"Medianın vəziyyəti niyə belədir?" - SORĞU

Bir müddətdir Sport7.az saytında jurnalistlərin idman federasiyaları və futbol klublarının mətbuat xidmətləri barədə fikirlərinə yer veririk. 

Bu dəfə rolları dəyişdik. Bugünkü sorğumuzda bir neçə futbol klubumuzun mətbuat katibləri idman mətbuatının səviyyəsi, müsbət tərəfləri, çatışmazlıqları barədə fikirlərini səsləndiriblər. 

İlk sorğumuzda "Keşlə", "Neftçi" və "Zirə" klublarının mətbuat katiblərinin fikirlərini öyrəndik. 

Səbuhi Məmmədov ("Keşlə"): "Uzum müddətdir ki, idman mətbuatının istər rəhbərləri, istərsə də əməkdaşları ilə xoş və işgüzar münasibətlərim var. Əlbəttə, belə işgüzar münasibətlərin qurulmasını çox yüksək qiymətləndirirəm. Onların çox məsuliyyətli işlə məşğul olduqlarını anlayır və  "Keşlə" klubu ilə bağlı məlumatların operativ şəkildə şərh olunmasına və ya məlumatın çatdırılmasına çalışıram. Konkret narazılığım yoxdur və çalışdığım kluba dair bəzən həqiqəti əks erdirməyən məlumatlara klubdan verilən təkzibi işıqlandırırlar.

Rüstəm Allahverdiyev ("Neftçi"): "Hər kəs bilir ki, medianın bugünkü vəziyyəti elə də ürəkaçan deyil. Bu da maliyyə ilə bağlı məsələdi. Təəssüflər olsun ki, maddi vəziyyətin aşağı olması peşəkar jurnalistlərin digər işlərlə məşğul olmasına gətirib çıxarır. Reklam bazarı normal vəziyyətdə deyil, saytlar arasında rəqabət elə də ürəkaçan deyil, bu isə jurnalistlərin işləməsinə problem yaradır. Elə peşəkar jurnalistlər var ki, qələmindən çıxan yazını birnəfəsə oxuyub bitirirsən. Təəssüflər olsun ki, belə jurnalistlərin sayı azalmağa doğru gedir. Mən bu halı maddiyatla əlaqələndirirəm. Fikrimcə, jurnalist heç kimdən, heç nədən asılı olmalı deyil. Amma reklam bazarının yaxşı olmaması, saytların maddi dayaqlarının olmaması, jurnalistlərin işinə çox böyük təsir göstərir. 

İşə gəlincə isə... Bizim mediada yetərincə peşəkar jurnalistlər var. Yazıları da heç kəsin yazısından, təhlilindən geri qalmır. Narazı olduğumuz tərəflər də var, razı qaldığımız tərəflər də var. Həmkarları olaraq məni ən çox narahat edən məsələlərdən biri hər hansısa həqiqətə uyğun olmayan məlumatın birtərəfli yayımıdır. Kimsə demir ki, eşitdiyin xəbəri yazma. Yaxşı olardı ki, qarşı tərəfin də mövqeyi öyrənilsin. Artıq oxucu özü qərar versin ki, jurnalistin əldə etdiyi məlumat düzgündü, yoxsa rəsmi olaraq deyilən məlumat. 

Medianın hazırki vəziyyəti təbii ki, heç kəsin ürəyincə deyil. Bir jurnalist olaraq elə olur ki, bu duruma acıyıram. Ki, bizdə medianın vəziyyəti niyə belədir? Ancaq onları da başa düşmək olur. Maksimum anlamağa çalışırsan. Ancaq yenə də ümid edirik ki, düzələcək. İdman mətbuatında işləyən həmkarlarımız həddindən artıq dərəcədə istedadlıdırlar. Belə istedadların batmasını heç kəs istəməz". 

Elmar Abdullazadə ("Zirə"): "Mətbuatda çalışanlar dostlarımızdı. Təxminən 2 il əvvələ kimi mən də saytda çalışırdım, işin çətinliyini dərk edirəm. Demək olar ki, tez-tez ünsiyətdə oluruq. Zəng edən də olur, "votsap"da, "messenger"də, hətta "tvitter"də yazan da olur. Demək olar ki, hamısını cavablandırıram. Ola bilər kimləsə fikir ayrılığım olub, amma ciddi bir problem yaşanmayıb. Hər bir sahədə problemlər var. Amma sevindirici haldı ki, idman jurnalistləri arasında çox yaxşı yazarlar var. Onlar nəinki idman, istənilən sahədə fikirlərini çox yaxşı şəkildə izah edə bilirlər. Xəbərlərin yayılmasında da idman mətbuatı yaxşı işləyir. Əksər xəbərlər sonradan öz təsdiqini tapır. Bu da etibarlı mənbələrin etibarlılığını təsdiq edir".

Röya Kərimli
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR