"Mən gələndən maliyyə problemi yoxdur" - "Neftçi"nin vitse-prezidenti

"Neftçi"nin vitse-prezidenti Elnur Eyvazov jurnalistlərin suallarını cavablayıb.
 
Sport7.az həmin müsahibəni təqdim edir:
 
- Türkiyədə müalicə alan qapıçınız Səlahət Ağayevi ziyarət üçün "Acıbadem" klinikasına getmişdiniz. Oyunçunun son durumu necədir və bu səfər hansı zərurətdən irəli gəldi?
 
- Dünən gecə qayıtdım. Bildiyiniz kimi, Səlahət "Acıbadem"dədir. Ora Avropada sırf idman sahəsində püxtələşmiş, ilk yerləri tutan klinikalardan biridir. "Acıbadem"ə səfərim çoxdan gözlənilirdi. Onlarla texniki sponsor olaraq sazişimiz var. Srağagün Səlahətlə görüşdüm. Onun həkimi Berkin Toker Türkiyə yığmasında çalışır. Düzdür, özü ilə görüşə bilmədim. Lakin müalicəsi üzrə bir həkimi var, onunla bir araya gəldim. Açığı, nəticələr gözlədiyimizdən də yaxşı oldu. Bizə ümid verdilər ki, Ağayev oktyabrın sonu, noyabrın əvvələrində oyunlara çıxa bilər. Hələlik problem olmayıb. Hazırda trinajorda məşq edir, dünən qaçışa çıxmalı idi. Ona problemindən irəli gələn məşqləri verməli idilər. İnanıram ki, tez bir zamanda qayıdar. Özünüz də görürsünüz, qapıçı çatışmır. Yəqin ki, bununla bağlı baş məşqçi öz fikrini bildirəcək.
 
- Artıq bir ilə yaxındır "Neftçi"də çalışırsınız. Klubun durumunu necə dəyərləndirirsiniz?
 
- Biz gələndən çox adam deyir ki, "Neftçi" "qara zolağ"a düşüb. Nədənsə, bu zolaq çox enli və ya dərin olub. Hələ ki, ordayıq, çıxa bilmirik. Amma ümid işığı var ki, bir ildə çəkdiyimiz əziyyət öz bəhrəsini verəcək. Artıq vəziyyətimiz düzəlir. Son bir neçə matç göstərdi ki, oyunumuz alınmağa başlayıb. Bir qələbə vəziyyətin düzəlməsi demək deyil. Öncəki qarşılaşmalarda buraxdığımız qollardan sonra sərgilədiyimiz futbol nəyəsə ümid etməyə əsas verir. Baş məşqçi postuna Tərlan Əhmədov gəlib, ümidimiz onadır. Peşəkar mütəxəssisdir. Daha əvvəl "Neftçi"də işləyib. Eyni zamanda vəziyyəti yaxşı olmayan AZAL-da çalışıb və nəyəsə nail ola bilib. İnanırıq ki, çox şey edəcək. Biz də rəhbərlik olaraq dəstəyimizi əsirgəmirik. Hər zaman onun yanındayıq. Nə lazımdırsa, edəcəyik.
 
- Son matçlarda komandanızın oyununda irəliləyiş hiss olunurdu. Belə bir vaxtda milli komandaların oyunları ilə əlaqədar ölkə çempionatda yaranmış fasilə komandaya müsbət təsir edəcək, yoxsa mənfi?
 
- Təsirin müsbət olacağını düşünürəm. Tərlan məllim komanda ilə çox sayda məşqlər keçir. Elə günlər olur ki, iki məşqə çıxırlar. Bu da komanda ilə daha yaxından tanış olmaq üçün yetərlidir. Heyətə düşə bilməyən futbolçular bugünkü oyunda özlərini təsdiqləmək istəyirdilər. Hazırda bizim fiziki hazırlıq üzrə məşqçimiz yoxdur. Tərlan müəllim bu sahədə də komandaya köməklik edir. Fiziki məşqçi gözləyirik. Yəqin ki, gələn ay komandaya qoşulacaq. Fasilədə komandanı yığa bilərik. Yəni, müsbət yöndə köməyi dəyəcək.
 
- Klubda baş verən struktur dəyişikliyi, prezident və vitse-prezident postlarının təsis olunması öz müsbət təsirini göstərib?
 
- Bilirsiniz, Müşahidə Şurası mətbuat və azarkeşlər tərəfindən müzakirə predmeti idi. Deyirdilər ki, kluba futbolu bilməyənlər rəhbərlik edir. Əslində, "Neftçi" bir xalq komandası olduğu üçün Müşahidə Şurasının üzvləri də xalqdan seçilmiş intelligent, müəyyən təbəqənin üzvləridir. Onlar xalq komandasının yanında idilər. Sadəcə, elə fikir formalaşmışdı ki, məsələn, şuranın sədri Çingiz Abdullayev icra orqanıdır. Əslində isə elə deyil. Prezidentlik sistemini qaytarmaqla göstərmək istədik ki, məsuliyyət bizdədir. Müşahidə Şurası bizdən hesabat alır. İldə bir neçə dəfə toplaşıb, onlara hesabat veririk. Durum nədir, planlar hansıdır və s.
 
- Belə çıxır ki, klubun Müşahidə Şurası sisteminə keçirilməsi səhv qərar olub...
 
- Deməzdim ki, səhv qərardır. Fərqli sahələrdə Müşahidə Şurasının fuksiyası tam başqadır. Məsələn, bank sistemində qərarverici, strategiyanı quran orqandır. Rusiyada və Türkiyədə futbol klublarında yer alan Müşahidə Şurasının üzvləri konkret, komandaya kömək göstərmək üçün fəaliyyət göstərirlər. Məsələn, üzvlərdən biri tikiş fabrikinin rəhbəri olur. Həmin şəxs komandaya bu yöndə dəstək olur. Rusiyada klublardan birinin Müşahidə Şurasında vilayət qubernatorunun müavini yer alıb. O, kluba bu istiqamətdə kömək edir. Başqa bir misal, logistinkanı göstərə bilərəm. Kluba nəqliyyatla bağlı kömək edə bilər. Əslində, Müşahidə Şurası pis sistem deyil. Deməzdim ki, səhv idi, özünü doğrultmadı. Sadəcə, bu qurum komandaya dəstək, xalqla klubu birləşdirən körpü rolu oynayır.
 
- İndi körpü rolu oynayır, yoxsa əvvəl də bu cür idi?
 
- Bizdən qabaq necə olduğunu deyə bilmərəm.
 
- "Neftçi"də maliyyə problemi var?
 
- Xeyr. Şükür Allaha, mən gələndən "Neftçi"nin maliyyə durumunda problem yoxdur. Stabil büdcəsi var. Futbolçular və digər işçilər maaşlarını vaxtında alırlar. Bəli, biz gələndə böyük borclar var idi. Məcbur olub kredit götürdük və həmin borcların əksəriyyətini bağladıq. Hardasa 20-30 faiz xarici futbolçulara borclar qalmışdı. Əksəriyyətinin də işi UEFA-da idi. Yəni, bu məsələləri həll etmək məcburiyyətində idik. Saşa Stamenkoviç, Emil Mpenza, Nikolas Kanales kimi futbolçulara borclar vardı. Böyük vəsaitlər idi. Hazırda büdcəmizin müəyyən hissəsini kreditin ödənilməsinə yönəltmişik. Bildiyiniz kimi, ilk vəzifəm icraçı direktorun maliyyə üzrə müavini idi. Vəzifəm ondan ibarət idi ki, bütün xərclərimizi maksimum optimallaşdıraq və A komandasına yönəldək. Hər bir quruma hesabat verməyə tam hazırıq. Çünki şəffaf sistemimiz var. Klubda nəğd pul ödənişləri yoxdur. Hamısı köçürmə üsulu ilədir. Görürəm, yazırlar, hansısa söz-söhbətlər gəzir. Bizdə paket maaş almaq gülməli söhətdir. Maaşlar şəffaf formada kartlara köçürülür. Bu cür yazılara əhəmiyyət verməmək lazımdır.
 
- "Neftçi" maddi durumuna görə Premyer Liqa klubları arasında neçənci yerdədir?
 
- Biz digər klubların rəsmi hesabatlarını bilmirik. Yəqin ki, 3 və ya 4-cü olarıq. Amma 3-cü yerdə olduğumuzu tam əminliklə deyə bilmərəm. (report)
 
Sport7.az

Xəbər lenti