"Məşqçi qapıya qoysa, qapıçı kimi də oynayacaqdım" - Amit Quluzadə

Qış fasiləsində "Suqayıt"dan Yunanıstana, konkretləşdirsək Larissa klubu olan AEL-ə gedən Amit Quluzadə orda kifayət qədər şans qazanmadı və geri döndü.

Bu üzdən futbolçu ilə söhbətləşib suallarımıza cavab almağa çalışdıq. Amit Sport7.az-a açıqlamasında bunları söylədi:

- Yunanıstandan öz istəyinlə qayıtdın, yoxsa klubdan ayrılmağını məsləhət gördülər?

- Açığı, öz istəyimlə qayıtdım. Qalmağımın bir mənası yox idi. Məni ora aparn məşqçi Sarkiss idi. Çox təəssüf ki, cəmi 4 oyundan sonra o komandadan ayrıldım. Başqa futbolçular gətirildiyi üçün oynamaqla bağlı problemlər yarandı. Sonradan Sarkissin transfer etdiyi futbolçular oynamaq şansı qazanmadı. Səbəbini də bilmirəm. 6 oyunda 5 məğlubiyyətə baxmayaraq dəyişiklik olmadı. Gördüm ki, rəqabət aparmağın yeri yoxdu. Bu üzdən növbəti mövsümdə qalıb oynamaq istəmədim və klubla danışdım ki, müqaviləni qarşılıqlı şəkildə pozaq. Onlar da ayrılmağımı istəmirdilər. Amma daha çox oynamaq şansı qazanmaq istədiyim üçün belə qərar verdim. 

- Burdan gedəndən sonra sənə əsas heyətdə nə qədər müddətdə oynamaqla bağlı verdikləri sözü yerinə yetirdilər?

- Bu haqda söz vermirlər axı. Sadəcə, məşqçi güvənirdi, mən də etimadı doğruldurdum. Hətta öz mövqeyimdə oynamasam belə hər dəfə yaxşı çıxış edirdim. Sadəcə, bəxtim gətirmədi və həmin məşqçi 4 oyundan sonra komandadan getdi. Mən də onun gətirdiyi futbolçu kimi problemlərlə üzləşdim. Çox danışmaq istəmirəm bu haqda. Sonda qərarım bu oldu ki, komandadan ayrılım.

- Vaxtilə "Fənərbaxça"nın bəyəndiyi Amit, Türkiyənin, Potuqaliyanın aşağı dəstəsində, o cümlədən Yunanıstanın ortabab klubunda özünə yer edə bilmədi. Günahı özündə görürsən, yoxsa başqalarında?

- Düz deyirsiz, özümdə də günah var. Amma bir şey söyləyim, futbolda bəxt də olmalıdı. Sırf bəxt amilinə də bağlamazdım. Oturub saatlarla da danışa bilərəm. Hər şeyin yaxşı getdiyi bir anda birdən-birə məşqçi istefa verir. Əslində bunun da müəyyən səbəbləri var. Bir-bir hamısını deməyəcəm. Amma həmin məşqçi qalsaydı ən azı 12 tur oynaya bilərdim. Amma digər məsələlərə gəlincə, təcrübəsizlik bir qədər mane oldu. Məsələn, Türkiyədən ayrılmağım səhv addım idi. Ən azı müqavilə müddətinin sonuna qədər qalmalı idim. Portuqaliyaya getməsəm daha yaxşı olardı. Amma bu komandada sırf bəxt söhbəti oldu. Məşqçinin həddən artıq inamı vardı. Amma hər şey 180 dərəcə dəyişdi.

- Yenə legioner olmağa cəhd göstərəcəksən, yoxsa gününü elə Azərbaycan çempionatında keçirəcəksən?

- Allaha şükür, Yunanıstandan 2 variantım var. Sadəcə, hələ gözləyirəm. Bilirsiz, son olanlardan sonra futbola qarşı çox hirsliyəm. Küsmək yox, sadəcə əsəbiləşirəm ki, niyə belə oldu. Kim istəsə azarkeşlərin mənə göndərdiyi mesajları göstərə bilərəm. Oynadığım 4 görüşdə azarkeşlər tərəfindən elə hörmət qazandım, sanki 40 ildi komandada oynayıram. Heç kim dayaq yarımmüdafiəçisi olduğumu bilmirdi. Çünki bütün oyunlarda sağ müdafiəçi və yarımmüdafiəçi kimi çıxış edirdim. Nə bilim əşşi..

- Oynadığın mövqe sənin üçün rahat idi?

- Orda vəziyyət elə idi ki, məşqçi qapıya qoysa, qapıçı kimi də oynayacaqdım. Təki, meydana çıxım, özümü göstərim. 

- Azərbaycandan təklif almısan?

- 3 klubdan təklif almışam. Amma hələ nə edəcəyimi fikirləşməmişəm. Yəqin ki, 1 həftəyə 10-15 günə nəsə bilinər. Sərfəli şərtlər olsa yenə xaricə getmək istərdim.

- Təkliflər yəqin ki, o qədər də yüksək səviyyəli klublardan deyil...

- Azərbaycanl futbolçuya "Milan"dan təklif gəlməyəcək ki. Əlbəttə, ortabab klublar dəvət edəcək. Elə bilirsiz ki, asandı. Futbolda indi-indi inkişaf edirik. Vallah, Azərbaycan pasportu ilə oynamaq çətindi. Heç olmasa Avropa və ya dünya çempionatında oynasaq azərbaycanlı futbolçulara da yol açılar. Hazırda gücümüz ortabab klublarda oynamağa çatır. Yığmamız yavaş-yavaş yüksəlməlidi ki, futbolçular da nəsə etsin. Fikrimcə, gələcək nəsillərimiz daha böyük klublarda oynayacaq. 

- Yığmaya çağrılmaqla bağlı ümidlərin var?

- Yunanıstana gedəndə, yığmanın toplanışının vaxtına düşmüşdüm. Çağrılacağıma ümid edirdim. Oynamasam belə mənim üçün böyük kömək olacaqdı. Amma alınmadı, canları sağ olsun. Nə edə bilərəm ki?

- Yığmaya dəvət almamağın səni həvəsdən salmayıb?

- Xeyr, klubda bunun səbəbini soruşdular. Dedim ki, rəqabət güclüdü, başqa futbolçulara daha çox güvənirlər. 

Sport7.az

Xəbər lenti