Mavi eskadraya “ağ ölüm” – İtaliya futbolu böhrandan necə çıxacaq?

Mavi eskadraya “ağ ölüm” – İtaliya futbolu böhrandan necə çıxacaq?
Futbol da canlı orqanizm kimi dəyişir, inkişaf edir. İtaliya futbolu bir müddət öncəyə qədər öz səviyyəsi ilə diqqət çəkirdi. Son illər İtaliya futbolu yerindən heç tərpənməsə də, digər ölkələrin futbolu gücü inkişaf edib, italyanları ötüb keçir.
 
Hər şey dəyişir, hər sahədə innovasiyalar tətbiq edilir. Sürətlə yenilənən top yarışında da köhnəlmiş taktikalarla irəli getmək mümkün deyil. Bu gün tələsməsən, dünya futbolunda yerin olmayacaq. Aydın görünür ki, İtaliya futbolu da bəzi adətlər kimi köhnəlib, konservatizm, ətalət inkişafa mane olur. Doğru yola qayıtmaq üçün isə hələ gec deyil. "Azzuri” hər dəfə qarşısına çıxan fürsətləri istifadə edə bilməyəndə daha çox geriyə gedir.
 
Hazırda xarici çempionatlarda yetəri qədər italiyalı futbolçu oynamır. Misal üçün, Mario Balotelli "Nitsa”da xüsusi çəkisi olan bir futbolçu kimi özünü göstərmir, MarkoVerratinin PSJ-də işləri heç də yaxşı getmir. Onlardan başqa Matteo Darmian da İngilltərədə istədiyini edə bilmir. Bir müddət əvvəl Seria A təmsilçiləri Çempionlar Liqasında yalnız qalib olmaq üçün mübarizə aparırdı. İndi isə İngiltərə və İspaniya futbolu bayrağını ələ alıb, önə düşüb gedir. Obrazlı desək, İtaliya gözləri yaşlı halda onlara əl sallayır.

Düzdür, İtaliya futbolu adına son illər "Qoca Sinyora” dəridən-qabıqdan çıxır. Ancaq oda var ki, bir güllə bahar olmur. "Milan” və"İnter” kimi klubların illərdir Çempionlar Liqasından kənar düşməsi, "Roma” və "Napoli”nin Avropa arenasındakı uğursuz çıxışları istənilən halda "Yuve”nin uğurlarına kölgə salır.
İtaliya futbolunun həm klublar, həm də ümumiyyətlə, ölkə səviyyəsində islahatlara, dəyişikliklərə ehtiyacı var. Fikrimcə, A Seriyasında ən böyük problem rəhbər şəxslərin bu günlə yaşamasıdır. 2006-ci ildə İtaliya sonuncu dəfə dünya çempionu adını qazananda ölkə futbolunun rəhbərliyi heyətdəki aparıcı oyunçuların əksəriyyətinin yaşlı olduğunu nəzərə almalı idilər.Potensiallı gəncləri aşkarlayıb, meydana çıxarmaq tələb olunurdu. Lakin hər şey əksinə oldu, İtaliyanın "ulduz heyəti” getdi, Zakkardo , Bonera kimilər gəldi.
 
Rəhbərlik vaxtında bu günləri görə bilsəydi, "mavi eskadra” belə acınacaqlı vəziyyətə düşməyəcəkdi. Səlahiyyətlilər səhvlərdən dərs almamaq üçün inadkarlığa davam edirlər. 2018-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsindəki biabırçılıqdan sonra isə 2006-ci ildən bəri gecikən islahatlara dərhal başlamaq lazım idi. Ancaq italyanlar mülayim iqlimdə yaşadıqları üçün "Winter is coming” xəbərdarlığına məhəl qoymadılar və bir də gördülər ki, "Winter is here”. Bütün uğurların üzərini ağappaq qar örtüb.

Demokratiyada və müasir futbolda çarələr tükənməzdir. Sadəcə "naftalin” qoxusu verən adətləri kənara qoyub müasir futbolun qanunlarına riayət etmək lazımdır. Ancaq tamamilə ümidi kəsmək də düzgün deyil. İtaliya futbolunun üzərini alan qara buludlar çəkiləcək və günəşli günlər görəcəyik. Hələlik isə sadəcə "Forza İtaliya!” şüarını unutmamalıyıq.

Mustafa Kamal
 

Xəbər lenti