Messinin hekayəsi:

Messinin hekayəsi: "Ən dəyərli" salfet (XIV hissə)

Leo atası ilə birlikdə Barselona hava limanında - terminalın ortasında dayanmışdı. Anası Seliya və bacısı Maria Sol təyyarədən düşmüşdülər. Leo Seliyanı görən kimi qaçıb, onu bərk-bərk qucaqladı. Anasının titrədiyini hiss edirdi. Gözündən yaş axsa da, fikir vermirdi. Nənəsi öləndən sonra, onsuz da, göz yaşlarını gizlətməkdən imtina etmişdi. Seliya çantasından dəsmal çıxaranda Xorxe də onlara qoşuldu. Anası göz yaşlarını sildikdən sonra dəsmalı oğluna uzadanda Leo gülümsədi. Seliya üçün çox darıxmışdı və nəhayət bir arada idilər. İki ay idi ki, onu görmürdü.

Sonra Matias və Rodriqo gəldi. Balaca qardaşlarını görən kimi ona doğru qaçdılar. "Üç müşketyor yenidən birlikdədi”, - deyə Matias qışqırdı. Ardınca əli ilə Leonun saçlarını qarışdırdı. Demək olar ki, bütün ailə terminalın ortasında qucaqlaşmışdı. Həsrət bitdikdən sonra terminaldan çıxdılar. Seliya birdən soruşdu: "Müqavilə imzaladılar?”

"Barselona” onların İspaniyadakı bütün xərclərini ödəyirdi, ancaq hələ də ortada rəsmi müqavilə yox idi. Xorxe duruxdu:

- Hələlik yox.
- "Hələlik yox” "hə” anlamına gəlmir.
- Yaxın günlərdə həll edəcəklərini deyirlər.

Seliya Xorxeyə baxdı. Həyat yoldaşının oğluna yardım etmək üçün əlindən gələn hər şeyi etdiyini bilirdi. Onsuz da, bir neçə dəfə "yox” cavabı almışdılar, sadəcə, bu səfər uzun yol qət etmişdilər. Bu, onlar üçün ən uzaq məsafə idi və Seliya "River Pleyt” kimi, "Barça”nın da son anda fikrindən daşınacağını düşündüyü üçün narahat idi. Xorxeyi tənqid etmək əvəzinə, yanağından öpdü və bu müddət ərzində oğlunun yanında olduğu üçün ona təşəkkür etdi. Sonra birlikdə onları otelə aparmaq üçün gözləyən avtomobilə əyləşdilər. Xorxe əlini xanımının çiyninə qoydu. Uzun uçuşun ardından bütün ailəni birlikdə görmək Seliyanı çox sevindirmişdi. Xorxe həyat yoldaşının qulağına fısıldadı: "Reşak bu yaxınlarda müqavilənin imzalanacağını deyir”.

***
Seliya Barselona mənzərəsinin göründüyü pəncərəyə yaxınlaşarkən "İki ay!” dedi. Xorxe xanımının simasındakı məyus üz ifadəsini görə bilirdi. Rosarionu iki ay idi ki, tərk etmişdilər və hələ də Leo ilə müqavilə imzalanmamışdı. Xarakter nümayiş etdirməli idilər. Seliya isə narahat idi:

"Barselona” getdikcə "Nyuells” və "River Pleyt”ə bənzəyir. Leo müailcə almalıdı, bizim isə pulumuz qalmayıb. Böyük riskə girdik və əlimizdə qalan tək şey bu otel otağı və bir neçə kirli paltardı. Leo ilə müqavilə imzalamırlarsa, evə qayıdaq”.

Matias və Rodriqo televizora baxırdılar, Leo isə qulağını qapıya dayayıb, valideynlərini eşitməyə çalışırdı.

"Yaxşı, onlara zəng edəcəm – özü də birbaşa Reşaka”, - deyə Xorxe cavab verdi.

***
"Barselona”nın iclas otağı çox gözəl idi. Otağın böyük hissəsini uzun, antik masa tuturdu. Yerə qədər uzanan şüşə pəncərə "Kamp Nou” stadionuna baxırdı. Reşak içəri girəndə digərləri - skautlar, təmsilçilər və idarəçilər orada idi. Klub prezidenti Joan Qaspart da gəlmişdi.

Qaspart söhbətə başladı: "Bizə bir də izah et, Çarli: Niyə 13 yaşlı argentinalını komandaya götürməyimizi istəyirsən?”

"Çünki məndən ən yaxşısını tapmağımı siz istəmişdiniz. Bu uşaq indiyə kimi gördüyümüz ən yaxşı oyunçu olmaqla yanaşı, bəlkə də, klub tarixinin ən yaxşı investisiyası olacaq”, - deyə Reşak cavab verdi.

Orasio Qaccoli: "Uşaq xüsusi istedada sahibdi, cənab. Bizdən İspaniya xaricindən talantlı oyunçu gətirməyimizi istəmişdiniz, biz də ən yaxşısını tapıb gətirmişik”.

Qaspart yenidən klub üzvlərinə baxdı. Rəsmilərdən biri etiraz etdi: "Yaşı çox azdı”. Digəri əlavə etdi: "Çox sısqadı”. Minqelya isə onları susdurdu: "Və onu xüsusi edən şey də elə bu xüsusiyyətlərdi”.

Reşak onu dəstəklədi: "Mən "Barça”ya qoşulanda 12 yaşım var idi”. Otaqda uzun müddət səssizlik oldu. Qaspart sükutu pozdu: "Gənclərdən ibarət komandalar üçün çətin günlərdi. Məncə, bunu sən də bilirsən, Çarli”.

Reşak dayanmaq bilmirdi: "Və bizim işimiz klubun gələcəyinə investisiya yatırmaqdı. Əks təqdirdə Qaccolini niyə Argentinaya göndəririk ki?”

Qaccoli: "Messi bizim ehtiyacımız olan biridi”.

Ayağa duran Reşak masanın ətrafında fırlanıb Qaspartın oturduğu yerə yaxınlaşdı və onun tam qarşısında dayandı: "Cənab, mən 18 yaşlı birini istəmişdim. Orasio 13 yaşlı futbolçu gətirəndə mən də əsəbiləşdim. Ancaq sonra uşağın oyununu izləyəndə gördüm ki, çox fərqlidi. Və biz onu mükəmməl birinə çevirə bilərik”.

Joan Qaspart uzun müddət düşünəndən sonra cavab verdi: "Ümid edirəm ki, haqlısan, Çarli. Ondan çox şey gözləyirsən”.

- Hə, ailəsi də mənim kimi düşünür. Bura gələ bilmək üçün çox riskə gediblər. Sizdən Leo Messi ilə müqavilə imzalamaq üçün icazə istəyirəm.
- İcazə veirrəm, Çarli. Bir az vaxtımızı alacaq, ancaq sözləşmə hazırlamağa başlayın.
- Təəssüf ki, zamanımız yoxdu.

Qaspart onun üz ifadəsini gözdən keçirdi və ciddi olduğunu başa düşdü. Ancaq yenə də "Barça”nın sistemini, rəsmi prosedurları Rosariodan gələn bir uşağa görə dəyişdirmək fikirləri yox idi.

Reşak aşağı düşdü, küçədəki ən yaxın telefon butkasına girib, Xorxeyə zəng etdi və onu oğlu ilə birlikdə yeməyə dəvət etdi.

Şəhərin hər tərəfi Milad bayramına hazırlaşırdı və Pompeya tennis klubuna gedərkən bütün bunları görmək Xorxe ilə Leoya zövq verirdi. Messi ailəsini qarşıda gözəl bir il gözləyirdi.

