“Maksimov 3-4 legioner istəyir” – Zaur Axundov

“Maksimov 3-4 legioner istəyir” – Zaur Axundov
"Keşlə” klubunun prezidenti Zaur Axundov kluba yeni baş məşqçi təyinatından danışıb.
 
Sport7.az xəbər verir ki, klub prezidenti "apasport.az” saytının suallarını cavablayarkən Yuri Maksimovun istəyi ilə 3-4 yeni əcnəbi futbolçu alacaqlarını bildirib.
 
- Klubun bu gün baş tutan iclasında baş məşqçi Yuri Maksimovla rəsmi müqavilə imzalanıb...
- Bəli, yeni baş məşqçi ilə 6 aylıq müqavilə bağladıq və qarşısına ən yüksək məqsədlər qoyuldu.
 
- Ən yüksək məqsəd deyəndə nəyi nəzərdə tutursunuz?
- Əsas hədəf avrokuboklara düşmək olacaq. Ölkə kubokunda da maksimum irəliləmək istəyirik. Ən əsası da odu ki, komandaya yeni nəfəs gəlsin, yaxşı nəticələr qeydə alınsın və pis günlər geridə qalsın.
 
- Mövsümün ilk yarısını 7-ci pillədə başa vurdunuz. Çempionatdan Avropa Liqasına vəsiqə qazanmağınız nə dərəcədə inandırıcı görünür?
- Düzdü, çətin olacaq. Amma unutmayaq ki, bu, futboldu. Bir də gördünüz ki, gözləniləndən də yaxşı nəticələr oldu. Futbolda heç kim heç nədən sığortalanmayıb. Maksimovun qarşısına bu hədəfləri qoymuşuq.
 
- Baş məşqçinin şərtləri nələr oldu?
- Həm baş məşqçi, həm də seleksiya üzrə məşqçimiz Zaur İsmayılov hazırda yeni oyunçuların dəvəti ilə məşğuldular. Axtarışlarını davam etdirirlər. Baş məşqçi 3-4 yeni əcnəbi futbolçunun gəlməsini istəyir ki, əlində geniş material olsun.
 
- Belə çıxır ki, büdcəni artıracaqsınız?
- Xeyr. Büdcə artırılmır, ancaq gedən futbolçuların yerinə yenilər gələcək. Komandanı 6 oyunçu tərk edib. Onların boşluğunu doldurmağa çalışacağıq.
 

Xəbər lenti