Məşhur karateçimiz futbola başladı:

Məşhur karateçimiz futbola başladı: "Atam 25 il Sumqayıt komandasında oynayıb" - FOTOLAR, VİDEO

Məşhur karateçimiz Rəfael Ağayev futbol oynamaq bacarığını da nümayiş etdirib.
 
Sport7.az xəbər verir ki, karateçi Azərbaycanda keçirilən Mini Futbol Liqasında çıxış edir. "Squadra”nın üzvü olan "Dünya karatesinin brilyantı”nın debüt matçı uğurlu alınıb. Belə ki, o "Veteran"larla matçda iki qol vurmaqla yanaşı, bir məhsuldar ötürmə də edib.

Hazırda onun komandası 25 turdan sonra İnfinity konferensiyasının vahid lideridir. Karateçi hələ qış transfer pəncərəsi zamanı bu komandaya gəlsə də, gərgin iş qrafiki üzündən yalnız 25-ci turda debüt edə bilib.

5 qat dünya və 11 qat Avropa çempionu oyundan sonra "MFL TV"yə debütü ilə bağlı fikirlərini də bölüşüb: "Yaxın dostlarım məni MFL-də oynamağa dəvət etdilər. Dəvətə görə onlara çox minnətdaram, çünki heç vaxt peşəkar səviyyədə futbol oynamamışam. Buna baxmayaraq komandaya kömək etməyə çalışdım. MFL sayəsində bir çox insanlarla tanış oldum. İdman elə bir fəaliyyətdir ki, meydanda və ya tatamidə rəqib ola bilərsiniz, amma həyatda dost qalırsınız. Bütün Liqa üzvlərinə uğurlar arzu edirəm. Eyni zamanda, komandamla fəxr edirəm və onun uğuruna inanıram.

Futbol və karate tamamilə fərqli idman növləridir. Hər bir idman növü özünə görə çətin, amma gözəldir. Həmişə futbola marağım olub və 6-7 yaşımdan oynamışam. Atam futbolçu idi və 25 il Sumqayıt komandasında oynadı. Futbol və karate arasında seçim etməli olanda karateni seçdim və bu seçimimdə heç peşman deyiləm. Karate mənim həyatımdır. Futbol isə sevimli hobbim olaraq qalır.

İdman mübarizədir və emosiyalardır. Meydanda qarşıdurma barədə normal fikirdəyəm. Hər bir idmançı bir anlıq emosiyalara qapıla bilər, ancaq hər zaman rəqiblərə və hakimin qərarlarına hörmətlə yanaşmaq lazımdır. Qırmızı vərəqəni səbəbsiz vermirlər. Ancaq futbol meydanında qırmızı vərəqə alacağıma heç ümid etməyin”
 
Rafael Ağayev (75 kq) artıq Tokioda keçiriləcək Olimpiya Oyunlarına lisenziyanı təmin edib. Ancaq futbola olan sevgisindən də vaz keçmir. "Brilliant" ləqəbli idmançımız İtaliya millisinin və "Yuventus”un azarkeşidi.
 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR