Messinin hekayəsi: Cavabını tapan suallar (VII hissə)

Messinin hekayəsi: Cavabını tapan suallar (VII hissə)

Leo təngnəfəs halda özünü təpəyə çatdırdı. Evləri ilə ora arasında çox da böyük məsafə yox idi. Sadəcə, avtomobillərin səsi eşidilmirdi, sakitlik idi. Messi zeytun ağacının altında oturdu. Bura onun gizli yeri idi. Ağlında suallar olanda cavablarını tapmaq üçün həmişə təpədəki yerinə gedərdi. Necə olduğunu özü də bilmir, amma axtardığı şeyi həmişə burada tapardı.

Bir müddət sonra Sintiya da ora gəldi. O, Leodan orada olma səbəbini soruşdu. Messi dərhal cavab verdi: "Bura çox sakitdi. Öz dünyamda hansı komandada oynamaq istədiyimə qərar verirəm. "Nyuells”, yoxsa "Barselona”? – səncə, hansı yaxşıdı?”

- Zarafat edirsən? Bu qədər yolu xəyal qurmaq üçün gəlmisən?
- Maradona kimi möhtəşəm olmaq istəyirəm.
- Əlbəttə, bir gün olacaqsan. Leo, düzünü de, niyə buradasan? Sadəcə xəyal qurmaq üçün bura gəldiyinə inanmıram. Adi skamyada oturaraq da bunu edə bilərsən.
- Yaxşı, danışacam. Həkim bu gün testin nəticələrini açıqlamalıdı. Anamla atam çox həyəcanlıdılar. Mənim də onlardan bir fərqim yoxdu. Ona görə buradayam.
- Yəni gizlənmək üçün buradasan...
- Bəlkə də.
- Niyə? Səncə, həkimin pis xəbər verəcəyindən qorxursan? Ümumiyyətlə, testin nəticələri niyə pis olsun ki?
- ...Haqlısan, qorxuram.
- Düzü, mən də. "Cüzamlar” rəqib komanda ilə qarşılaşanda nə etməli olduğunu deyirdilər?
- Qorxularımla üzləşməli olduğumu deyirdilər.
- Hə, bəlkə bu dəfə də eynisini edəsən? Mən getdim.

Leo gülümsədi. Nə qədər qəribə səslənsə də, Messinin bir tərəfi cavablardan qaçır, digər tərəfi isə onların axtarışında idi. İş elə gətirdi ki, sevimli təpəsində hər ikisini edə bildi. Sintiyanın arxasınca qaçdı və birlikdə məhəlləyə getdilər.

***

Leo həkim Şvartsştaynın gözləmə otağında oturmuşdu. Bu səfər limon əvəzinə, ayaqlarının arasındakı topla oynayırdı. Özünü narahat hiss edirdi. Anası həyəcandan tez-tez əllərini açıb bağlayırdı. Atası Xorxe isə pəncərənin önündə gərgin baxışlarla yoldan keçən avtomobillərə tamaşa edirdi. Həkim otağa girəndə hamının diqqəti ona yönəldi. Şvartsştayn Seliyanın əlini sıxaraq dedi: "Hamının burada olmasına sevindim. Leo, Limada etdiklərinizi eşitdim. Qələbəyə görə təbriklər”. Leo cavab verdi: "Təşəkkür edirəm. Mənim üçün yaxşı xəbərləriniz var?”

- Hə, var. Testin nəticələri məlumdu. Düşündüyüm kimi, böyümə hormonunun çatışmazlığıdı. Bəlkə də, qulağa ciddi bir şey kimi gəlir. Ancaq əslində, bunun müalicəsi var və müsbət nəticə əldə etmək ehtimalı olduqca yüksəkdi. Leo, fiziki baxımdan uyğun olduğunu da nəzərə alsaq, boyunun uzanmaması üçün bir maneə görmürəm.
- Yəni böyüyəcəm?
- Hə, söz verirəm.

Seliya və Xorxe bir anda rahatlaşdılar.

Xorxe: "Bu, əla xəbərdi".
Seliya: "Sizə minnətdaram".

Şvartsştayn bir anlıq tərəddüd etdi. Leo bir problem olduğunu zənn edib, həkimdən müalicə üçün nə etməli olduğunu soruşdu. Seliya da Messinin sualını təkrarladı.

Həkim Leoya baxaraq dedi: "Bir neçə il dayanmadan dəri altına inyeksiya etməlisən, yəni özünə iynə vurmalı olacaqsan, Leo”. Leo bir an belə düşünmədən, sevincək halda cavab verdi: "Bunu edə bilərəm”.

"Əla! Bacaracağından əminəm” – deyən həkim Xorxegilə tərəf çevrildi: "Siz ikinizlə ayrıca danışmaq istəyirəm”. Xorxe başını aşağı-yuxarı yellədi: "Leo, bəlkə topu götürüb çölə çıxasan, həkimlə danışmalıyıq”.

Leo razılaşdı və otaqdan çıxdı. Onsuz da, yaşlılar aralarında söhbət edəndə onun üçün vəziyyət darıxdırıcı hal alırdı.

Leo otaqdan çıxan kimi həkim dilləndi: "Maddi məsələlərdən danışaq. Müalicə sizə çox baha başa gələcək. Aylıq xərclər təxminən 1 000 – 1 500 dollar arasında dəyişir”.

Otağa bir müddət sükunət çökdü. Seliya həyat yoldaşına baxarkən məyusluq dolu gözləri sanki yalvarırdı. Bu məbləğ Xorxenin polad zavodunda aldığı aylıq maaşdan daha yüksək idi və ailəninin ödəmək imkanı yox idi. Seliya özünü güclə saxlayırdı. Sanki qapı üzlərinə bağlanmışdı. Sonda həkim səssizliyi pozdu: "Başa düşürəm, bu məbləğ sizin üçün çoxdu. Ancaq bura Argentinadı. Həmişə başqa bir yol var".

Xorxe "Hansı yollardan söhbət gedir?” deyə soruşdu.

- Sosial fond var. Siz "Acindar” polad zavodunda işləyirsiniz, düzdü?
- Hə.
- Nə demək istədiyimi, yəqin ki, anladınız. Hər zaman çıxış yolu var. İnamınızı itirməyin. Tanrı sizə yardımçı olacaq.

Xorxe həyat yoldaşını bərk-bərk qucaqladı. O, həmişəki kimi, uşaqları üçün hər şeyi etməyə hazır idi. Seliyanı rahatlatmağa cəhd etdi: "Leonu belə qoyan deyilik. Bir çarəsi tapılacaq”.

***

Bir həftə sonra / Xorxe "Acindar” polad zavodundan çıxanda evə tələsirdi. O, yolda qarşısına çıxan hamını gülərək salamlayırdı. Sanki Xorxe sevincdən uçurdu. Qapını açan kimi həyat yoldaşı Seliya və balaca qızı Mariya Solu qorxudacaq dərəcədə bağırdı: "Pulu tapdıq”.

Şam yeməyində bütün ailə masa başında Xorxenin açıqlamasını gözləyirdi. Leonun nənəsi Seliya da orada idi. Masanın bir tərəfində Matias, Rodriqo, Leo və Maria Sol, digər tərəfində isə ailə böyükləri var idi. Seliya dözmədi: "Xorxe, bəlkə danışmağa başlayasan?!”

Xorxe dilə gəldi: "Sosial fond xərclərin bir hissəsini qarşılayacaq”.

Seliya Xorxenin sözünü yarıda kəsdi: "Bir hissəsini? Necə yəni?”

Xorxe: "İmkan ver sözümü bitirim. Xərclərin qalan hissəsini isə iş yerim, yəni zavod ödəyəcək”.

Seliya rahatladı, masanın ətrafındakı sevinc səsləri daha da yüksəldi. Leo isə səssiz idi. Gözlərini bağladı və sadəcə, Tanrıya şükür etdi.

Maykl Part - "The Flea" kitabı



Sport7.az

OXŞAR XƏBƏRLƏR