"Lisenziya almaq üçün lazım olan tələbləri yerinə yetirmişik" - Musa Qurbanov

Artıq hər kəs birinci diviziondan elitaya kimin yüksələcəyini səbirsizliklə gözləməkdədi.

Növbəti mövsümdən premyer-liqada iştirak edəcəyi deyilən komandalardan biri də "Zaqatala"dı. Bu üzdən klubun Müşahidə Şurasının rəhbəri Musa Qurbanovla danışdıq. Musa bəy Sport7.az-a açıqlamasında komandanın son durumu ilə bağlı bunları söylədi.

"Oxuyub, eşitdiklərimdən başqa bir şeydən xəbərim yoxdu. Hələ rəsmi şəkildə bizə heç nə deməyiblər. Lisenziya almaq üçün lazım olan tələbləri yerinə yetirmişik. Yalnız bank zəmanəti yoxdu. Digər sənədləri təhvil vermişik. Aşağı yaş qrupları, U-17, U-19 və digərləri hazırdı. 

Komanda baxımından müəyyən hazırlıqlar görürük. Əsas komandadan başqa hamısı hazırdı. Premyer-liqaya vəsiqə qazanacağıqsa, orda oynayacaq komandanı formalaşdırmaq lazım olacaq. Bununla bağlı təxmini planlarımız var. Amma hər şey kluba ayrılacaq büdcədən asılı olacaq. İndidən nə deyə bilərəm ki? Hələ ki, bunlar fikir olaraq qalır.

Baş məşqçini istefaya göndərdik. Yeni məşqçi axtaracağıq. Şaban müəllimi alınan nəticələrə görə istefaya göndərdik. Mövsümün əvvəlindən klub tərəfindən qarşıya qoyulan  şərtləri yerinə yetirə bilmədilər. Konkret qarşıya ilk iki yerdən birini tutmağı qoymuşduq. Halbuki bizə məşqçi heyəti tərəfindən söz verilmişdi. 

Komandada problem? Başa düşmədim necə yəni komandada problem olub? Bizdə birinci dəstədə olan komandaların əksəriyyətindən daha yaxşı şərait vardı. Nə problem ola bilər? Nəyisə nəzərdə tumusuzsa, komandaya mane ola biləcək heç bir problem yox idi. Komanda ilə bağlı hər şey qaydasında idi".

Sport7.az

Xəbər lenti