"Məəttəl qaldım ki, niyə onlar da gəlməyiblər" - Ağasəlim Mircavadov

İslamiadanın futbol yarışlarında finala çıxan U-23 yığmamız qızıl medalları qazanmağa çox yaxındı.

Buna baxmayaraq komandanın çıxışı birmənalı qarşılanmır. Əksəriyyət İslamiadaya qatılan komandaların səviyyəsinin aşağı olduğuna görə yığmanın finala qədər getdiyini deyir, bir qism isə fəqli düşünür.

Bundan əlavə iyunun 10-da əsas yığmanın Şimali İrlandiyaya qarşı necə təsir bağışlayacağı da maraq doğurur. Məsələnin ictimaiyyəti narahat edən tərəfi isə yığmamıza yoldaşlıq görüşü üçün hələ ki, rəqib tapılmamasıdı. Bu olmayacağı təqdirdə Prosineçkili millinin böyük çətinliklə üzləşəcəyi qaçılmazdı. Bəs çıxış yolu nə ola bilər.

Bütün bu məsələlərlə bağlı təcrübəli mütəxəssis Ağasəlim Mircavadovla danışdıq. Ağasəlim bəy Sport7.az-a müsahibəsində bunları söylədi:

- U-23-ün çıxışı ilə bağlı nə deyə bilərsiz? Necə təsir bağışlayırlar?

- Mütəmadi izləyirik. Normal təsir bağışlayırlar. Əsas nəticədi, inşallah finalda da qələbə qazanarlar. Doğurdan da komanda "artırıb".

- Bu cür nəticəyə səbəb futbolçular özləridi, yoxsa rəqiblərimizin zəif olması?

- Biz bilmirik axı o biri komandalar kimlərlə gəlib. Amma zəif deyildilər. Məsələn, Kamerun, Əlcəzair çox xoşuma gəldi. Kamerunda elə futbolçular var ki, klub məşqçilərinə məsləhət görərdim. Sürətli oyunçulardı. Özü də gənc olduqları görünür. Biz də onu göstərdik ki, futbolçular tam məsuliyyətlə oynasalar uğur əldə edə bilərlər. 

- Çempionluq şansımızı necə dəyərləndirirsiz?

- Şansımız böyükdü. Dünən də oyuna baxdıq. Bizimkilər fiziki cəhətdən üstündülər. Bununla yanaşı külli miqdarda qol vəziyyəti yaratdılar. Əfsuslar olsun ki, onlardan istifadə edə bilmədilər. Finalda hər epizodun böyük önəmi olacaq. Düşünrəm ki, azarkeşlərimiz də gələcək Tofiq Bəhramov adına Respublika stadionuna. Qələbə qazana bilərik.

- Ümumiyyətlə, yarışın səviyyəsi haqda nə deyərdiz?

- Məəttəl qaldım ki, bu qədər islam ölkəsi var, niyə onlar da gəlməyiblər. Əlbəttə bu say azdı. Səhv etmirəmsə ilk dəfədi İslamiadanın futbol yarışlarında iştirak edirik. Küveyti, İranı görmədik. Gəlin açıq danışaq, İran futbolu güclüdü. Gəlsəydilər yarışlar daha səviyyəli, baxımlı olardı. Bu oyunlar İslam ölkələri arasında idmanın inkişafına, müsəlmanların birləşməsinə xidmət edir. 

- Bu yarış bizə nə verəcək?

- Çox şey verə bilər. Rahat oynaya bilmədik. Ağır keçdi oyunlar. Kamerunla heç-heçə, qrupda sonuncu oyunda 0:0 hesablı nəticəmiz və sair amilləri göstərə bilərəm. Hiss olunurdu ki, oyundan-oyuna "artırıb"lar. Onu da nəzərə alaq ki, heç bir təlim-məşq prosesi də keçirilməmişdi. Amma istənilən halda finala çıxmaq uğurdu.

- Ayın 10-da Şimali İrlandiya ilə oynayacağıq. Bu görüşdən nə gözləyirsiz? Onu da qeyd edək ki, hələ yoldaşlıq görüşü keçirmək üçün rəqib tapılmayıb. Bu komandanın oyununa necə təsir edə bilər?

- Çempionat başa çatıb. Mayın 5-də də Naxçıvanda kubok matçı keçirildi. Daha sonraoyun olmadı. Bu üzdən baş məşqçi Bakıda beşgünlük təlim-məşq prosesi keçirməyi qərara aldı. Daha sonra Avstriyaya gedəcəklər. Rəqiblərin tapılmamasına gəlincə, bizdə olan bilgiyə görə yoldaşlıq görüşü razılaşdırılmışdı. Sonradan rəqiblər imtina edib. Oyun olmayanda əlbəttə, futbolçulara təsir edir. Məşq etməklə oyun keçirmək eyni deyil. Həm psixoloji, həm praktika, həm də futbolçunun özünü hazırlaması cəhətindən vacibdi. Fikrimcə, Avstriyada komanda tapıb oynayarlar. Çünki mütləqdi. Ayın 10-da da uğurun davamını gözləyəcəyik.

- Bəs rəqib tapılmasa, çıxış yolu nə ola bilər?

- Müxtəlif amillər var. Futbolçuların əzmkarlığı, bütün güclərini ortaya qoymaları lazımdı. Oyun olmayanda futbolçu ağırlaşır, cəldlik itir, düşünmə sürəti azalır. Ona görə də ən azı ağır məqşlər həyata keçirilməlidi. Bu mənim fikrimdi, belə hallarla çox üzləşmişəm. Bu üzdən Avstriyanı seçiblər ki, həm rəqib tapa bilsinlər, həm də şərait yüksək səviyyəsidi.

Sport7.az

Xəbər lenti