"Mən "Neftçi" azarkeşiyəm" - Yazıçı Qan Turalı

Azərbaycanın tanınmış yazıçısı Qan Turalı Sport7.az saytına müsabihəsində futbola olan marağından, futbolla bağlı xatirələrindən bəhs edib. 

- Futbol Qan Turalı üçün nə deməkdi? 
- 90-cı illərin ortalarında AzTV-də "Futbol da bir dünyadı" adlı veriliş vardı. Mənə elə gəlir ki, həyatımın bir dövründə futbol mənimçün elə dünyanın özü idi. Hətta hər şeyi idi. 1984-cü ildə anadan olmuşam. 80-ci illərin sonlarının futbolunu yuxu kimi xatırlayıram. "Neftçi"nin oyunları, 88-ci il Avropa çempionatı, 92-ci ilin qitə çempionatı yuxu kimi yadımdadı. Məsələn, Marko van Bastenin məşhur qolu vardı. O qolu ilk dəfə nə zaman gördüyümü xatırlamıram. Uşaqlıq xatirələrindən çıxıb, biraz ağlım kəsən vaxtları yada saldıqda isə, ilk izlədiyim, çox yaxşı xatırladığım 96-cı ildə İngiltərədə keçirilən Avropa çempionatıdı. Elə o vaxtdan nədənsə Almaniya yığmasına azarkeşlik etməyə başladım və almanlar da həmin yarışın çempionu oldular. Çox kritik bir oyun idi. İlk dəfə Avropa çempionatında "qızıl qol" qaydası tətbiq olunmuşdu. Ehtiyatdan oyuna daxil olan Oliver Birhoff iki qol vurdu və Almaniya Avropa çempionu oldu. Sonrakı çempionatlar artıq daha yaxşı yadıma gəlir. 98-ci il dünya çempionatı dəqiq yadımdadı. Avro-1996-dan sonra mənimçün ən maraqlı futbol anlarından biri elə 1996-ci ilin avqust ayının 31-də Bakıda keçirilən Azərbaycan - İsveçrə qarşılaşmasıdı. Oyunun ilk hissəsinin ortalarında - səhv eləmirəmsə, 29-cu dəqiqədə biz qol vurduq və ondan sonra oyun tamamilə rəqibin nəzarətinə keçdi. Hələ 12 yaşımın olmasına baxmayaraq millimizin qələbəsi üçün çox həyəcan keçirdim, sözün əsl mənasında "ölüb-dirildim". Həmin matçın şərhçisi Fikrət Adıgözəlli oyunun gedişatında bir söz dedi, "görəsən bu iztirabların sonu olacaqmı?" Doğrudan da qolumuzdan sonra oyunun axırına qədər olanı hissəni elə "iztirab" sözü ilə ifadə eləmək olar. Hətta, rəqib bir penalti imkanından da istifadə edə bilmədi.

Bir tərəfdən də o dövrü - 90-cı ilin ortalarını xatırlayanda sözün həqiqi mənasında ölkə indiki kimi deyildi. Müharibə təzə bitmişdi, ölkədə kasıblıq vardı, əyləncə demək olar yox idi, televiziyada bir kanal göstərirdi, digər mədəni vasitələr - film və s. çətin tapılırdı. Rusca filmlər yayımlayırdılar. Uşaq idim, heç nə anlamadan onlara baxırdım və həftənin bir günü yayımlanan dublyaj olunmuş filmi gözləyərdik ki, ona baxaq. Elə bir dövrdə, əyalət şəhərində futbol təkcə mənim yox, mən yaşda olanların, daha yaşlı insanların, hətta uşaqların da həyatında çox mühüm yer tuturdu. DÇ və AÇ-də oyunlar indiki kimi gecə saatlarında olurdu. Səhər uşaqlar yığışıb oyunları müzakirə edəndə biri deyir ki, ağlarla qaralar oynayırdı. Biz də bilirdik ki, onların TV-ləri rəngsizdi, ona görə komandaların əsl formasının rəngini görə bilməyib. Uşaqlıq illəri yadıma düşəndə həmişə o anları xatırlayıram.
 


- Futbolla bağlı xatirələriniz deyəsən çoxdu...
- Bayaq da qeyd etdiyim kimi, 96-cı ildən Almaniya azarkeşiyəm. 98-ci ilin mundialında 1/4 finalda biabırçı şəkildə xorvatlara 0:3 hesabıyla məğlub oldu və DÇ-dan kənar qaldı. Sonrakı illərdə də sönük oynadılar. 2002-ci il dünya çempionatında finalda məğlub oldular. Ondan sonra 2014-cü ilə qədər Almaniyanın qələbələrinə həsrət qalmışdım. Həmin il Almaniya - Braziliya oyunu mənimçün xüsusi maraqlı idi. Mən həmin vaxtlarda dostlarla birgə Cəlilabada getmişdim. Axşam restoranda şam elədik, sonra oyuna baxmaq üçün qaldığımız otelə getdik. Otaqdakı TV kabel idi və oyuna TRT-dən baxacaqdıq. Amma görüşün başlamasına 10-15 dəqiqə qalmış yayım kəsildi. Dostlarımızdan birinin maşını vardı və futbolu ən az bizim qədər sevirdi. Hamamdan da təzəcə çıxmışdı, gördü yayım kəsilib tələsik paltarlarını geyindi və açıq kafe axtarmarmaq üçün düşdük rayonun canına. Saat da hardasa 12 olardı. O vaxtda da açıq kafe tapmaq çətin məsələdi. Şansımızdan bir açıq kafe tapdıq. Gördük ki, bir xeyli insan yığışıb oyuna baxır. Çoxu da yaşlı adamlardı. Çox balaca, rayon yerlərində ağac altında olan ucuz çayxanalardan biri idi. Biz də oturub oyuna baxdıq. Hiss elədim ki, ətrafda hamı Braziliyaya tərəfkeşlik edir. O oyun da dünya çempionatı tarixinin ən yaddaqalan oyunlarından biri idi. Hətta mənim üçün birincisi idi. Almaniya Braziliya üzərində böyük hesablı da deməyək, darmadağın edərək - 7:1 hesabı ilə qələbə qazandı. Həmin çempionat Braziliyada keçirildi və şəkksiz ki, həmin yenilgi Braziliya tarixinin ən biabırçı məğlubiyyəti oldu. O vaxtlarda şəxsi həyatımda da çoxlu problemlər vardı, çox gərgin həftələr, aylar idi. O qələbənin sevincini mən indiyədək xatırlayıram. Almaniya həmin mundialın qalibi oldu, Argentina üzərində qələbə qazandı. Amma heç final oyununda o qədər sevinmədim. Eynilə 90-cı ildəki finalın sanki təkrarıydı. Həmin çempionatda da Almaniya Argentina üzərində 1:0 hesablı qələbə qazanmışdı. Yəni, futbol mənim həyatımda həddən artıq böyük anlam daşıyır.

- Bəs klublar arasında azarkeşi olduğunuz komanda hansıdı?
- 96-cı ildən Almaniya yığması və həmin ölkənin "Bavariya" klubuna azarkeşlik edirəm. Düzdü, bu kluba "Bayern Münxen" deyirlər, amma mən həmişə "Bavariya" deyirəm. Bilirəm ki, səhvdi, Bavariya həmin əyalətin adıdı. Ancaq bizə ruslardan o cür keçib, elə də qalıb. Ona görə də həmişə "Bavariya" deyirəm. İnsafən Almaniya millisinin oyunlarına adətən çempionatlarda, "Bavariya"nın oyunlarına isə çox-çox nadir hallarda baxıram. Bəzən turnir cədvəlinə nəzər salıram, Çempionlar Liqasındakı matçlarına baxıram. İllər keçdikdən sonra, xüsusilə 2000-ci illərdən bu yana qəribə şəkildə mənim futbola olan sevgim azaldı deməzdim , sadəcə çox az oyuna baxıram. Liseydə oxuyanda bizim uşaqlar hamısı yataqxanada qalırdılar, mən isə evdə qalırdım. Evdə futbola baxıb gəlib uşaqlara danışırdım. Yataqxana televizor yox idi, qadağan edilmişdi. NİDA-çı Rəşadət Axundov mənim sinif yoldaşım olub. Onlara "Bavariya"nın,"Real"ın oyunlarından danışardım.

Türkiyə çempionatına da marağım var idi. Fərqli bir komandaya - "Trabzonspor"a azarkeşlik etmişəm. Amma heç vaxt onun çempionluğunu görməmişəm.
Keçən il Trabzona getmişdim. Bir neçə saat hava limanında qaldım. Orada hansı komandaya azarkeşlik etdiyimdən söhbət düşdü. "Trabzonspor" deyəndə hava limanında biri mənə külqabı gətirdi ki, siqaretini burda çək, biri pivə gətirdi ki, abi, iç... (gülür). Orada gördüm ki, bu komanda Trabzon şəhəriy üçün çox böyük məna kəsb edir. Hətta deyirlər ki, Allahdan və dindən sonra "Trabzonspor" gəlir. Hami Mandıralı bu klubun çox məşhur futbolçusu olub. Türkiyədə bir neçə dəfə "qol kralı" seçilib. Karyerası ərzində uzun illər "Trabzonspor"da oynayıb və komandanın kapitan olub. Onun bir müsahibəsinə baxdım, deyir ki, "O dövrdə İstanbul nəhənglərindən biri çox yüksək transfer qiyməti təklif edir və getmək qərarına gəldim. Həmin klubun məşq bazasına gedərkən, yolda bir yaşlı qadın qarşımı kəsdi. Əlindəki bir qazan dolmanı verib dedi ki, Hami, oyununu bəyəndim, sənə dolma hazırlayıb gətirmişəm. Çox kövrəldim və başa düşdüm ki, başqa heç bir komandada oynaya bilmərəm. Qayıdıb menecerimə dedim ki, heç bir komandaya getmirəm, elə Trabzonda qalıram". Elə komandalar kiçik olsalar belə azarkeşlərin böyük sevgisini qazanıblar.

- Azərbaycan futbolu və onun problemləri ilə bağlı nə düşünürsünüz? 
Azərbaycan millisi ürəkaçan çıxışlar etmir. "Qarabağ"ın uğurları istisna olmaqla klublarımız Avropada yaxşı nəticələr göstərə bilmirlər. Ölkədə futbol təsərrüfatı ilə bağlı çoxsaylı problemlər var. Təbii ki, hamısı məlum məsələlərdi. Lakin bir şey var ki, onu heç bir pulla, madiyyatla almaq mümkün deyil - bu da xalqımızın futbol sevgisidi. Azərbaycan xalqı sözün əsl mənasında futbolu çox sevir.
Azərbaycan futbola lisey vaxtlarımda daha çox azarkeşlik edirdim. Özü də mən "Qarabağ" deyil, "Neftçi" azarkeşiyəm. (gülür)... Bu komandalar oynayanda təbii olaraq, "ağ-qaralar"a azarkeşlik edirəm. 

Bir şeyi də qeyd edim ki, arada Türkiyə çempionatının oyunlarına baxıram, həddsiz dərəcədə baxımsızdı. Mən daha çox Avropa və dünya çempionatlarına baxıram deyə, elə bir gözümdə yüksək standartı saxlamışam və aşağı çempionat olanda baxa bilmirəm. Məsələn, türklərin məşhur bir futbol adamı var - Yılmaz Vural. O, müsahibəsində demişdi ki, "İngiltərə Premyer Liqasında oyuna baxırsan. Məsələn, 12 və 14-cü yerdə olan iki komanda qarşılaşıb. Meydanda düzülüş, önə gedən oyunçunun yerinin tez doldurulması, hücumdakı, taktikadakı səliqə, müdafiədəki strateji səhman o qədər düzgündü ki, adamlar zəif oynasalar belə dəqiqliklə oynayırlar". Məncə, Azərbaycanda da, Türkiyədə də futbolda çatışmayan cəhət budu. Bunu biraz geniş plana keçirəndə görürük ki, bu, həm də ölkəylə, cəmiyyətlə bağlıdı. Elə ədəbiyyatımız da, musiqimiz də elədi. Biz o industriyanı yarada bilmirik. Hətta Türkiyə geniş imkanlara sahib olsa belə, onlar da ciddi futbol industriyası yarada bilməyiblər, komandalar borc bataqlığında gəzir, hələ də Avropa səviyyəli klublar yarada bilməyiblər. "Qalatasaray" UEFA kubokunu alır, amma baxırsan ki, sonrakı illər heç nə edə bilmir. Futbolda davamlılıq cəmiyyətin də, sistemin də çox müttəşəkkil işləməyi ilə bağlıdı.

Azərbaycan futbolu ilə maraqlanmağıma gəlincə, açığı, çox az maraqlanıram. Əlbəttə, mətbuatdan izləyirəm. Mən uşaq vaxtı Əli Bayramlıda (Şirvan) olarkən bizim şəhərdən ölkəmiqyaslı iki-üç məşhur futbolçu vardı. Ən məşhuru Tərlan Əhmədov idi. Həmin vaxtlar Azərbaycan milli komandasının və "Neftçi"nin kapitanı idi. Çox təəssüf ki, yaddaşlarda öz qapısına vurduğu avtoqollarla qaldı. Ancaq yerlim olduğu üçün demirəm, Tərlan Əhmədov həqiqətən çox yaxşı oyunçu olub. Bir də Elmir Xankişiyev vardı, uzun illər "Qarabağ"da oynamışdı. Bir dəfə Elmir mərkəz dairəsinin yanından qapıya zərbə vurmuş çox gözəl qol olmuşdu. Onda mən uşaq idim. Elmir gəlib həyətda danışırdı ki, həmin qola görə ona 20 şirvan "premya" veriblər.

O dövrdə pul az idi, indiki kimi şərait, idman bazaları, yüksək maaşlar yox idi.. Amma həmin dövrdə futbolda bir həvəs vardı, şövq vardı. Həm azarkeşlərdə, həm də futbolçularda. O şövq insanları yaşadırdı. Amma indi pul var, amma millimizin, klublarımızın uğuru yoxdu. Məncə, bunun da səbəbi o şövqün olmamasıdı, daha əvvəl də dediyim kimi, strateji yanaşmanın olmamasıdı.
 


Türkiyədə illərdi yerli məşqçi, yoxsa xarici deyə müqayisələr aparılıq, uşaq futbolunu inkişaf etdirməkdən danışırlar. Lakin bunlar sözdə qalır. Ancaq Azərbaycan futbolunda çempionatları yüksək səviyyədə keçirdə bilsək, ölkədə olan 70 şəhərin hər birinin komandası olsa, 16-18 komandadan ibarət güclülər dəstəsi, ardınca II və III liqaları keçirsək, hər şəhərdən, rayondan istedadlı uşaqların futbola axınını məhdudiyyətsiz şəkildə təmin edə bilsək, Xorvatiya kimi möcüzə yaratmaq olar. Əhalisinin çox az olmasına baxmayaraq xorvatlar DÇ-da finalda oynadılar. Bu, çox da mümkün olmayan bir şey deyil, 5-10 ilə bunu reallaşdırmaq olar. 90-cı illərdəki liqalarımıza baxıram, həmin o ağır dövrlərdə Gəncənin, Tovuzun, Masallının, Gədəbəyin komandaları var idi. Hər şəhərdən iki-üç futbolçu çıxanda bu istər çempionatımız üçün, istər milli komanda üçün çox böyük bazadı, potensialdı. Amma biz indi futbolu sıxışdırmışıq Bakıya, sonra da deyirik çempionata klub, oyunçu tapılmır.

Biz futbolda uğurları cari dövr üçün qazanmaq istəyirik. Yəni, bu çempionatda yaxşı oynayaq, gələn çempionatda elə oynayaq. Belə olmur axı. Sistematik şəkildə 10 il sonraya hazırlaşmaq lazımdı, 10 il sonranın toxumları indidən əkilməlidi.

"Qalatasaray"ın UEFA kubokunu qazanan heyətinə baxın. Onlar 92-ci ildə hələ uşaq olanda Akdeniz çempionatı keçirilmişdi və orada çempion olmuş komanda idi. Gəldilər UEFA kubokunu qazandılar və 2002-ci ildə o heyətin əsasını qurduğu Türkiyə millisi dünya 3-cüsü oldu. Demək istəyirəm ki, biz qısa müddətlik nəticələrçün milli komandanın gələcəyini, uğurlarını heçə veririk. 80-ci illərin sonlarında Azərbaycan futbolunda çox yaxşı bir nəsil yetişmişdi: Samir Ələkbərov, Vyaçeslav Lıçkin, Nazim Süleymanov, Vidadi Rzayev, Qurban Qurbanov, Vəli Qasımov... O cür yaxşı oyunçularımız vardı, amma biz müxtəlif səbəblərdən o dövrdə futbolda uğur qazana bilmədik. Əksinə, Portuqaliyaya 0:7, Fransaya 0:10 kimi böyük məğlubiyyətlər yaşadıq. Halbuki bir müddət sonra elə eyni komandalar Bakıda 1:1 hesablı heç-heçə etdilər. Bizim futbolda böyük potensialımız var. Düzdü, bəlkə dünya çempionu ola bilmərik, ancaq çox yaxşı oynayıb nəticələr qazana bilərik.

Bir xatirəni də danışım. Bir neçə il əvvəl oxuduğum yazı mənə həqiqətən ciddi təsir etdi. Gənclər indi bunu oxuyarkən görsünlər klublarımız, millimiz o vaxt necə bir məhrumiyyətlərlə üzləşiblər. 94-cü ildə millimiz Fransaya 0:10 məğlub olduğu oyundan sonra fransızlar formalarını dəyişmək istəyərkən futbolçularımız buna razı olmayıblar. O vaxt dil problemi də olub. Bir nəfər fransızlara izah edib ki, bu komandanın cəmi bir dəst geyimi var. Onu da versələr gələn oyuna forma tapa bilməyəcəklər. Sonra bizim oyunçular paltardəyişmə otağına qayıdarkən görüblər ki, Fransa millisinin üzvləri gətirib 11 dəst formanı hədiyyə kimi qoyublar. O hadisə həmişə məni çox kövrəldir, heyrətə salır.

Sonda məsələyə ədəbiyyatla yekun vurum. Deyirlər ki, filankəs niyə Nobel almadı, siz niyə almırsınız və s. Ancaq anlamırlar ki, ədəbiyyat da elə futbol kimi komanda işidi. Sən çox möhtəşəm futbolçu, uğurlu bir yazıçı da ola bilərsən. Lakin, tərcümə prosesi, marketinq, nüfuzlu nəşriyyatlarla əlaqələr, ölkənin dünyanın marağında olması kimi onlarla amil rol oynayırsa, futbolda da belədi. Xalis şəkildə saf istedad hesabına nəsə əldə eləmək mümkün deyil. Bunlar çox optimal idarəetmə və çox güclü strategiya tələb edir. Biz buna nə vaxt sahib olsaq, onda uğurdan danışa bilərik.

Röya Kərimli
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR