“Liverpul”un əzmkarlığı, “Kayrat”ın prezidentinin cəsarət nümunəsi – Bəs bizimkilər?

“Liverpul”un əzmkarlığı, “Kayrat”ın prezidentinin cəsarət nümunəsi – Bəs bizimkilər?

Amal ABUŞOV

"Liverpul” 30 illik tilsimi qırdı. Sonuncu dəfə 1989-90 mövsümündə çempion olan "Liverpul” yenidən İngiltərənin ən güclüsü adını qazandı. Özü də bu işdə onlara "Çelsi” yardım etdi, "zadəganlar”ın dünən axşam "Mançester Siti”ni büdrətməsi Yurgen Kloppun işinə yaradı.

Azərbaycandakı "Liverpul” azarkeşlərini bunu münasibətlə təbrik edirəm. Koronavirus pandemiyası yayılmağa başlayanda bir çox çempionatlar kimi İngiltərə Premyer Liqası da dayandırılmışdı. Çoxları düşündürdü ki, bu pandemiyada "Liverpul”un bəxtsizliyi ilə əlaqəlidi. Gəldi və "Liverpul”un həsrətinin bitməsini əngəlləyəcək. Amma belə olmadı, Yurgen Klopp və onun futbolçuları layiq olduqları mükafatı qazandılar. Bu həm də o deməkdi ki, həyat davam edir. İnsanlar yaşayır, yaradır, mübarizə aparır, arzularına çatmağa çalışırlar və bunu bacarırlar. Bəli, eyni zamanda da qorxunc koronavirus pandemiyası ilə mübarizə aparırlar. Heç kim canını çöldən tapmayıb!

Dostumuz Kənan Məstəliyev xatırlatdı, AFFA İcraiyyə Komitəsi öz qərarını geri oxumasaydı, bu gün "Neftçi” – "Qarabağ”ı qəbul edəcəkdi. Düzdü, bizim çempionatdakı gərginlik İngiltərədəkiylə eyni deyil. Adının Premyer Liqa olmasına baxmayın. Amma necə deyərlər, kasıbın olanından. Əlimizdə olana şükr edən adamlarıq. Süni ajiotaj yaratsaq belə, Azərbaycan çempionatına baxırdıq, yazırdıq-yaradırdıq. Bir qrup işbaz, qorxaq onu da bizə çox gördü. Artıq xərcə düşmək istəmədilər, yay istirahətlərini pozmamaq arzusu da güc gəldi. Beləcə Azərbaycan futbolsuz qaldı.

Almatının "Kayrat” klubun prezidenti Kayrat Boranbayevin dünən verdiyi müsahibədə bir məqam diqqətimi cəlb etdi. Qazaxıstanlı həmkarımız, əziz dostum Aydın Xocahmedlə söhbətində "xalq komandası”nın (bizimkilərin qulaqlarından, gözlərindən uzaq olsun) rəhbəri belə deyib: "Artıq hər şey gülməli xarakter alır. Bütün Avropa ölkələrində çempionatlar başlayıb, təkcə biz qorxuruq. Oynamaq lazımdı, avrokuboklara hazırlaşmalıyıq. Bəlkə başqa klublar üçün bu vacib deyil, amma bizim üçün vacibdir. Biz Avropada oynamaq istəyirik”. Necə deyərlər, halal olsun, başqan!

Adam Orta Asiyada doğulub, orda böyüyüb. Di gəl ki, zeyniyyəti, ruhu, düşüncələri avropalı kimidi. Geridəqalmışlıqla, qorxaqlıqla barışmır. Prezidenti olduğu "Kayrat”ı da Avropa səviyyəli kluba çevirmək istəyir. Hələ iki il bundan əvvəl Almatıda olarkən "Kayrat”ın bazasını heyranlıqla gəzmişdim. Elə bu baza sübut edir ki, Kayrat Boranbayev təkcə sözdə yox, əməldə avropalıdı. Bizimkilərin isə nə danışmağa dilləri var, nə də göstərməyə əməlləri.

Çox təəssüf ki, belədi!
 
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR