"Mançester Siti" "Real"ı təqlid etmək istəyir" - Quardiola

"Mançester Siti"nin baş məşqçisi Pep Quardiola "Real"la oyun ərəfəsində fikirlərini mətbuat nümayəndələri ilə bölüşüb.

Katalon mütəxəssis "Real"ın Çempionlar Liqasındakı təcrübəsinə xüsusi diqqət çəkib:

"Real"da çıxış edən futbolçular bir neçə dəfə Çempionlar Liqasının finalında oynayıblar. Onların neçə dəfə kuboku qaldırdığını artıq unutmuşam. Bizdə isə, deyəsən, təkcə Klaudio Bravo ÇL-də qalib olub. "Siti"nin heyətində Çempionlar Liqasında çempionluq yaşayan elə də çox oyunçu yoxdu. Amma biz turniri qazanmaq istəyimizi nümayiş etdirməliyik. 180 dəqiqə ərzində "Real"a qarşı öz oyunumuzu sərgiləməliyik. Bu, əsl sınaqdı.

"Real"ın formasını əyninə keçirən futbolçular klubun tarixini qorumalı olduqlarını bilirlər. "Real" - bizim təqlid etmək istədiyimiz klubdu. "Santyaqo Bernabeu"dakı oyundan sonra demək istəyirəm: "Biz oyunumuzu diqtə etdik". Belə turnirlərdə bu, ən önəmli şeydi.

Dünyanın ən böyük, ən gözəl stadionlardan birində qol vurmağa, qələbə qazanmağa çalışacağıq. Alınmasa, rəqibi təbrik edəcəyik və növbəti dəfə daha yaxşı olmaq üçün çalışacağıq.

Çempionlar Liqasını 13 dəfə qazanan və bu turnirin "kral"ı olan komandaya qarşı oynayacağımızı bilirik. Bununla belə, ən yaxşı futbolu ortaya qoymağa çalışacağıq".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR