Məkanın dəyişdirməyəcəyi sevgi

Məkanın dəyişdirməyəcəyi sevgi
Həyat belədi. Heç nəyi əziyyətsiz, zəhmətsiz qazanmaq olmur. Bəzən də nəyisə qazananda başqa bir şeydən imtina etməli, onu itirməli olursan. Elə "Qarabağ” kimi...

"Qəbələ” ilə oyundan sonra "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun Çempionlar Liqasının qrup mərhələsindəki ev oyunlarının Bakı Olimpiya Stadionunda keçirilməsiylə bağlı sualı belə cavablandırmışdı: "Olimpiya Stadionunda oynamağımıza gəlincə, bunu hərtərəfli müzakirə etməliyik. Məni düzgün başa düşün. İki ildi burda oynayırıq ("Azərsun Arena”nı nəzərdə tutur – red.), amma buraya belə Respublika stadionu qədər uyğunlaşa bilməmişik. Tofiq Bəhramov adına arenada bizə daha rahatdı”. 

Çalışdırıcının bu sözlərində böyük həqiqət var. Şübhə etmirəm ki, ev oyunlarını BOS-da keçirməyə qərar verərkən də Qurban bəy bu fikirdə qalıbmış. Amma yazının  girişində qeyd etdiyim kimi, bəzən nəyisə qazanarkən başqa bir şeydən imtina etməli olursan.

"Qarabağ”ın BOS-a köç etməklə nələri itirəcəyi məlumdu. Həm də bizim. Ünlü referimizin adını daşıyan Respublika stadionu təkcə komanda üçün yox, bizim üçün də - həm azarkeşlər, həm də jurnalistlər üçün - doğmadı. "Tofiq Bəhramov”da media sektorunun yeri əladı, meydanı yaxşı görmək olur. Daha BOS-dakı kimi beş mərtəbəli binanın altıncı mərtəbəsinə çıxmırsan. Stadionun darvazaları da metronun çıxışına çox yaxındı. Nə uzun-uzadı dolaylardan keçirsən, nə də həyatını riskə atıb körpülərin məhəccərlərinin üstündən aşmalısan. Oyun bitəndən sonra da metronun qarşısındakı meydandan avtobuslar və taksilər bir göz qırpımında on minləri evlərinə daşıyırlar. Stadionun qarşısında, yaxınlığdakı ticarət mərkəzinin altında, ətrafdakı binaların həyətlərində maşın saxlamaq üçün yer kifayət qədərdi. BOS-un tamaşaçı tutumu Respublika stadionundan iki dəfə çox olsa da, stadiona maşınla gələnlərin işi o qədər də asan deyil. Parkinq doldusa, geri qayıtmalı, başının çarəsinə baxmalısan.

Sadaladığım bu əksikliklərə, BOS-u "Tofiq Bəhramov” adına stadiona uduzduran səbəblərə rəğmən, "Qarabağ”ın və ümumilikdə ölkəmizin bu yerdəyişmədən qazancı da yetərincə olacaq. Ən birincisi təbii ki, stadionun tutumudu. Təxminən 70 min futbolsevərin tarixə canlı şahidlik etmək, illər sonra dost-tanışına "mən Çempionlar Liqasının qrup oyunlarında "Roma”nı, "Atletiko”nu, "Çelsi”ni canlı görmüş adamam” demək imkanı olacaq. Ümid edirəm ki, oyunlar zamanı stadion dolacaq və məhz bu sayda azarkeş tribunalarda yerini alacaq. İkinci bir məqam bilet satışının daha sivil qaydada həyata keçirilməsi imkanlarıdı. Sözsüz ki, "qara bazar”ın bütünlüklə yox olacağına inanmıram. Amma BOS-dakı oyuna online bilet satışının təşkili imkanları və satışa daha çox sayda biletin çıxacağı məsələnin müsbət tərəflərindəndi. Və ən əsası BOS böyük futbol bayramının keçirildiyi məkana çevriləcək, bütün dünyaya müasir standartlara uyğun arenamızın olduğunu göstərə biləcəyik. Çempionlar Liqasının finalına iddia edən, Avropa çempionatının təşkilatçılarından biri olan Azərbaycan üçün çox vacib məqamdı. BOS-da keçirilən açılış və bağlanış mərasimlərinin heç biri beynəlxalq aləmdə Çempionlar Liqasının qarşılaşmaları qədər maraq oyada bilməzdi. Deməli, ÇL-nin oyunlarının orda keçirilməsi əlavə reklam imkanı, BOS-un "toy təklifi gözləyən stadion” imicindən qurtulması şansıdır.

Artıq klub öz qərarını verib, UEFA da "Qarabağ”ın bu istəyini müsbət cavablandırıb. Bundan sonra BOS, yoxsa Respublika stadionu sualının ətrafında baş sındırmağa dəyməz. Bizim hamımızın borcu "Qarabağ”ın oyunlarına hazırlaşmaq, komandamızı sona qədər dəstəkləməkdi. Adını Çempionlar Liqasının qrup mərhələsinin 32 iştirakçısı sırasına yazdıran "köhlən atlara” təşəkkür borcumuzu məhz həmin 3 qarşılaşmada verməliyik. "Qarabağ”a olan sevgimizi məkan dəyişikliyi azaltmamalıdı.

Amal ABUŞOV


Xəbər lenti