Messinin hekayəsi:

Messinin hekayəsi: "Barselona"da xəyallar reallaşır (XI hissə)

Seliya Xorxedən nə edəcəklərini soruşdu. Adətən, masanın ətrafında ailə üzvləri olardı, ancaq bu səfər yalnız idilər. Bir neçə gün öncə Buenos Ayres - Rosario arası avtobusla 4 saatlıq yol qət etmişdilər. Səyahətin sonu yorğunluq, yuxu problemləri və peşmanlıq olmuşdu.

Xorxe oğlunun istedadının fərqində olsa da, indilik Argentinada onu kifayət qədər istəyən komanda olmadığını anlamışdı. Başqa həll yolu tapmalı idi, amma nə? Həmin ərəfədə qapı döyüldü.

"Birini gözləyirdin?" deyə soruşdu Seliya. Xorxe "yox" cavabını verdi. Qapını açan Leo oldu. Heç tanımadıqları, uzunboylu biri idi. O, sərt üzünə rəğmən, gülən gözlərlə uşağa baxırdı. Əynində kostyum var idi. Leo Rosarionun isti havasına uyğun geyinməyən adamın başqa bir ölkədən gəldiyini anlamışdı.

"Sən Leosan?" deyə soruşan qonaq gülümsədi və özünü təqdim etdikdən sonra əlini uzatdı: "Barselonadan bura sən və ailənlə danışmaq üçün gəlmişəm".

Xorxe təəccüb içində idi: "Barselona?" Qonağın sıravi biri olmadığını anlamışdı. Adam əlavə etdi: "Bəli, mən "Barselona" klubunu təmsil edirəm".

"Ba-Ba-"Barça"?" - Leo kəkələyirdi. Qonaq gülümsəyərək razılıq əlaməti olaraq başını aşağı-yuxarı salladı: "Hə, Leo, "Barça". Deyəsən, bizdən xəbərdarsan".

Zarafat olmalı idi. Leo da yaxşı bilirdi ki, Rosarioda "Barça"nı tanımayan yoxdu.

Seliya: "İçəri keçin, cənab. Su, limonad... - soyuq bir şey içmək istəyərsiz?"

"Barselona" rəsmisi evdə hazırlanmış limonad və qəhvə içdikdən sonra Leonun ən sevdiyi peçenye olan - alfaxor yedi. Onun sözlərinə görə, Buenos Ayresdə Messinin oyununu izləyənlərdən biri "Barselona"nın skautu olan Orasio Qaccoliyə zəng edərək onu belə bir oyunçunun varlığından xəbərdar edib. Qaccoli "Barça"ya bir çox ulduz futbolçu qazandıran Xosep Mariya Minqelya ilə birlikdə çalışırdı. Ziyarətçinin işi kluba yeni istedadlar gətirməkdən ibarət idi. Bu səfər "Barselona"nın prezidenti Joan Qaspartın məsləhətçisi olan Minqelya onu Atlantik Okeanın digər tərəfindəki Rosarioya dillərdən düşməyən uşağı izləməyə yollamışdı. "Barça" rəhbərliyi klub tarixində ilk dəfə skautlardan biri İspaniya xaricinə göndərmişdi.

Skaut alfaxordan yeyə-yeyə dedi: "Burada tarix yazırıq".

Messi ailəsinin Barselonadan 75 km. uzaqlıqda yerləşən Lerida şəhərində yaşayan qohumları var idi. Bu səbəbdən "Barça" ispanların Leonu tez bir zamanda mənimsəyəcəyini düşünürdü.

Hadisələrin sürətlə cərəyan etdiyini düşünən Seliya dilləndi: "Leonun yaşı azdı. Barselonaya köçmək onun üçün problem olar".

Skaut "Barselona"nın "La Masiya" akademiyası haqqında hər şeyi danışdıqdan sonra Leonun anası rahatladı. Söhbət "Barselona"nın stadionu "Kamp Nou"nun qarşısında yerləşən, böyük və köhnə "ferma evi"ndən gedirdi. Burada İspaniyanın dörd bir tərəfindən gələn uşaqlar müxtəlif akademik mövzuları öyrənir, boş zamanlarda isə "Barselona" texniki personalının yardımı ilə futbol təhsili alırdılar. Qonaq əlavə etdi: "Bizdə eyni zamanda həm yaxşı akademik təhsil almaq, həm də futbol oynamağı öyrənmək mümkündü. Beləliklə, uşaqlar dəyərlər və etik normalarla yanaşı, gələcək iş həyatlarında necə yaxşı futbolçu olmağın yollarını mənimsəyirlər".

"Ancaq bizim hamılıqla Barselonaya getməyimiz mümkün deyil. Ailəmiz indiyə kimi heç ayrı düşməyib" - dedi Seliya. Balaca Mariya Sol bu tarixi söhbəti anlamaq iqtidarında deyildi.

Leo: "Bu, nənəm Seliyanın xəyalı idi".

"Barselona" rəsmisi diqqətlə uşağa baxdıqdan sonra dedi: "Əlavə bir şey də var. Ən gözəl sürprizi axıra saxlamışdım. Leo "La Masiya"ya seçilsə, onun bütün tibbi xərclərini biz qarşılayacağıq".

Otağa səssizlik çökdü. Hamı nəfəsini tutmuşdu. Bir müddət sonra qonaq səssizliyi pozdu: "Nə düşünürsüz, cənab Messi?"

- Mən kiməm ki, belə bir möcüzəyə qarşı çıxım? Ancaq İspaniyaya köçəndən sonra harada çalışacam? Axı ailəmə baxmalıyam.

- Klub iş tapmağınıza yardımçı olacaq. "Barselona"da xəyallar reallaşır, cənab Messi.

Qonaq yarım saat sonra Minqelyaya zəng etdi. Barselonada səhərin erkən saatları olsa da, Xosep dostundan gələcək zəngi gözləyirdi. Bir müddət sonra Yay Olimpiya Oyunları üçün Avstraliyada olan "Barselona" məşqçisi Karles Reşak da söhbətə qoşuldu. Üç fərqli qitədəki üç insan Rosariodakı uşaq haqqında danışırdılar. Avstraliyada artıq gecə idi. Normalda Reşak o saatlarda yuxuda olur.

Karles yuxulu səslə soruşdu: "Neçə yaşı var?"

Skaut: "12".

Reşak: "Axı mən 18 yaşında birini istəmişdim".

Skaut: "Leo Messi 18 yaşlılardan daha yaxşı futbol oynayır".

Reşak: "Düz deyir, Minqelya?"

Minqelya: "Videolarda görmüşəm, bu uşaq möhtəşəmdi".

Reşak: "İki həftə sonra uşağı da gətir, görüşək".

Skaut: "Təşəkkür edirəm. Sağ olun".

Reşak: "Ümid edirəm haqlı çıxacaqsan".

Gülümsəyən skaut telefonu yerinə qoyduqdan sonra sanki önəmli zəfər qazanmışcasına qışqırdı: "Haqlıyam".

Maykl Part - "The Flea" kitabı

Hazırladı: Rüfət Məcid ("Messiah" blogu üçün)
 

Sport7.az

OXŞAR XƏBƏRLƏR