London fatehləri

London fatehləri
Ötən ilin bu günləri idi. "Neftçi" "Qəbələ"dən 8 cavabsız top buraxmış, təkcə azarkeşlərin deyil, sponsorların da etibarını itirmişdi. "Neftçi"nin faciəsi təkcə həmin oyunda deyildi. "Xalq komandası" 80 illik yubileyi ərəfəsində uçurumun kənarına sürüklənir, nüfuzdan salınırdı.

Gündəmi dəyişmək, tənqidlərin hədəfini başqa səmtə istiqamətləndirmək tələb olunurdu. Bu missiyanı Müşahidə Şurasının "şən və hazırcavab" üzvü Bəhram Bağırzadə üzərinə götürdü. "Bakılı oğlan" bütün günahı idman mediasının üzərinə atmaq kimi absurd bir cəhddə bulundu, vicdanlı qələm sahiblərinə rüşvətxor damğası vurmaq üçün uğursuz cəhd etdi. Bu həmin Bəhram idi ki, onu böyük ümidlərlə və yaxşı "paket" müqabilində "Neftçi"yə dəvət edib, azarkeşləri tribunaya qaytaracağına inanmışdılar.

İnsafən, ilk günlər vəzifəsinin icrasına ürəklə girişmişdi. Ticarət mərkəzlərində klub atributlarını və biletlər paylayır, azarkeşlərin diqqətini cəlb etmək üçün özünə əl qatırdı. Gördü ki, alınmır. Başqa üsula əl atdı. Keçdi rəqib azarkeşlərinin bostanın daşlamağa. "Qarabağ"a ənənəvi məğlubiyyətdən sonra rəqibi dəstəkləyənləri aşağılamaqdan, "Neftçi"yə könül verənləri "əsl azərbaycanlı" adlandırmaqdan da çəkinmədi. Sonrasını isə siz də bilirsiz. Böyük oyunların kiçik piyadası olduğunu anlayan Bağırzadə batırılmaqda olan gəmini, yəni Müşahidə Şurasını tərk etdi, "Neftçi" ilə yollarını ayırdı.

Çoxdan idi ki, görünmürdü. Bircə dəfə fəalliq göstərmişdi. Onda da Çexiyada "Slovan"a uduzan "Qarabağ" futbolçularını sosial şəbəkələrdə tənqid etmiş, onları məsuliyyətsiz davranmaqda günahlandırmışdı. İsrarla müsahibə verməsini, həm "Qarabağ", həm də "Neftçi" ilə bağlı fikirlərini bizimlə bölüşməsini istədim. Razılaşmadı, danışmaqdan imtina etdi, bundan sonra futbola qarışmaq niyyətinin olmadığını dedi.

Bir də baxdım ki, "Samtredia" ilə oyun üçün Tbilisiyə gedən "Qarabağ"ın nümayəndə heyətinin tərkibindədi. Özünü "qatı "Neftçi"li", "əsl azərbaycanlı azarkeş" sayan Bəhram bəy rənglərini dəyişmiş, bu dəfə "Qarabağ"a könül vermişdi. Düşündüm ki, qonşu Gürcüstanda hansısa mədəni tədbirə qatılacaq, yolunu "Qarabağ"la birləşdirib. Amma "Qarabağ"ın Londonda otelə daxil olmasınıp göstərən görüntülərə baxanda ürəkdən bir xeyli güldüm. Yanlış xatırlamıramsa, otelə Qurban Qurbanovdan cəmi 2-3 saniyə sonra daxil oldu, klubun rəhbər şəxslərindən biri kimi, ciddi şəxs ədalarıyla. Bəlkə, "Qarabağ"da hansısa vəzifə tutur, bizim xəbərimiz yoxdu?

"Yaman günün dostu az, yaxşı gününkü çox olar" deyib atalarımız. Elə Elxan Məmmədov da Bəhram kimi "Qarabağ" üçün yaxşı günün dostudu. Tarixə şahidlik etmək, kameralara poz vermək üçün Bakıdan Londona uçmağa ərinməyib. Nə vaxt dindirsən, məşğuldu, Sport7.az-ın suallarını cavablandırmaq üçün müsahibəyə ayıracaq bir saatı yoxdu. Londona isə gedib. Bu həmin Elxan Məmmədovdu ki, Bakıdan Qəbələyə qədər olan yolu qət edib, ölkə kubokunun finalında "Neftçi" - "Qarabağ" qarşılaşmasını izləməmişdi. Ötən mövsüm gərginlik pik həddə çatanda təkcə turun deyil, mövsümün oyunu sayılan "Qəbələ" - "Qarabağ" görüşündə də baş katibi əyalətdəki stadionda görən olmadı.

İndi isə Londondadı. Hələ bir yazı da yazıb, adını "Xüsusi əhəmiyyət" qoyub. Ay sizi, London fatehləri...

Amal ABUŞOV

Xəbər lenti