"Maddiyyat "Roma"da heç vaxt mənim üçün işin məğzi olmayıb" - De Rossi

"Roma"nın yarımmüdafiəçisi Daniele De Rossinin mətbuat konfransı keçirilib.

İtaliyalı futbolçu mövsümün sonunda komadadan ayrılacağını bəyan edib:

"Roma" və mən bir-birimizi seçmişdik. Aramızdakı sevgi dərindi. Bəlkə də, bundan sonra başqa qəlibə bürünəcəyik, amma sevgimiz həmişə olduğu kimi qalacaq.

Zamanı geri qaytarsaq, müəyyən anları dəyişmək istəyərdim. Ancaq ümumilikdə komandaya sədaqətimlə bağlı heç bir şeyə toxunmazdım. Sehrli çubuğum olsa, sadəcə buxarının üzərinə bir neçə titul əlavə edərdim.

Klubun mənimlə bağlı qərarını təxmin edirdim. Artıq 36 yaşım olacaq, futbolun necə bir şey olduğunu yaxşı bilirəm. Sadəcə, avrokubokda mübarizə apardığımız bir periodda fikir yayındırmaq istəmirdim. İdarə heyətinin üzvlərinə təkliflərinə görə təşəkkür edirəm. Onlara hörmətlə yanaşıram və təklifə görə, həqiqətən də, minnətdaram. Ancaq mən özümü hələ də futbolçu kimi hiss edirəm. Qərarın təkcə mən tərəfindən verilməli olduğuna dair fikirlərlə razı deyiləm. Klub, məşqçilər bu tip qərarları qəbul etmək üçün var.

Həmişə "Roma"nı sevmişəm. Azarkeşlərə məsləhət görərdim ki, hazırkı heyətə dəstək olsunlar. Hörməti haqq edən, gözəl kollektivə sahibik.

Romanizm klub üçün vacibdi. Bu sevgi Florentsi və Pelleqrini kimilərlə gələcək nəsillərə ötürüləcək. Onlar özlərini mənə oxşatmamalı, əksinə, öz yolları ilə irəliləməlidilər.

Sevincdən havalara uçmuram, ancaq eyni zamanda, klubun qərarını başa düşürəm. İnciklikdən söhbət gedə bilməz. Aramızda pul söhbəti olmayıb. Maddiyyat "Roma"da heç vaxt mənim üçün işin məğzi olmayıb.

Bu işə addım atanda C Seriyasında oynamış atamın etdiklərini təkrarlamaq istəyirdim. Bu, mənim üçün yetərli olacaqdı. O, mənim kumirim idi. 14-15 yaşım olanda belə bir futbolçu olacağım inandırıcı görünmürdü. Tanrıya bu gözəl karyeraya görə təşəkkür edirəm.

Bir gün məşqçi olmaq niyyətindəyəm. Hazırda özümü klub idarəetməsinə uyğun biri kimi görmürəm. Düzdü, "Roma"da bu tip pozisiyaların həmişə özünəməxsus çəkisi var, sadəcə, mən indi uzaqlaşmaq, təhsil almaq və öyrənmək istəyirəm. İrəlidə məni uzun "səyahət" gözləyir".

Qeyd edək ki, "Parma" ilə oyun De Rossi üçün "Roma" forması ilə sonuncu olacaq. Kapitan 2001-ci ildən bəri "canavarlar"ın formasını geyinirdi. De Rossi "Roma"nın heyətində meydana çıxdığı 457 rəsmi oyunda 43 dəfə rəqib qapılarına yol tapıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR