"Messi - müəllim dərsi başa salanda darıxan şagird kimidi"

"Leo xüsusi biridi, Leo dahidi. O, bütün zamanların ən güclü atletlərindən biridi. Sadəcə futbolçuları nəzərdə tutmuram, ümumi deyirəm. Argentinanın yükünü çiyinlərində daşıyır. Əslində, Messiyə sahib olmağın ən böyük üstünlüyü odu ki, digər 10 nəfər komandada Leo kimi birinin olduğunu bilir və gec-tez onun lazım olanı edəcəyini anlayır. Məşqçi kimi orada çalışmışam. Bir neçə oyun planı üzərində işləyərdik, ancaq yeri gələndə "Topu Messiyə verəcəyik, qolu vuracaq, bu qədər” deyə düşündüyüm olurdu. Bunu ancaq bütün zamanların ən yaxşısı edə bilər. 3 gündən bir meydana çıxmaq və hər dəfəsində insanların səndən 3 qol, 3 məhsuldar ötürmə gözləməsinin nə qədər çətin olduğunu bilirsiz? 3 gündən bir – bu, mərhəmətsizlikdi. Ondan başqa heç kim belə təzyiq qarşısında meydana çıxıb, onun etdiyini təkrarlaya bilməz.

Heç kim sadə görünən şeyləri onun kimi gözəl yerinə yetirə bilməz. Heç kim! Yohan Krayfın dediyi kimi: ən çətin şey sadə oynamaqdı. Uşaq ikən sadə oynamaq üçün öyrədilən şeylərin – topa nəzarət, ötürmə... – hansısa birində səhv etdiyini görə bilməzsiniz. Üç nəfərin arasında driblinq edib qol vurmaqdan və ya 10 ildi onun ifasında görməyə alışdığımız digər şeylərdən bəhs etmirəm. Uşaqlara onun haqqında öyrədə biləcəyiniz ən yaxşı şey sadə işləri digərlərindən daha yaxşı yerinə yetirməsidi. Hamı bəsit şeylərə nəsə əlavə etmək istəyir, onları mürəkkəbləşdirmək istəyir, o isə sadə yollarla işini görür. Onu izləmək imtiyazlı olmaq anlamına gəlir. Bir "Barça” matçını belə qaçırmaq istəmirəm, çünki bilirəm ki, yenə bənzərinə rastlamadığımız bir şey edəcək və mən onu görə bilməyəcəm. Basketbolu çox sevirəm. Yadımdadı, səhər məşqim olmasına baxmayaraq, gecə saat 4-də yuxudan oyanıb Maykl Cordanın oyunlarını izləyərdim. O, basketbol karyerasını bitirənədək etdiyi heç bir şeyi qaçırmaq istəmirdim. Messi üçün də eynisini deyə bilərəm. Heç bir matçı qaçırmamalıyıq, çünki o, çox yaxşıdı. Leonu izləyə bildiyimiz üçün çox şanslıyıq. Sanki hər il daha da yaxşıya doğru gedir.

Tito – ruhu şad olsun – Messi haqqında gözəl bir ifadə işlətmişdi. Deyirdi ki, o, müəllim dərsi başa salanda mövzu haqqında hər şeyi bildiyi üçün darıxan şagird kimidi. Bəzən onunla çalışarkən, "ora get, bura get” tərzində məsləhətlər verərdim. Yəqin ki, öz-özünə düşünüb: "Görəsən, niyə bunları mənə deyir? Onsuz da, bilirəm də..." Amma o heç vaxt sizə ulduz olduğunu hiss etdirməz".

Pep Quardiola katalan radiolarından birinə Lionel Messini təsvir edib və ortaya belə bir şey çıxıb.

OXŞAR XƏBƏRLƏR