Lütf edin, cənab Quliyev

Lütf edin, cənab Quliyev
"Neftçi”nin varlığı ilə yoxluğu bilinməyən Müşahidə Şurasının sədri Çingiz Abullayev "Uypeşt”lə oyundan sonra komandanın paltardəyişmə otağına gəlib. Daha sonra isə təəssüratlarını şəxsi "feysbuk” səhifəsində bölüşüb.

Çingiz müəllim yaxşı yazıçı, tanınmış ictimai xadimdi. Buna heç kim şübhə etmir. Amma futbol sahəsində çox uğursuz kadrdı, hörmətdən salınmış rəhbərdi. Qoy məndən inciməsin. Bu səbəbdən də mən cənab Abdullayevin "Neftçi”ylə bağlı yazdıqlarını ciddiyə almıram, onu qınamıram.
 
Lakin eyni münasibəti klubun prezidenti təyin edilmiş, özünü bacarıqlı futbol funksioneri kimi tanıtdırmağa çalışan Kamran Quliyevə göstərə bilməyəcəm. Ötən yazılarımda da vurğulamışdım. Adam hələ də hansı kluba rəhbərlik etməsinin fərqində deyil, danışıq və davranışlarını ölçüb-biçə bilmir. Bizim də borcumuz bu nöqsanları qabartmaq, Kamran bəyi belə səhvlərdən çəkindirməkdi. Özünün və prezidenti olduğu klubun işıqlı gələcəyi üçün bunları yazmaqdı.

Kamran bəy təkcə Azərbaycanın yox, dünyanın futbol tarixində ilkə atmış prezidentdi. Ona qədər heç bir prezident baş məşqçinin göndərilməsinə sosial şəbəkələrdə səs verməmişdi. Sonradan üzrü günahından betər oldu, cənab Quliyev bildirdi ki, Tərlan Əhmədovun gedişinə "like” düyməsqini prezident kimi yox, sıravi şəxs kimi basıbmış.

Görünən odu ki, Kamran Quliyev səhvlərindən nəticə çıxarmır, özünü hələ də ortabab "Sumqayıt”ın prezidenti kimi aparıb. "Uypeş” üzərindəki qələbədən sonra Kamran bəy hisslərini cilovlaya bilməyib, "Neftçi”nin tarixinə və ad-sanına, Avropa Liqasının qrupunda oynamış klubun imicinə yaraşmayan açıqlamaya müəlliflik edib.

Sitat: "Futbolçular bizdən mükafatı mərhələ adlayacağımız təqdirdə istəyiblər. Bu, futbolçuların bizə jestidir. Komandanın necə oynayacağını heç kim bilmir. Amma kollektivdaxili ab-havanın belə olması bizim qazancımızdır”.

Mükafatla bağlı sualın bircə cavabı vardı. Təxminən belə: "Nə mükafatı? Heç kim mükafat barədə söz aça bilməz. Keçdiyimiz hazırlığın, imzalanan bahalı müqavilələrin, "Neftçi”nin 81 illik tarixinin və avrokubok təcrübəsinin qarşısında "Uypeşt” kimi rəqibi keçmək bizim borcumuz idi. Bildiyiniz kimi, rəqibimiz Bakıya tam heyətlə gələ bilməmişdi, iki legioneri hava limanından geri qaytarılmışdı. Üstəlik, təyyarənin yanacaq probleminə görə iki dəfə məcburi eniş ediblər, bütün günü havada olublar. Bakıda heç məşq də edə bilmədilər. Bunun qarşılığında bizə hələ məğlub duruma da düşmüşdük. Heç bir mükafat ola bilməz, "Sevilya” ilə qarşılaşa bilsək, bu barədə düşünərik”.

Bunları Kamran Quliyev deməli idi, "Neftçi”nin prezidenti olan şəxs. Bununla da o, Avropa Liqasının qrupunda oynamış, Milanda "İnter”dən xal almış klubuna hörmət etməliydi. Azərbaycan futbolu siz dediyiniz imicdə deyil, Kamran bəy. Biz Çempionlar Liqasının qrupuna komanda verən, klubları "Lill”i, "Maribor”u, "Tvente”ni məğlub edən ölkənin futbol azarkeşləriyik. Bundan xəbəriniz yoxdu?

Lap unutmuşdum, Kamran Quliyev AFFA-nın kadrıdı axı. Ordakı başbilənlərin məğlubiyyətə görə də mükafat payladıqlarına şahidik. Kamran bəy də o təsirdən çıxa bilmir. Lütf edin, cənab Quliyev, bir az diqqətli olun!

Amal ABUŞOV

Xəbər lenti