"Məşqçilik karyeram bu işdən asılıdı" - Samir Əliyev

Birinci diviziona qoşulduğu ilk mövsümdəcə premyer-liqaya vəsiqə qazanan "Səbail"də dəyişikliklərə başlanılıb.

İlk dəyişiklik isə baş məşqçi ilə bağlı oldu. Sabiq çalışdırıcı Elman Sultanov postunda Samir Əliyevlə əvəzləndi. Bu üzdən Samir bəylə danışıb, ondan həm yeni işiylə bağlı, həm də gələcək planları barədə sualları cavablandırmağı xahiş etdik. 

Əlivev Sport7.az-a açıqlamasında planlardan və "Səbail"ə gəlişindən danışdı:

- Əvvəlcə "Səbail"ə keçidinizdən danışardız...

- Təklif rəhbərlikdən gəldi. Açığı, dərhal cavab vermədim, fikirləşmək üçün müddət istədim. Köməkçilərlə, yaxın insanlarla məsləhətləşdim və qərara gəldim ki, bu "yük"ün altına girmək lazımdı. Özüm də böyük məsuliyyətin altına girdiyimi anlayıram. Demək olar gələcək məşqçilik karyeram bu işdən asılıdı. Bu addımı atmalıyam.

- "Səbail"in artıq premyer-liqada oynayacağı rəsmiləşib?

- Rəsmiləşib ki, razılıq əldə olunub. Premyer-liqaya getdiyim üçün "Neftçi"nin əvəzedicilərindən ayrıldım. Artıq özümü baş məşqçi kimi sınamaq istəyirəm. Düzdü, "Neftçi"də də çalışmışam. Amma bu az müddətdə olub. Amma yeni komanda olacaq. Özümü sınamaqla yanaşı ortaya nəsə iş də qoymalıyam. Bizə güvənən insanlar, Azərbaycanda yetərincə təcrübəli, perspektiv vəd edən məşqçilər var. Bir neçə namizəd olmasına baxmayaraq rəhbərlik mənim üstümdə dayandı. Ümidləri doğrultmağa çalışacam. Yəqin ki, bu yaxınlarda təqdimat olacaq. Sonra işə start verəcəyik. Hazırlıqla bağlı müəyyən planlarım da var. Sadəcə, komandanı formalaşdırmaq qalır. Çətin və əziyyətli olacaq, amma çalışacağıq.

- Rəhbərliyin ilkin şərtləri nədən ibarətdi?

- Vallah, rəhbərlik futbol anlayışı olan insanlardı. Əlbəttə, ilk ildə, premyer-liqaya çıxan kimi yüksək səviyyə tələb olunmayacaq. Tələblər əsasən komanda yaratmaqla bağlıdı. Klub inkişaf etməlidi və addım-addım irəli getməlidi. Birdən-birə 5 addım atmaq istəmirik. Amma biri var xırda, biri də var iri addımlarla irəliləyəsən. Biz də buna çalışacağıq. 

- Əsasən nəyə üstünlük veriləcək? Məsələn, legioner çox olacaq yoxsa yerli futbolçular?

- Bu gün bir sıra yerli uşaqlar var ki, potensialları olmasına baxmayaraq kənarda qalıblar. Ən azı heç olmasa bir-iki nəfəri futbola qaytararıq. Belələrini üzə çıxarmaq özü də bir nailiyyətdi. Nəticədən çəkinməyəcəm və gənclərə çox üstünlük verəcəm. Çox güman təcrübəlilər də olacaq. Danışıq apardığımız, razılaşdığımız futbolçular var. Amma büdcə tam təsdiqlənməyib. Həm də istədiyim futbolçuların öz klubları ilə müqavilələri var. Çox güman, az da olsa, legioner dəvət edəcəyik. Baxaq görək necə olacaq. Büdcəyə uyğun axtarışlarımızı davam edəcəyik. 

- Adətən premyer-liqada oynayacaq komandalarda köklü dəyişikliklər olur. Birinci divizionda əziyyət çəkmiş bəzi futbolçuları komandadan uzaqlaşdırırlar. Onlar da ya futbolsuz qalır, ya da başqa komandalarda oynayır. Sizin fikriniz necədi bununla bağlı?

- Çox güman ki, birinci diviziondakı komandadan 3-4 futbolçu saxlayacam. Amma hələ qərar verməmişik. Biz də anlayırıq ki, əksəriyyət klubsuz, işsiz qala bilər. Amma bura birinci divizion deyil, premyer-liqadı. İrəli getmək lazımdı. Ona görə də seçimlər edəcəm. Kim yarayacaqsa, bizimlə qalacaq, əks halda... Futbolun da öz qayda-qanunları var. 

- "Səbail"in oyunların izləyirdiniz?

- İzləmirdim, amma bura Azərbaycandı, hamı bir-birini tanıyır. Kimin nəyə qadir olduğunu bilirik. 

- Məşq planlarınız hazırdı? Toplanış nə vaxt başlayacaq?

- Əlbəttə, müəyyən planlarım var, hazırlamışam. Hələ vaxtımız da var. İlk növbədə komandanı formalaşdırmaq lazımdı. Bu nə qədər tez olsa o qədər yaxşıdı. Ona görə də toplanışlara erkən başlamaq istəyirəm. Vaxt udmalıyıq. Mövsüm başlayana qədər ən azı 12, 14 bacardıqca çox oyun keçirməliyik. 

- Xaricdə toplanış nəzərdə tutulub?

- İnşallah, bu mütləqdi. Rəhbərlik sağ olsun. Şərtlərimi demişəm, qəbul edirlər. Toplanış və başqa işləri də həll edəcəyik. Hələ ki, şərait yaradırlar. Çünki vacibdi. Güclü rəqiblərlə oynamaq vacibdi. Komandanın güclü və zəif tərəflərini bilməliyik. 

- "Neftçi"nin əvəzedicilərindən "Səbail"də futbolçu görəcəyik?

- Açığı, belə fikrim var. Çünki "Neftçi"də də istedadlı futbolçular çıxış edir, amma klubla müqavilələri var. Rəhbərlik razılaşıb buraxsa, götürəcəyik. Əvəzediciləri də formalaşdırmalıyıq. Çalışacağıq istedadlı futbolçular oynasın ki, gələcəkdə əsas komandaya cəlb edək.  Bəziləri var ki, əvəzedicilərdə oynaya-oynaya premyer-liqaya cəlb edilə bilər. Həm də bu vacibdi mənim fikrimcə. 

Sport7.az

Xəbər lenti