Məktəbli, Yehova şahidi və bahalı tikə... - Kaka

Məktəbli, Yehova şahidi və bahalı tikə... - Kaka "Milan"da

Kaka Malpensa aeroportuna enəndə çox təəccübləndim. Eynək, saç düzümü... - əsl əlaçı, kitablarla dolu çanta və "şokolad batonu" idi. İlahi, biz tələbə transfer etmişik. Amma futbol oynamağı da bacarsa, yaxşı olar.

Kaka braziliyalı futbolçudan çox, Yehovanın şahidlərinə bənzəyirdi. Onun haqqında informasiya toplamağa başladım və hamı bir ağızdan eyni şeyləri deyirdi: "Yaxşı potensialı var. O, trekuartistadı, amma elə də sürətli deyil. İtaliya çempionatında problemlər yaşaya bilər, çünki burada müdafiəçilər məsafə vermirlər”. Bu informasiyanı verənlərin adlarını çəkib, onları axmaq vəziyyətinə qoymaq istəmirəm.

Mocci Turindən bir nöqtəyə vurmaqla bombardmana başladı: "Bu adda biri üçün İtaliya son olacaq”; "Bizə Kaka lazım deyil”; "Triada Kaka üçün pul xərcləməyəcək”. Mən də tərəddüd etməyə başladım. Bəlkə Luçano həqiqətən haqlı idi? Belə hal ilk dəfə yaşanmırdı.
 


Mən Kakanı heç videokasetlərdə də izləməmişdim. Həyəcanlanmaq üçün əsas var idi. Mətbuat konfransında onun xarakteri, oyun tərzi haqqında soruşurdular. Deyirdilər ki, onun keçmişi ilə bağlı hansısa tarixçəni danış, İtaliyada şanslarını dəyərləndir. Mən isə bu mövzuda sualları cavablandırmağa hazır deyildim. Bu, mənim verə biləcəyim "imtahan" deyildi. Yayınmağa çalışırdım və həmişə də cavabım belə olurdu: "İki ayağı var, butslarında şiplər var və o, futbol oynayır”. Sözün əsl mənasında biabırçılıq. 

"Yaxşı yarımmüdafiəçidi, trekuartista kimi oynayır. Kifayət qədər ləngdi, amma yaxşı formada olduğu görünür. Bir az Toninyu Serezuya bənzəyir”. Mən Serezu ilə oynamışam və düşünürdüm ki, Kaka ilə bağlı deyilənlərə görə, ən uyğun bənzətmə elə o olar. Amma heç kəs başa düşmürdü ki, mən nə danışdığımı özüm də bilmirəm. Belə hallar mətbuat konfranslarında çox baş verir: yalan danışırsan, amma hamı onu normal formada qəbul edir. Hətta səninlə bir yerdə işləyənlər də...

Nəhayət ki, həmin gün yetişdi və Kaka məşqə gəldi. Ona vermək istədiyim ilk sual - "Bu gün məktəbə getmədiyini valideynlərin bilir?” olardı. Milanellonun gözətçiləri şəxsiyyətini təsdiqləmək üçün ondan vəsiqə də tələb edə bilərdilər.      

Topla əsl vəhşi idi. Sakit dayanmışdım, deməyə söz tapmırdım. Gördüklərimi sözlə ifadə etmək mümkünsüz idi. Yehova şahidi, doğrudan da, Allahla danışırdı, hansı ki, biz onu sonradan anlayacağdıq. Bu söhbətlərdən biri, bildiyim qədəri ilə, futbol haqqında idi. Nəsə fövqəladə bir şey, ondan başqa heç nə.

Qattuzo Kakanı qarşılamağa getdi. Rino onunla kobudcasına çiyin-çiyinə gəldi, amma bu, Kakanın topu itirməsi üçün kifayət deyildi. Qattuzo bunu çox sakit qəbul etdi və ilk görüşləri "Get, cəhənnəm ol” deməklə keçdi. Ola bilsin ki, Kaka bunu anlamadı, amma Qattuzo onu bu formada - sevinclə salamladı və yüksək qiymətləndirdi.
 


Braziliyalı topu özündə saxlayıb, 30 m.-lik ötürmə etdi və Nestanı da axmaq vəziyyətinə saldı. Dayanın, bu, mümkün deyil. Mənə pult lazım idi ki, olanları geri qaytarım və nə baş verdiyini anlayım. Əzizim Mocci, Kaka mənim çox xoşuma gəlir - hətta həddindən artıq. O, eynəyini çıxarıb, köynəyinin qollarını çırmalayıb, siz gözləmədiyiniz birinə - super futbolçuya çevrildi. 

Hər məşqdən sonra Qalliani ilə telefonla danışırdıq. Mən baş verənlərdən bəhs edirdim, o isə öz təəssüratlarını bölüşürdü. Bu dəfə mən ona zəng etdim:

- Sinyor Qalliani, sizə xəbərim var.
- Yaxşı, yoxsa pis?.
- Yaxşı, hətta çox yaxşı.
- Karletto, istefa verirsən?
- Yox, qalıram. Biz fenomenal birini transfer etmişik.

Zidan səviyyəsində deyildi, amma ona çox da uzaq sayılmazdı. Çalışdırdığım ikinci ən güclü futbolçu, həm də çox ağıllı...
 


O, hər şeyi yaxşı başa düşür, hamıdan iki dəfə daha tez düşünür, topu qəbul edəndə artıq hücumun necə sonlanacağını bilirdi. Hər növbəti məşq birinci kimi olurdu. Üçüncü, dördüncü, beşinci... - sonsuz tamaşa.

Kaka təkcə məni yox, komanda yoldaşlarını da təəccübləndirirdi. Hamı şokda idi. Axı onlar çox güclü futbolçular görmüşdülər. Təsir altına hətta Van Bastenlə birlikdə oynayan Maldini də düşmüşdü. Utrextdən olan qu quşu və San-Paolodan olan vaiz. Kaka həmin dəqiqə Qattuzo ilə dostlaşdı və çox yaxın oldular. Qəribə və inanılmaz cütlük. Qattuzonun necə heyrətamiz biri olduğunu ifadə etmək üçün mərcə görə ilbiz yediyini demək, məncə, kifayət edər. 

Ssenari illər boyu dəyişmədi. Kaka Rinoya yaxınlaşdıqca, o da ona tərəf gedirdi. Tapanca yox idi, amma onlar kobudluqla silahlanırdılar. Kaka əvvəllər "Salam, kobud cənublu” deyə xitab edərdi. Rino isə onun üzərinə tullanıb, qapazla cavabını verərdi. Bəlkə də, Kakaya min dəfə qapaz dəymişdi. Yəqin ki, normal insanlar buna dözməzdilər. O, özünü elə aparırdı ki, başqaları kənar bir şey barəsində düşünə bilmirdilər.

Pato da məni təccübləndirmişdi, amma Kaka qədər yox. Mən onu məşqlərdə izləməklə, zamanla qiymətləndirdim. Kakada isə bu, başqa cür baş verdi. Aydın səmada gurultu, şimşək zərbəsi... - Pato sürəti ilə valeh edirdi. Sanki meydana 100 m. məsafəyə qaçan atlet çıxıb. Kaka isə hər mənada önə çıxırdı. Tanrım, bizim üçün necə bir futbolçu göndərmişdin... Kakanın qiyməti cəmi səkkiz miyon dollar idi, amma o, "Milan"ı bütünlüklə dəyişdi. 

Kifayət qədər ləng komandamız var idi. Ruy Koşta və Rivaldu sanki topla gəzirdilər, amma indi spidometr həddi aşırdı. Biz sürət limitini keçmişdik. Kaka inanılmaz idi.

İnanılmaz formada "Deportivo"ya məğlub olub, Çempionlar Liqasından kənarda qaldıq, amma çempionatda bizə çatan yox idi. Yüngülvari gəzinti. Heç tanımadığım futbolçunun hesabına İtaliya çempionu olduq. Yeri gəlmişkən, o, məni heç bağışlamadı da: "Mister, dəli olmusunuz? Məni Serezu ilə müqayisə edirdiniz...” Onlar arasında heç bir oxşarlıq yox idi, amma həmin mətbuat konfransında mən bu haqda heç nə bilə bilməzdim. 
 


Dünyanın güclü klubları həmişə Kakanı almaq istəyirdilər və bu, təccüblü deyildi, çünki onlarda beləsi yox idi. Onu şeyxlər istəyirdi. Onu "Real" istəyirdi. Onu "Çelsi" də istəyirdi. Dadlı və çox bahalı tikə...

Kaka "Milan"a gəldi və bizi çempion etdi. Qalliani bayram edirdi, amma bu dəfə trofeylə yatmadı. O, həmişə Mançesterdə qazanılan kuboka sadiq qaldı. Çünki Çempionlar Liqası – qazanılması mümkün olanların ən vacibidi. Mübahisəni ancaq həmişə onu qazanmayanlar edirlər. 

Karlo Ançelotti - "Əziz Karletto” kitabı


Sport7.az

OXŞAR XƏBƏRLƏR