Meneceri açıqladı: “AEK-in şərtləri “Qarabağ”la Mahirin adına...”

Meneceri açıqladı: “AEK-in şərtləri “Qarabağ”la Mahirin adına...”
Son günlərin əsas söhbət mövzusu Mahir Mədətovun Yunanıstan AEK-inin maraq dairəsinə düşməsidi. Yunan həmkarlarımızın yazdıqlarına inansaq, Afina təmsilçisi yanvarda 21 yaşlı "Qarabağ”lının keçidində maraqlı olub. Transferi gerçəkləşdirmək mümkün olmasa da, yığma üzvü hələ də AEK-in hədəfindədi. Yazılanlara inansaq, qarşı tərəf Mədətovun heyətə qatmaq üçün yayda yenidən bu mövzuya qayıdacaq.

Mənbələrimizi işə salmaqla kifayət qədər maraqlı məlumat əldə edə bildik. Öyrəndik ki, AEK-in Mahirin izinə düşməsi həqiqəti əks etdirir. Klub rəsmiləri qış fasiləsində məlum transferi həyata keçirmək üçün futbolçunun özünə müraciət ediblər. Şərtlərini deyiblər və cavab gözləyiblər ki, növbəti addımda "Qarabağ”a rəsmi müraciət ünvanlasınlar. Futbolçu ilk cəhddəcə təklifi rədd edib. Buna səbəb afinalıların həmyerlimizi icarəyə götürmək istəyi olub. Həm də necə? "Qarabağ”a "qara qəpik” də ödəmək istəmədən. Loru dildə desək, klubuna pul vermirik, sən hələ ki müəyyən məbləğ qarşılığında gəl, bizdə oyna, hər şey yaxşı olsa, mövsüm başa çatandan sonra transferin haqda "Qarabağ”la danışarıq. Bir sözlə, Çempionlar Liqası və Avroliqanın qrup mərhələsində çıxış edən, daim yığmaya çağrılan futbolçunu 5 aylıq baxışa çağırırmışlar. Mədətov bunu eşidincə, dərhal "yox” deyib.

Eşitdiklərimizin nə dərəcədə həqiqət olduğunu öyrənmək üçün futbolçunun agenti Tural Əsgərovla əlaqə saxladıq. Əsgərov qısa danışmaqla məlumatı nə təsdiq, nə də təkzib etdi: "Tərəflər arasında olan danışığın detalları haqda danışmaq istəmirəm. Çünki belə məsələlər məxfi saxlanılır. Yalnız onu deyə bilərəm ki, AEK-in şərtləri Mahirlə "Qarabağ”ın adına layiq deyildi”.

Məlum mövzu yalnız şifahi danışıq müstəvisində olsa da, mətbuatda Mahirin mövsümün sonunda ağdamlılarla yollarını ayıracağı haqda xəbərlər dolaşır. Hətta bəzilərinin fikrincə, artıq bununla bağlı Yunanıstan klubunun rəsmilərindən Bakıya səfər edənlər də olub. Buna səbəb isə "Keşlə” – "Sabah” oyununu izləyənlər arasında əcnəbilərin görünməsidi. Özü də kiminlə? Mahirin agenti Tural Əsgərovla. Ehtimal olunur ki, Avropadan gələnlər şənbə günü "Qarabağ” – "Zirə” qarşılaşmasına baxmaqla yanaşı, "ASK Arena”dakı oyunu da canlı izləyiblər. Tural bəylə söhbətdə bu suala da aydınlıq gətirdik: "Bəli, həmin şəxslər əcnəbi agentlərdi. Və ikisi dostumdu. Amma Mahir Mədətovla və ya onun transferi ilə heç biri əlaqəsi yoxdu. Biri portəgizdi, Riçard Almeydanın agentidi. Cənubi Afrikadan olan həmkarım isə "Zirə”nin yeni futbolçuları Robin Nqalande və Mfo Kqasvane ilə əməkdaşlıq edir. Təbii, Azərbaycana müştəriləri ilə bağlı işgüzar səfər ediblər. Sadəcə, fürsətdən istifadə edib premyer-liqanın digər oyunlarını da izləyirlər”.

Mənbə: "Futbol+”

Xəbər lenti