Mahmud Qurbanov:

Mahmud Qurbanov: "Oyunçularımızın ayaqlarına oturmuşdular"

AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Norveç yığması ilə 1:0 hesablı məğlubiyyətdən sonra milli komandamızın baş məşqçi səlahiyyətlərini icra edən Mahmud Qurbanov mətbuat konfransında jurnalistərin suallarını cavablandırıb.
 
- Futbolçularımızın mübarizə əzmindən, istəyindən məşqçilər heyəti olaraq, razı qaldıq. Düzdür, nəticə qənaətbəxş olmadı. Amma futbolçularımın meydanda sərgilədikləri oyun, istək bizi qane etdi. Rəqib isə çox qapalı oynadı. Futbol dili ilə desək, oyunçularımızın ayaqlarına oturmuşdular.
 
- Sizcə, hücumda əvəzetmələrə ehtiyac var idi?
- Həm Cavid İmamverdiyev, həm də Araz Abdullayev hücumameylli oynayırdılar. Əvəzetmələr isə onların yorğunluqlarından irəli gəlirdi.
 
- Berti Foqts milliləşdirilmiş futbolçulara da üstünlük verirdi. Siz isə yerli oyunçuları meydana buraxdınız. Onlar milliləşdirilmiş futbolçulardan nə ilə fərqləndilər? 
- Yerli oyunçular heç də pis çıxış etmədilər. Sadəcə, qol vura bilmədilər.
 
- Start heyətində Qara Qarayevə yox, Ruslan Abışova yer verməyiniz nə ilə bağlı idi?
- Heyəti norveçli futbolçuların oyun üslubuna əsasən qurmuşduq. Ruslan Abışov təlim-məşq toplantısında yaxşı təsir bağışlamışdı. Onun təcrübəsindən də yararlandıq. Amma bu, o demək deyil ki, Qara Qarayev zəif təsir bağışladı.
 
- Oyundan sonra futbolçularınız nədən şikayətlənirdilər?
- Biz hücumda topla çıxış edə bilən futbolçuları qoymuşduq. Yerlə ötürmələrlə rəqibin cərimə meydanına daxil olmaq istəyirdik. Futbolçularımızın şikayəti Norveçin bizə heç bir şans verməmələri ilə bağlı idi.
 
- Sizə elə gəlmirmi ki, əvəzetmələri gec etdiniz? Üstəlik, cəmi 2 oyunçu dəyişikliyi az deyildi?
- Əvəzetmələr gec olmadı. Bir oyunda 3 əvəzetmə məcburi deyil. Futbolçular pis təsir bağışlamadıqlarından, 3-cüsünə ehtiyac görmədim.
 
- Norveç daha öncə Estoniya yığmasına uduzmuşdu. Həmin oyun sizi aldatmadı?
- Xeyr, Estoniya ilə oyun bizi aldatmadı. Aslan Kərimov da həmin oyunda olmuş, analiz etmişdik. Problemimiz standart vəziyyətdən qol buraxmağımız idi. Norveç bizi heç nədə təəccübləndirmədi.
 
- Özünüzü baş məşqçi postuna hazır sayırsınız?
- Mənim baş məşqçi olmağım real görünmür. Buna görə bu suala cavab vermək düzgün deyil. 

Sport7.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR