“Mələk” taxtdan niyə salındı?

“Mələk” taxtdan niyə salındı?
Mikayıl iudaistik, xristian və müsəlman ənənələrinə görə Allaha ən yaxın olan mələklərdən biri. Bibliyada Mikayıl şeytan ilə vuruşan göy ordusunun başçısı kimi təmsil edilir. Xristianlıqda o, arxmələklərdən biri olan buludlarda rəhmətə getmiş Məryəmi də aparır. Quranda Mikayıl həmçinin Cəbrayıl ilə bərabər qeyd edilir. İslama görə Allahın dörd böyük mələyi var: Cəbrayıl, Mikayıl, Əzrayıl, İsrafil. Mikayıl insanların haqq yoldan azdıqlarından məyus olduğu üçün həmişə qəmli görünür. Dini kitablarda o ucaboy, boz əbalı mələk kimi təsvir olunur. Mikayıl Allahın verdiyi ruziləri insanlara paylayır.

Hə, bu abzasda söhbət Allahın mələklərindən birindən, yəni Mikayıldan gedir. Qeyd edilən xüsusiyyətlərinin hansınınsa Mikayıl Nərimanoğlunun personasında cəmləşdiyini demək çətindir. Biz onu AFFA-nın sözçüsü kimi tanımışıq. Futbol qurumunun mətbuatla əlaqələrinə cavabdehlik daşıyıb. Haqq yolundan azanlara görə məyus olmuş birisi deyil. Maşallah olsun, həmişə pozitiv, gülərüzlü görüntüsüylə diqqət çəkib.

Son illərdə onu səlahiyyətləri daha da genişlənmişdi. "Kəpəz”in Müşahidə Şurasının çoxsaylı üzvlərindən biri olsa da, Gəncə klubuna nəzarət onun əlindəydi. Elmir Vəliyevdən daha çox təbliğ olunur, özünü "Kəpəz”in prezidenti kimi aparırdı. İnsafən, pis də bacarmırdı. Bütün tədbirlərdə ön planda idi. AFFA "CBC Sport”u yaradandan sonra oranı da nəzarətdə saxladığı deyilirdi. Belə bir xəbər gəzirdi ki, orda işə cəlb olunan əməkdaşların "dobrosu”nu Mikayıl bəy verir. Yalnız onun razılığından və xeyir-duasından sonra telekanalda işə başlamaq mümkün olurmuş. Hətta verilişlərə çağırılan qonaqlarla bağlı da ilk vaxtlar məsləhətlər verirmiş, özünü səlahiyyət sahibi kimi aparırmış.

İndi onu "tərki-silah” ediblər. Oturduğu iki kürsünü birdən əldən verib, taxtdan salınıb. "Əməkdar jurnalist" adını daşıyan, Elxan Məmmədovun etibarını qazanmış bir kadrın qəfildən "vurulması” təsadüf deyil. Bu proseslərin "Kəpəz”dəki uşaq futboluyla, məşqçilərin təhsili ilə heç bir əlaqəsi yoxdu. Amma işin kökü sözsüz ki, Gəncədə, "Kəpəz”də baş verənlərdi. Hər şey bir günün içində baş versə də, proseslər hələ xeyli əvvəldən start götürübmüş.

Mikayıl Nərimanoğlunun Gəncədəki kadrlarla yola getməməsi yeni xəbər deyil. Çoxdan eşidirdik ki, şəhər icra başçısı Elmar Vəliyev Mikayıl bəyin onun oğlundan ön plana çıxmasından, özünü "Kəpəz”in sahibi kimi aparmasından qəzəblənib. Ona başa salmağa salınıb ki, Gəncədə ondan başqa heç kim özünü ağa kimi apara bilməz. Gəncədə yaşayan dostlarımız nəql edir ki, Nərimanoğlu qısa müddətdə varlanıb, şəhərdə torpaq alıb, özünə mülk inşa etdirib. Bundan başqa onun Gəncədəki yeni tikilən binalarda mənzil sahibi olduğu haqda da informasiyalar var. Mikayıl bəyin qəfildən oliqarxa çevrilməsi isə xüsusi marağa səbəb olub. Onun transferlərdən, kluba ayrılan pullardan özü üçün "qatlaması” barədə dosyelər toplanıb. 2015-ci ildə "Kəpəz”ə cəlb olunan və qəfildən klubdan kənarlaşdırılan Rəşad Eyyubovun "Qəbələ”də peyda olması isə daha böyük söz-söhbətlərə səbəb olub. Deyilənə görə, hazırda "Sumqayıt”da çıxış edən Rəşadın "Kəpəz”dən "yararsız" adıyla uzaqlaşdırılması, sonra da "Qəbələ”də oynaması qabaqcadan hazırlanmış planın tərkib hissəsi olub.

Gəncəli Cabir İbrahimovun icraçı direktor postundan uzaqlaşdırılması ilə Mikayıl Nərimanoğlu öz sonunu sürətlənirdiyinin fərqinə varmayıb. Asanlıqla təslim olmaq istəməyən gənc kadr saytımıza müsahibəsində dərinə getmək istəməsə də, AFFA-ya gəldiyini və Elxan Məmmədovla görüşdüyünü etiraf etdi. Bəli, başverənlər hamısı İbrahimovun inadkarlığının və apardığı mübarizənin nəticəsidi. Cabir bəy əlindəki faktları ortaya qoymaqla Mikayıl Nərimanoğlu üzərində böyük üstünlüklə qələbə qazandı. Nəticədə baş katibin dəyərli kadrı təkcə "Kəpəz”dəki işini (konvertini) yox, həm də AFFA-dakı yüksək səlahiyyətini və vəzifəsinə itirməli oldu. Baş katibin başqa yolu yox idi. Məmmədov öz kadrı üçün sinəsini sipər etsəydi, fəsadlar daha ağır ola bilər, məsələnin bir ucu istintaq orqanlarına, hüquqi araşdırmalara qədər gedib çıxa bilərdi.

Nərimanoğlunu taxtdan salınıb. "Əzabkeş mələk” indi çox məyusdur. Amma insanların haqq yolundan azdığına görə yox, özünün taxtdan salındığına görə.

Amal ABUŞOV

Xəbər lenti