Lippertin unudulmuş hesabatı və ya Bu sevgidə kim uduzdu...

Lippertin unudulmuş hesabatı və ya Bu sevgidə kim uduzdu...

Amal ABUŞOV

Günlər mənə gün yazmağı unutdu,
Gülüm, günün güllərimi qurutdu.
Bu sevgidə kim uduzdu, kim uddu,
Peşimanı kim olacaq, bilmirəm. (Məmməd Araz)

AFFA-nın rəsmi saytı iyulun 14-də hamımızı təəccübləndirdi. Bizi təəccübləndirən məlumatın başlığı belə idi: "Texniki direktorla müqavilə uzadılmayıb”. Söhbət ondan gedirdi ki, AFFA-nın texniki direktoru Bernard Lippertin müqaviləsinin müddəti 2020-ci il iyunun 30-da başa çatıb və onunla anlaşma yenilənməyib. Görürsüz, hər şey bu qədər sadə imiş. Qupquru iki kəlmə. Sanki hər şey belə olmalıymış. Bernard Lippert həmyerlisi Berti Foqtsun rekordunu qırdı, özü də böyük fərqlə. Herr Bertini 2014-cü ildə səssiz-səmirsiz yola salmışdıq. Adam özünə əziyyət verib, Bakıya da gəlmədi. Bizimkilər onun ayağına getdilər. Gedərkən Foqtsun Bakıda qalan əşyalarını da özləriylə aparıb-aramadıqlarını heç bilmədik. Bəlkə də bizi bəyənməyən alman Bakıda heç əşya da saxlamırmış. Onsuz da özünü qonaq kimi aparır, millinin oyunları vaxtı Azərbaycana gəlirdi. Burası öz yerində. Hər dəfə bütün bunları ona görə təkrarlayıram ki, bəziləri öz ayıblarını bir daha görsünlər, bəlkə xəcalət hissi keçirərlər...

Hə, orda qalmışdıq ki, Lipperti Foqtsdan daha çox əzizlədik. Özü də xeyli çox! Təsəvvür edirsiz, futbol mütəxəssisindən daha çox fizika müəllimlərinə bənzəyən Lippert 12 il Azərbaycanda qaldı, AFFA-dan maaş aldı. Foqtsdan düz iki dəfə çox. Gərək həmkarım Həbibdən Lippertin "vatsap” nömrəsini alım, ona bu zirəkliyinə görə almanca təşəkkür yazım. Qoy oxusun, həzz alsın. Hər halda, bundan sonra çətin ki, kimsə Lippertin rekordunu təkrarlaya bilə. Zarafat deyil, 12 il bir igidin ömrüdü. Adam düz 12 il Bakıda gün keçirdi, lüks mənzillərdə, "beşulduzlu” otellərdə yaşadı. Özüm görməmişəm, amma görənlər deyir ki, həftəsonları gecə klublarına baş çəkirmiş və bahalı içkiləri masasına qoyub, "yorğunluğunu” çıxarırmış. Yorğunluq sözünü ona görə dırnaq içərisində yazıram ki, Lippertin hansısa faydalı fiziki işlə məşğul olduğu bizə məlum deyil. Belədə onun yorulmasına, bunun üçün tünd içkilərlə həzin musiqi sədaları altında dincəlmək ehtiyacı hiss etməsinə də inanmaq çətindi. Gəldi, yaxşıca qazandı, yedi-içdi, xoş günlər keçirdi və getdi. Səssiz-səmirsiz, heç nə olmamış kimi.

Məlum məsələdi ki, Elxan Məmmədova bu qərarı vermək elə də asan olmayıb. Çünki sadiq iş yoldaşını, az qala "sağ əli”ni itirdi. Elə bu səbəbdən də iyunun 30-da bitən müqavilə ilə bağlı açıqlama bundan iki həftə sonra ictimaiyyətə açıqlandı. Yəni ki, geridönüş mümkün olmayandan sonra. Koronavirus pandemiyası və onun gətirdiyi iqtisadi çətinliklər AFFA-nın planlarını da vurmalıydı. Düzdü, AFFA əcnəbi sevdasından hələ tam imtina etməyib. Uzun mübarizədən sonra italyan mütəxəssis Canni De Byazini milli komandaya baş məşqçi gətirməyi bacardılar. Bəlli məsələdi ki, 65 yaşlı italyan Bakıya tək gəlməyəcək. Özüylə həmyerlilərini-köməkçilərini gətirəcək. Kim bilir, bir də gördük, millinin ukraynalı həkimi Vyaçeslav Xomenkonu da yola saldılar. Deyəcəklər ki, "Ukrayna modeli” fayda vermədi, bundan sonra milli üzvlərinin səhhətiylə italyadan gələn təqaüdçü həkim məşğul olacaq. Biz bu cür filmləri illərdi görə-görə gəlmirikmi?!

Həyat belədi, nəyisə qazanmaq üçün qurban verməli olursan. Bu dəfə də Lipperti qurban verdilər. Onun əvəzində Canni De Byazini qazandılar. Prosesin davamlı olacağı şübhə doğurmur. Çox tezliklə Hakimlər və Hakim-İnspektorlar Komitəsinin avstriyalı sədri Frits Stuxlik də yola salınacaq. Futbol yox, çempionat yox, olanda da gərginlik yaşanmır, hakim səhvləri isə daha da artıb. Belədə kimə lazımdı əcnəbi sədr? Stuxliklə birlikdə Milan Obradoviç də yola salınar. Əsas millini italyan çalışdırırsa, U-21-də də onun "oyun fəlsəfəsi”nə uyğun biri olmalıdı, ya yox?! Hər yeni məşqçi yeni qazanc yeri, menecerlər üçün yeni faiz deməkdi. Belədə Obradoviçi asanlıqla qurban vermək olar. Elə Miloş Velebiti də Obradoviçlə eyni təyyarədə göndərsinlər, hava limanına iki dəfə maşın, müşayiətçi göndərməyə ehtiyac qalmasın. Pandemiyanın gətirdiyi zərərləri xeyirsiz əcnəbləri yola salmaqla azaltmaq olar. Amma bir vacib məsələni unutmayın. 12 il Azərbaycanda çalışan Bernard Lippert niyə hesabat vermədi? Verdisə, kimə verdi və hesabatında nələri yazdı? Hanı Lippertin Azərbaycan futboluna verdiyi fayda? Eləcə də başqa əcnəbiləri yola salanda onların hesabatlarını almaq lazımdı. Görək, AFFA-nın "əcnəbi sevdası”nda kim uduzur, kim udur?!

Mənbə: "Futbol+” qəzeti

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR