Maksimov Zaur Axundovu xilas edəcəkmi? - Dosye

Maksimov Zaur Axundovu xilas edəcəkmi? - Dosye
"İnter” adını "Keşlə”yə dəyişən paytaxt klubu dünən yeni məşqçisi ilə də rəsmi müqavilə imzaladı.

Sport7.az xəbər verir ki, bununla da əvvəlki adı "İnter” olan klubun əcnəbi mütəxəssislərə olan sevgisi davam etdi. Ramiz Məmmədov yeganə azərbaycanlı mütəxəssisdi ki, bu klubu çalışdırmaq ona nəsib olub. Tarixi ərzində "Keşlə”ni ("İnter”i) daim ukraynalı və gürcüstanlı məşqçilər çalışdırıb.

Hazırda kluba rəhbərlik edən Zaur Axundov azərbaycanlı mütəxəssisdən imtina edib, klubu ukraynalı Yuri Maksimova tapşırdı. Onun bu qərarı təkbaşına vermədiyi, müəyyən dairələrin razılığını aldığı da şübhəsizdi. Axundov klubun himayədarlarını, bu işə pul ayıran şəxsləri inandıra bilib ki, Maksimov yaxşı mütəxəssisdi və "Keşlə”ni autsayder imicindən xilas edib, avrokuboklara apara biləcək.

Yuri Maksimovun uğursuzluğu Ramiz Məmmədovun yenidən baş məşqçi postuna yolunu açmaqla yanaşı, Zaur Axundovun imicini və xarizmasını zədələyəcək, ona olan etimadı sarsıdacaq. Bu mənada Yuri Maksimov həm də Axundovun xilaskarı rolunu oynamalıdı.

Bəs ukraynalı mütəxəssis bunu bacara biləcəkmi? Yuri Vilyeviç Maksimovun 49 yaşı var. Futbolçu kimi Ulraynanın "Dnepr” və "Dinamo” klublarında məşhurlaşıb. 1997-ci ildən 2003-cü ilə qədər Almaniyada "Verder” və "Valdhof”un şərəfini qoruyub. Karyerasını 2005-ci ildə "Metallurq”da bitirib.

Elə həmin ildən də məşqçiliyə başlayıb. Zaur Axundov müsahibələrində Maksimovu "müəyyən uğurlar qazanmış mütəxəssis” kimi xarakterizə etsə də, bu heç də belə deyil. Maksimov gözəçarpan nəticələri elitada yox, aşağı divizionlarda qazanıb. Onun rəhbərliyi altında "Obolon” 7 il bundan əvvəl Ukraynanın birinci divizionundan elitaya yüksəlib. "Mordoviya” isə 2013/14-cü il mövsümündə məhz onun rəhbərliyi altında Rusiya Milli Liqasının qalibi adını qazanıb. Əvəzində Qazaxıstanın "Taraz” klubu bir il bundan əvvəl məhz Maksimovla birlikdə elitanı tərk edib.

Böyük ümidlərlə "Taraz”a dəvət olunan, xilaskar gözü ilə baxılan Maksimov komandanı Super Liqada saxlaya bilməyib. Baxmayaraq ki, ona öz istədiyi futbolçuları, əsasən də ukraynalıları "Taraz”a gətirməyə imkan verilibmiş. Maksimov "Taraz”da işləyərkən ən böyük problemi elə öz həmyerliləri ilə yaşayıb. Aleksandr Əliyevlə münasibətlər o dərəcədə pisləşib ki, iki ukraynalı Taraz şəhərinin "Aulie-Ata” hava limanında hər kəsin gözü qarşısında əlbəyaxa olmaqdan da çəkinməyiblər.

Məsəli "Keşlə”dən uzaq olsun.

Sport7.az

Xəbər lenti