Məşhur klub can verir... - Azərbaycan üçün örnək!

Məşhur klub can verir... - Azərbaycan üçün örnək!

Amal ABUŞOV

Futbolun təkcə 22 kişinin bir topun arxasınca qaçdığı oyun olmadığını çoxumuz bilirik. Milyonların sevgisini qazanan bu sehir həm də ciddi bir biznes, ağıl və dərrakə tələb edən iş sahəsidi . Futbol klubu yaratmaq, onu ayaqda saxlamaq, gəlir əldə etmək, futbolçu yetişdirib onu yüksək səviyyəyə çatdırmaq əməlli-başlı qabiliyyət, uzaqgörənlik, biznesin idarəedilməsini bilmək tələb edir. Bunu bacarmadınsa, lap sənə 1 milyard pul verslələr də, yaratdığın futbol klub sabun köpüyünə çevriləcək, pulu havaya sovurandan sonra iflasa uğrayacaq.

İllərdi Azərbaycan klublarının timsalında bunu görürük. Hanı "Bakı”, hanı "Xəzər Lənkəran”, hanı "bankirlər” dediyimiz "İnter”? Yoxdular! Kobud səslənsə də - "Bəxt üzüyü” filmində deyildiyi kimi, ölüblər. "Rəvan” da onlar kimi, "Turan” da. "Kəpəz”in quruca adı qalıb. Zəngin paytaxt klubları və "Xəzər Lənkəran” milyonları düzgün idarə edə bilməməyin güdazına gedib. İstedadlı yetirmələri ilə öyünən bölgə təmsilçiləri isə uşaq məktəblərini akademiyaya çevirə bilməməyin, yetirmələrinin satışını biznesə çevirməyi bacarmamağın cəzasını çəkir. Amma problem təkcə bizim klublarımızda deyil. Yaxın qonşularımızda da buna oxşar hallar yaşanır.

Quus Hiddink, Hacı Hacıyev, Roberto Karlos, Samuel Eto, Narvik Sırxayev, Yuri Jirkov, Vaqif Sadıqov, Mahir Şükürov... Hər birinin adı sizə tanışdı. Aralarında azərbaycanlılar da var, bir vaxtlar millimizin formasını geyinən dağıstanlı Sırxayev də. Bu futbol adamlarını nəyin birləşdirdiyini təxmin etmək də çətin deyil. Dağıstanın fəxri sayılan "Anji” Futbol Klubu bu adların ortaq nöqtəsidi. Müxtəlif vaxtlarda "Anji” bu şəxslərin iş yeri, qazanc mənbəyi olub. Bir dəfə yolum Mahaçqalaya düşmüşdü, "Anji Arena”nın yanından keçdim. Möhtəşəm idman qurğusu göz oxşayır, uzaqdan adama gəl-gəl deyirdi. İndi təsəvvür belə etmək çətindi ki, bu idman qurğusu "ev sahibi” "Anji”nin üzünə qapılarını bağlayıb.

Bəli, "Anji”nin əvvəlki möhtəşəmliyindən indi əsər-əlamət qalmayıb. Hiddinkin, Karlosun ayaq izləri çoxdan klubun bazasının qapısından silinib. 2011-ci ildə "Anji”nin səhmləri Dağıstan prezidenti Maqomedsalam  Maqomedov tərəfindən milyonçu Süleyman Kərimova satıldı. Bununla da "Anji”nin təlatümlü günləri, xarabalıqdan milyonçuluğa, ordan da geriyə gedən yollar başladı. Cəmi bir il bundan əvvəl "Zenit”in, "Spartak”ın, "Dinamo”nun əsəbləri ilə oynayan "Anji” hazırda can verir, tarixinin ən ağır günlərini yaşayır. Ötən mövsüm elitanı tərk edən "Anji” maddi problemlər səbəbindən Milli Futbol Liqasının (statusuna görə bizim birinci divizion səviyyəsindəki yarışın) tələblərinə cavab verə bilmədi və beləcə 3-cü diviziona yuvarlandı. İndi orda da işlər qaydasında deyil.

Rusiyalı həmkarlarımız Dağıstan klubuyla bağlı yazılarında həyəcan təbili çalır – "Anji” ölür!
 
Bizə heç də yad olmayan klub tarixin yaddaşına qovuşmaq üzrədi. Klubun 100 milyonu çoxdan ötən borcu var. Nə stadion qalıb, nə də akademiya. Kommunal borclara görə futbolçular "Anji Arena”ya buraxılmır, akademiyanın uşaq komandaları isə "Dinamo”nun nəzarətinə keçib. Rəsmi oyunları Dağıstanın, Çeçenistanın qəsəbə meydançalarından keçirən komandanın futbolçuları məşqləri boş çöllərdə, dağların ətəyində edirlər. Bu gedişlə "Anji” heç 3-cü divizionda belə duruş gətirməyəcək.

"Anji”dən bizə nə” deyib, əllimizi yelləməyək. Bu durum bizə xeyli tanışdı. Zamanında pulu legionerlərin, əcnəbi məşqçilərin ayağının altına səpib, büdcəni göyə sovuran klublar Azərbaycanda da var. Onların bəziləri canını tapşırıb, bəziləri də "ipini” AFFA-nın əlinə verib. "Anji”nin düşdüyü durum da bir daha səhvlərdən nəticə çıxarmaq, ziyanın yarısından qayıtmaq üçün əyani vəsaitdi. Sonra gec olmasın deyə, baxın, öyrənin!
 
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR