Messinin hekayəsi: Çarəsizlik (IX hissə)

Messinin hekayəsi: Çarəsizlik (IX hissə)

Leo evə girəndə hər tərəf qohum-qonşu qaynayırdı. İlk baxışda anası və atası gözünə dəymədi. Otaqlara göz gəzdirdikdən sonra onları tapdı və atasına söykəndi. Anasının əlində Sosial Fonddan gələn zərf var idi.

Otaqdakı tutqun havanı dəyişmək istəyən Leo "Bu gün iki sm. uzanmışam” dedi. Bu dəm Messinin anası yenidən hıçqıra-hıçqıra ağlamağa başladı. Seliya əlindəki zərfi göstərdi: "Sanki anamın vəfatı az idi, indi də bu”.

Leo nə baş verdiyini öyrənmək istəyirdi. Xorxe zərfi həyat yoldaşının əlindən aldı: "İş yerim və Sosial Fond artıq müalicə xərclərini qarşılamayacaqlar”.

Leo boğuq səslə soruşdu: "Yəni böyüməyəcəm?”

Messinin anası üzünü önlüyü ilə sildikdən sonra "Əlbəttə ki, böyüyəcəksən. Bu, atan və mənim müalicə xərclərini ödəmək üçün başqa bir yol tapacağı anlamına gəlir” deyə cavab verdi və Xorxeyə baxaraq əlavə etdi: "Elə deyil?”

Xorxe tərəddüd içində olsa da, Leonu sakitləşdirmək üçün xanımı ilə razılaşdı: "Əlbəttə, həll edəcəyik”.

***
Yataq otağında gizlənən Leo, Matias, Rodriqo və balaca Maria Sol qapıya söykənib, yemək masası arxasında oturan və yüksək səslə müzakirə edən valideynlərini dinləyirdilər. Leonun atası: "Lazım gəlsə, təkbaşına ora gedərəm”. Seliya tərəddüd içində idi:

- Sosial Fondun ödəməkdən imtina etdiyi məbləği "Nyuells”in ödəyəcəyini düşünürsən?
- Bilmirəm, amma öyrənəcəyəm. Bildiyim tək şey var: geri addım atmayacağıq”.

Qardaşları və balaca bacısının əhatəsində olan Leo yataq otağının divarına söykənmişdi. Özü-özünə fısıldayırdı: "Axı mənim nə günahım var?”

Matias onu susdurdu: "Bəsdi. Bu, heç kimin günahı deyil. Atam məsələni həll edəcək”.

Ertəsi gün Xorxe və Seliya "Nyuells”in ofisinə yollandılar. Leonun anasına toxunsan, ağlayardı. Xorxe əvvəlcədən görüşdə deyəcəklərini götür-qoy etmişdi. "Nyuells Old Boyz”un prezidenti otağa daxil olan kimi Leonun atası ayağa qalxıb dərindən nəfəs aldı.

Orta boylu prezident kirli saqqalı ilə diqqət çəkirdi. Kreslonu işarət edərək dedi: "Cənab Messi, xanım Messi, sizi burada görməyimə şadam. Buyurun, oturun”.

Onlar əl-ələ görüşdülər. Xorxenin hələ də ayaq üstdə olduğunu görən prezident əlavə etdi: "Oturun, cənab Messi. Bura niyə gəldiyinizi bilirəm”.

- Bilirsiniz?
- Əlbəttə, bilirəm. Klubda oynayan uşaqlar haqqındakı hər şeyi izləməyə çalışıram. Məsələn, Leonun tibbi xərclərinin sizin ödəmə imkanlarınız daxilində olmayacaq qədər çox olduğunu və iş yerinizin ödənişləri dayandırdığını bilirəm.
- Şəxsi məsələlərimiz barəsində bu qədər məlumatlı olmağınıza təəccübləndim.
- Təəccüblənməyin, mənim işim məlumat sahibi olmaqdan, öyrənməkdən ibarətdi. "Nyuells” mənə klubdakı hamının özünü yaxşı hiss etməsini təmin etməyim üçün məvacib ödəyir. Bura təkcə oyunçular deyil, onların ailələri də aiddi. Biz Leonun böyük potensiala sahib olduğunu düşünürük. Və buna görə də, sizə yardımçı olmaq istəyirik. Siz Leonun müalicə xərclərinin yarısını qarşılayacaq bir variant tapacağınız təqdirdə biz də digər yarısını ödəyəcəyik.

Prezident danışığı ilə ilk əvvəl ümid versə də, sonradan dedikləri Xorxe və Seliyanın əhvalının pozulmasına səbəb oldu. Leonun anası ağlında hesablamalar apararkən "Məbləğin yarısı...” dedi, ancaq Xorxe onun sözünü ağzında qoydu: "Şərtinizi qəbul edirik”.

Bu, ayda azı 500 dollarlıq xərcin ailə tərəfindən ödənməli olduğu anlamına gəlirdi. 

Prezident detallarla birbaşa özü maraqlanacağına və yaxında onlara çek göndərəcəyinə dair söz verdi. Seliya ona dəfələrlə təşəkkürünü bildirdi.

***

"Nyuells”in birinci çeki bir az gecikdi. Seliya və Xorxe ilk dəfə bu məsələni ciddiyə almadılar. Ancaq eyni vəziyyət digər aylarda da təkrarlanmağa davam etdi. Bir müddət sonra isə klub ümumiyyətlə ödəniş etməyi dayandırdı. Messi ailəsi başa qayıtmışdı. Leonun tibbi xərclərini qarşılamağın yolunu tapa bilmirdilər. Qarşıda daha bir böhranlı vəziyyət onları gözləyirdi.

Xorxe və Seliya yenidən yemək masası arxasında mövzunu müzakirə edirdilər. Leo və ailənin digər balaca üzvləri bu səfər də valideynlərini dinləməyə çalışırdılar. Qərar verilmişdi: Leonun xərclərini qarşılayacaq başqa bir klub axtarışına çıxacaqdılar. Xorxe və Seliya bütün variantları araşdırmadan geri addım atmayacaqlarına dair bir-birilərinə söz verdilər.

Xorxe Leonun professional futbolçu olacağına bütün qəlbi ilə inanırdı. Bunun üçün mütləq qapılarını döyməli olduqları bir klub var idi: Argentinanın ən yaxşı komandası. Həmin gecə Seliya Xorxe və Leonun çamadanlarını hazırladı. Ata və oğul ertəsi gün Buenos Ayresə yola düşəcəkdilər.

Maykl Part - "The Flea" kitabı

 

Sport7.az

OXŞAR XƏBƏRLƏR