"Beş aydır ki, idmandan, sevimli işimdən uzaq qalmışam" - MÜSAHİBƏ

Üzgüçülük üzrə məşqçi İlqar Xasıyev də karantin müddətində peşəsindən uzaq qalanlardandır.

İdmançı Sport7.az-a açıqlamasında 5 aydır davam edən karantin günlərinin necə keçdiyindən danışdı. 

- İlqar bəy, bir çox sahədə çalışanlar işləri ilə məşğul ola bilsələr də, sizin sahənizdə işə çıxmaq mümkün olmadı. 5 aydır işinizdən uzaq qalmısınız. Bu müddət hər halda sizə həm maddi, həm də mənəvi təsir etdi...
- Əlbəttə, həm maddi, həm mənəvi çox təsir etdi. 5 aydır sevimli işimdən uzağam. Bu idman növü isə elədir ki, onlayn da məşğul olmaq olmur. Hovuz, su lazımdır. Həm də maddi problemlər yaşanır. 
 
 

- Bu vəziyyətin nə vaxta kimi davam edəcəyi bəlli deyil. Nə düşünürsünüz, nə etmək fikriniz var, yeni bir iş barədə düşünürsünüzmü?
- Xeyr. Mən bu işin peşəkarıyam. Başqa nə iş ola bilər ki... Təmkinli olub, Azərbaycanın bu bəladan qurtulmasını gözləmək lazımdır. 

- Koronavirusla bağlı fikirlər fərqlidir, çoxu inanır, çoxu inanmır. Bəs sizin fikriniz nədir?
- Əlbəttə, inanıram. Bu virus var və özümüzü qorumaq lazımdır. Bu, qlobal problemdir. Bəli, bir idmançı kimi bizə çox təsir edir. Başqa işə də getmək olmur. Amma fikirləşirəm ki, idmana icazə verilsəydi, insanlar daha sağlam olardı. Məsafə saxlayaraq idmanla məşğul olmaq olar. Əslində üzgüçülüyün insan bədəninə və immun sisteminə çox faydası var. 
 


- Bir az da elə bu barədə - üzgüçülüyün insan bədəninə faydalarından bəhs edək. Xüsusilə də pediatrlar uşaqların erkən yaşlardan üzgüçülüyə getməsini məsləhət görürlər.
- Üzgüçülüyün insan bədəninə faydalarını saymaqla bitirmək olmur. Mən əsaslarını deyəcəm. Məsələn, bildiyiniz kimi, ölkəmizdə nə qədər uşaq skaliozdan,  böyüklər isə bel yırtığı, psixoloji problemlər, ürək-damar, boy, çəki, tənəffüs yolu kimi xəstəliklərdən əziyyət çəkirlər. Üzgüçülük bu kimi xəstəlikləri aradan qaldırır. 

Uşaqlara gəlincə isə, valideynlər 3 yaşından uşaqlarını üzgüçülüyə yazdıra bilərlər. Nə qədər erkən olsa, o qədər yaxşıdır ki, gələcəkdə uşaq sağlam olsun. Əksər valideynlər yay aylarında müraciət edirlər, ancaq fikrimcə, elə qışda da fəal olmaq yaxşı olar. 
 
Röya Kərimli
Sport7.az
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR