Maksim Medvedev:

Maksim Medvedev: "Futbolçular mükafat gözləyir"

"Uelslə oyundan sonra dərk edirdik ki, oyunumuz pis alınmadı. Həmin görüşdə qaçırdıq və mübarizə aparırdıq. Demək olar ki, rəqibə futbol oynamağa imkan vermədik və özümüzə güvəndik. 1:2 hesabı ilə məğlub olsaq da, bizdə güvən var idi. Bu oyunda bunu göstərdik. Uzun yoldan sonra yorğun olacağımız bəlli idi. Komanda üzvləri ilə söhbət etdik. Düzdür, xorvatlar da yol gəliblər, amma biz daha uzun məsafədən qayıdırdıq. Oyuna yaxşı başlamadıq. İkinci hissədə yaxşı futbol oynadıq. Hətta bəzən Xorvatiyanı qapısına sıxdıq. İnam yarandı ki, ikinci topu da vuracağıq. Buna vaxt çatmadı".

Sport7.az xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin futbolçusu Maksim Medvedev Xorvatiya ilə heç-heçə etdikləri (1:1) AVRO-2020-nin seçmə mərhələ matçından sonra jurnalistlərə açıqlamasında deyib.

30 yaşlı müdafiəçi rəqibi Xorvatiyanın top komandalardan olduğunu söyləyib: "Bilirdik ki, ağır oyun olacaq. Baş məşqçimiz Nikola Yurçeviç son vaxtlar fərqli taktika seçir. Çalışırıq ki, hər yerdə çoxluq yaradaq. Uelslə oyunda gördük ki, bunu bacarırıq. Baxmayaraq ki, onlarda Qaret Beyl, Deniel Ceyms kimi futbolçular var. Xorvatların da ulduz oyunçuları var. Bu gün də eyni oynadıq və bizdə uğurlu alındı".

Medvedev "Xorvatiya ilə heç-heçəyə görə mükafat olacaqmı" sualını belə cavablandırıb: "Rəhbərlik həmişə istəyib ki, bizə yaxşı baxsın. Mükafat olacaq. Futbolçular da bunu gözləyir. Nə vaxt veriləcəyi bəlli deyil".

"Qarabağ"da çıxış edən oyunçu seçmə mərhələdəki digər qarşılaşma barədə də fikirlərini bölüşüb: "Xorvatiyadan bir xal almaq bizim üçün stimuldur. Uels də Bakıya gələcək. Onlarla da bu səviyyədə futbol nümayiş etdirmək istəyirik. Macarıstanla səfər matçımız da olacaq. Yaxşı və kompakt oynamağa çalışacağıq. Belə rəqiblərlə açıq futbol mümkün deyil. Elə oynasaq, özünüz də görürsünüz ki, hesablar 1:3, 1:5 olur. Bu gün fərqli taktika seçirik ki, daha da kompakt oynayaq".

Müdafiəçi son olaraq gənc futbolçular Bəhlul Mustafazadə və Anton Krivotsyukun oyununu dəyərləndirib: "Bu gün millidə oynamağa ən layiq onlar idi. Baxmayaraq ki, hamı səhv edir. Görünürdü ki, komanda vuruşur. Nəticə üçün hər şey etdilər. Onlara da təşəkkür edirəm. Hər ikisi gənc futbolçudur. Bəhlul Mustafazadə gəncdir. Çalışdı, vuruşdu və ona söz ola bilməz. Onlara dəstək olmalıyıq ki, gələcəkdə daha çox fayda versinlər". (report.az)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR