir kimi yollandı. Bunu onun bacarığı, yoxsa komandanın əməyi kimi qəbul edirsiniz?

- Futzal bir komanda oyunudur və əgər üzvlər bir-birinə dəstək olarsa, mütləq içlərindən biri ön plana çıxacaq. Məncə, Hadi buna layiqdi. Qol vurmağı sevir, bunun üçün çox çalışır. Komanda yoldaşları da ona dəstək olur.

- Fasilədə nə kimi dəyişiklik edəcəksiniz?

- Ciddi dəyişiklik etmək istəmirəm. Maddi durumumuz imkan verdiyi qədər güclənməyə çalışacağıq ki, məqsədimizə çataq. Hazırkı heyətimizdə yer alan 8 iranlı futzalçıları saxlamağı, əlavə olaraq 3 azərbaycanlı və bir o qədər də iranlı futzalçı transfer etmək niyyətindəyik. 

- Oyunçularınızdan kimlər digər klublardan transfer təklifi alıblar?

- Bizim üçün maraqlı sualdı. Əslində bir klubun üzvünün başqa klubdan transfer təklifi alması normaldı. Amma gərək bu dedi-qodu olmasın, rəsmi, qaydalar çərçivəsində baş versin.

- Klubunuz futzalda qalıcı, yoxsa müvəqqətidi?

- Bu klubu təsis edənlərlə birgə digər sahələrdə olduğu kimi, futzalda da qalıcı olmaq, davamlı fəaliyyət göstərmək istəyirik. Fikirlərimiz üst-üstə düşdüyünə görə birgə fəaliyyət göstəririk.

- EKOL-un qış fasiləsinə lider kimi yollanması sizin üçün necə, gözlənilməz olmadı?

- EKOL yaxşı komandadır, ancaq lider olacaqlarını gözləmirdim. Görünür, digər komandaların zəif cəhətlərini təsbit etmişlər və bunun da qarşılığını görüblər. Təbrik edirəm onları.

- Fasiləyə qədər xal ala bilmədiyiniz yeganə komanda "Neftçi” oldu. Bu komanda ilə duellərdəki yenilgi nədən qaynaqlanırdı?

- Yeni yaranmış komandayıq və meydana öyrəşməyimiz üçün müəyyən adaptasiyaya ehtiyac duyulurdu. Hər iki oyunda onlara iki top fərqi ilə yenilmişik. Qışdan sonra yaxşı işlər görəcəyimizi düşünürəm.

- Hazırlıq planınız necə olacaq?

- 5 və ya 6 yanvarda məşqləri bərpa edəcəyik. Hazırlığın birinci mərhələsini İranda keçəcəyik. Əlavə sponsorlar cəlb etmək üçün danışıqlar aparırıq. Bunu edə bilsək, bir həftə də İstanbulda məşq edəcəyik. Daha sonra Bakıya qayıdıb "Aura” İdman kompleksində son mərhələni gercəkləşdirəcəyik. Kompleksimizdə hovuz, trenajor və qapalı meydança var.
 
Sport7.az

Xəbər lenti