“Ölü”nün qıdığı gəlməz...

“Ölü”nün qıdığı gəlməz...
Onlar üçün hamı pisdi. Azarkeş xuliqan, mətbuatın obyektivliyini itirməyən vicdanlı və tənqidçi qismi isə rüşvətxor. Özlərindən başqa heç kimi sevmirlər. Zaman isə onları öz təkərlərinin altına salıb əzməkdə, kiçiltməkdə, rəzil etməkdədi.

AFFA-nın baş katibi Elxan Məmmədovun xeyir-duasıyla "Neftçi”yə təhkim olunan, balla dolu arı pətəyinə doluşmuş kimi şirə çəkməyə çalışanları deyirəm. "Neftçi”ni bir teatr meydanına çevirib, bazasında səhnə qurublar. Ssenari müəllifləri həmin bazada deyillər. Amma əllərindəki pultun düymələri ilə hər şeyi istədikləri kimi idarə edirlər. "Neftçi”nin sürətlə uçurumun kənarına yaxınlaşması heç veclərinə də olmur.

Deyirdilər ki, "Neftçi” səhmdar cəmiyyətə çevriləcək, şəffaf idarə olunacaq, özü özünü saxlayacaq. Ona görə də klubdakı prezident üsul-idarəsini ləğv edib, Müşahidə Şurası yaratdılar. Avropa Liqasında fiasko yaşandı, klub yayda iki dəfə ölkə xaricinə toplanışa göndərildi. Qışda isə Bakıdan kənara çıxarılmadı. Ardıcıl 2-ci mövsüm avrokuboklarda uğursuzluq yaşandı, Avropa Liqasında makedonlara yem oldu "Neftçi". Sonrası da "Qəbələ”nin vurduğu 8 qapaz! 

Bu dəfə bütün günahları Elnur Məmmədovla Vəli Qasımovun üzərinə yıxdılar. Baş katib AFFA prezidentini təkzib etdi. Dedi ki, Müşahidə Şurası klubu idarə etmək yox, prosesləri sakitcə müşahidə etmək üçün yaradılıb. Onların transferlərə və pulların hara xərclənməsinə qarışmağa ixtiyarları yoxdu. Çox keçmədi ki, Çingiz Abdullayevi və onun şürəvi dostlarını neytrallaşdırıb, "oyundan” çıxardılar. İndi Fərhad Bədəlbəylidən "Neftçi” haqda soruşsan, heç komandanın ilk iki turdakı nəticələrindən xəbəri olmaz. Dedektiv yazar üçün də "Neftçi” dəftəri” çoxdan qapanıb.

Əsl kef sürməli əyyam ötən qışda oldu. Artıq məlum şəbəkənin əl-ayağına kimsə dolaşmırdı. Tanış-biliş menecerlərə "Neftçi”nin düşərgəsini Karvansaray qapısına çevrilməsi barədə göstəriş verdilər. 9 futbolçunu yola saldılar, əvəzində eyni sayda futbolçuyla yeni müqavilələr imzalandı, pullar xərcləndi, yenə bir qrup işbaz qazandı. Bu gün istefa verdiyini deyib, özünü fədakar kimi göstərən Elxan Abdullayev qışda fəxrlə deyirdi ki, onlar "Neftçi”yə hazır futbolçular gətiriblər, onlara görə hətta transfer parası da ödəyiblər. "Xalqın komandası”nı, deməli, həm də bu xalqı xirtdəyəcən borca saldılar. 

Kluba bilavasitə Elxan Məmmədov tərəfindən göndərilən, qısa müddətdə icraçı direktorluqdan klub prezidentliyinə yüksəldilən Orxan Hüseynzadə qışdakı faciəni yayda etiraf etmişdi. Onlar ötən qış yaranan münbit şəraitdən yetərincə yararlanıb, transferlərə böyük məbləğlər xərcləyiblər. Öz paylarını götürməyiblərmi? İndi də SOCAR-dan ayrılan pulları borcların qapadılmasına, kreditlərin ödənilməsinə sərf edirlər. Bəhanə da o olur ki, "Neftçi”nin pulu yoxdu. "Neftçi”nin pulu "Zirə”dən, "Səbail”dən, "İnter”dən, "Sumqayıt”dan azdırmı? Yox! Orxan Hüseynzadə özü etiraf etmişdi ki, "Neftçi” büdcəsinə görə ölkənin 3-cü klubudu. Amma idarəedilməsinə, peşəkarlığına görə sonuncudur. Elə turnir cədvəlindəki yeri də elədi.

Çünki klubu bir qrup naşının, "Fatı, qalx – Fatı, otur!” prinsipiylə yaşamağı özünə ayıb bilməyən adamın nəzarətinə veriblər. Yayda geriyə addım atdılar, bu dəfə Müşahidə Şurasında prezidentliyə qayıtdılar. Ayının min oyunu bir qozun üstündə olar deyiblər. Bunların da min oyunu "Neftçi”yə sahiblənmək, büdcəyə nəzarət, şəxsi mənafelərin təminidi. "Neftçi” rəzil olsa da, imici yerlərdə sürünsə də olar. Düşünürlər ki, klubun onsuz da 80 yaşı var, qocalıb, bu gün-sabah da öləcək. 

Elxan Abdullayevi Vəli Qasımov kimi urvatsız elədilər, axırda da qurbanlığa çevirdilər. Növbədə kimin olduğu barədə müzakirələr qızışıb. Qurbanlar dəyişər, nəticələr isə yox. Çünki "Neftçi”ni çoxdan öldürüblər. Neynəsələr də, faydası yoxdu. 

"Ölü”nün isə qıdığı gəlməz!

Amal ABUŞOV



Xəbər lenti