Mehdi(yev) Əhmədova kömək edə bilməyəcək

Mehdi(yev) Əhmədova kömək edə bilməyəcək
Allah heç kimi "Keşlə”nin gününə salmasın. Zaur Axundov kimi rəhbəri olan klub uğursuzluqdan, "qara zolaq”dan heç cürə qurtula bilmir. Köhnə adı "İnter” olan, ötən il Azərbaycan kubokunu qazanan qəsəbə təmsilçisi turnir cədvəlinin zirzəmisindən yuxarılara boylanır. Bəli, yalnız boylanır. Ordan o tərəfə keçməsi çətin, hətta mümkünsüzdü.

Əcnəbi çalışdırıcıları əlcək kimi dəyişən Axundov indi çətin vəziyyətdədi. Böyük futbol da futzal deyil ki, bir təyyarəyə 3-4 braziliyalı əyləşdirəsən, onları Bakıya gətirib nəticə qazanasan. Sonra da sinəni irəli verib, "mən Azərbaycan idmanına xidmət edirəm, ona görə də 4-5 vəzifəni əlimdə cəmləşdirmişəm” deyəsən.

Zaur Axundov "Keşlə”yə rəhbərlik edəndən bəri qarşılanıb-yola salan əcnəbilərin sayını itirmişik. Hər "transfer pəncərəsi” açılanda bir vaqonu gəlir, bir vaqonu gedir. Bəzən elə olur ki, legionerlər yarım mövsüm ərzində heç ehtiyat oyunçular skamyasındakı yerindən qalxmır belə. 3-5 ay buralarda gəzir, pullarını alırlar, vəssalam. Kimlərsə də həmin pullardan öz payını götürür, faizini alır. Kimə lazımdı "Keşlə”nin maraqları, nüfuzu? Əsas olan AFFA-dan kluba ayrılan pulu son qəpiyinə kimi bölüşdürə bilsinlər. Ondan sonra da Axundov diktofonların önünə keçir, üzünə ciddi görkəm verir və özünün yaxşı futbol bilicisi, klub idarəçisi olduğundan bəhs edir.

Bu yaxınlarda "Keşlə”də daha bir kuryoz olay yaşanıb. Bunu eşidəndə gülməkdən özümü saxlaya bilmədim. Yəqin ki, siz də xeyli gülmüsüz. Xəbəri olmayanlar isə indi oxuyub güləcəklər. Amma əvvəlcə komandanın baş məşqçisi Tərlan Əhmədovun Antalyadakı toplanışdan sonra verdiyi müsahibədən bir abzası xatırlayaq: "Neftçi”də rəhmətlik Böyükağa Hacıyevin köməkçisi olduğum dövrdə Mehtiyev də komandamızda yer almışdı. Sadəcə olaraq, cinaha yerli futbolçu tapa bilmirdik. Son illər eniş dövrü yaşasa da, onun gücünə bələdik. Bizdən əvvəl Türkiyənin həvəskarlar liqasında oynayıb. "Keşlə"yə xeyrinin dəyə biləcəyini düşünürük. Hər şey bizdən çox onun özündən asılıdır. Nəyə qadir olduğunu bilirik. Biz onun bizə kömək etməyini istəyirik”. 

Görünən odu ki, Tərlan bəy Eminin onlara kömək edəcəyinə çox inanırmış, ona xilaskar, cinahdakı problemi həll edəcək futbolçu gözüylə baxırmış. Amma təsəvvür etmək belə çətindi ki, o boyda "Keşlə”də qaydalardan xəbərdar olan kimsə yox imiş. Onlar bilmirlərmiş ki, bir futbolçu eyni mövsüm ərzində üç klubun formasını geyə bilməz. Emin Mehdiyev isə mövsümə "Qaradağ Lökbatan”da başlayıb, ondan sonra Türkiyənin BAL Liqasına yollanıb. Elə bu səbəbdən də Peşəkar Futbol Liqası Eminin sifarişinə icazə verməyib. Yəni, peşəkarlıq bunu tələb edir.

"Keşlə”də isə peşəkarlıqdan xəbərsiz adamlar oturub. Bunu mən demirəm, görünən mənzərə, ortaya qoyduqları iş göstərir. Olsaydı, transferi mümkün olmayan futbolçunu Antalyaya aparıb, boş yerə xərcə düşməz, sonra da özlərini gülünc duruma salmazdılar.

Amal ABUŞOV
 

Xəbər lenti