Reşak gələndə Xorxe və Leo çoxdan orada idilər: artıq masalarını tutmuşdular. Restorandakı, demək olar ki, hər kəs Reşakı tanıyırdı. Bu səbəbdən masaya yaxınlaşana kimi bir neçə dəfə ayaq saxlamış və tanışları ilə görüşmüşdü. Dekabrın 14-ü olsa da, hava isti idi.

Reşak yenicə oturmağa çalışırdı ki, Xorxe özünü saxlaya bilmədi:

- Müqaviləni özünüzlə gətirmisiniz?
- Yox, hələlik hazır deyil. Bir az da vaxta ehtiyacımız var. Narahat olmayın, sizə müqavilə təklif etməyimə icazə verdilər, amma "Barselona” böyük klubdu və bu tip proseslər bəzən zaman alır.
- Qulaq asın, Leonun sağlamlıq xərcləri var və biz sizi gözləyərkən əlimizdəki pul da bitir. Ümid edirəm, bura gəlmək üçün böyük riskə getdiyimizi yaxşı başa düşürsünüz. Bundan artıq gözləyə bilmərik. Ya müqavilə imzalanacaq, ya da evə qayıdacağıq.
- Sizi başa düşürəm, cənab Messi. Leo üçün ən yaxşısını etmək istəyirsiniz, amma inanın ki, bu mövzuda sizinlə eyni fikirdəyik.

Bu anda Reşak əlini cibinə salıb, qələm çıxardı. Sanki yenə nəsə axtarırdı. Üstünə əl gəzdirdikdən sonra ayağa qalxdı, bara yaxınlaşıb bir neçə salfet götürdü və masaya qayıtdı. Salfetlərdən birinin üzərisini yazarkən danışmağa başladı:

"Şərtlərin sizi məmnun edəcəyinə inanıram. Leo "La Masia”da yaşayacaq və bütün xərclər bizim tərəfimizdən qarşılanacaq. Onun bütün sağlamlıq məsrəflərini öhdəliyimizə götürəcəyik və sizə "Barselona”da iş tapacağıq. Əlbəttə ki, İspaniyaya köçmək və Leonun İspaniya vətəndaşı olması üçün razılıq verməyiniz lazım gələcək. Ancaq eyni zamanda, Leridada qohumlarınızın yaşadığını hesaba qatsaq, bu, o qədər də çətin olmayacaq”.

Reşak bunları deyərkən qaraladığı salfetə baxırdı.

Xorxe təəccüblənmişdi: "Salfet üzərində anlaşma...”

Reşak: "Adətən, üzərimdə kağız gəzdirirəm, ancaq bu səfər sizi görmək üçün tezbazar çıxdığımdan unutmuşam. Salfetdə yazdıqlarımla bağlı unutduğumu düşündüyünüz əlavə bir şey varsa, deyin”.

Xorxe salfeti gözdən keçirdikcə Leoya baxıb gülümsəyirdi. "Saziş"də xəyal etdikləri, hətta daha da artığı var idi. Oxuyub bitirdikdən sonra Xorxe heç olmadığı qədər xoşbəxt idi. Salfeti "Barselona”nın məşqçisinə uzadıb, başını razılıq əlaməti olaraq aşağı-yuxarı elədi: "Anlaşdıq”.

Çarli Reşak rahat nəfəs aldı. O an dünyada – başda Argentinadakı "Nyuells” və "River Pleyt” rəsmiləri olmaqla – bu dahini əllərindən qaçırdıqları üçün peşman olacaq çox adam var idi.

Yemək bitdikdən sonra Reşak Xorxe və Leoya təşəkkürünü bildirdi. Sonra da salfeti Qaccoli və Minqelyaya çatdırıb, rəsmi müqaviləni ən qısa müddətdə hazır edəcəyinə dair söz verdi. Salfeti onların önündə açanda hər ikisi qəhqəhə atmışdılar.

"Salfet” – Minqelya o qədər bərkdən qışqırmışdı ki, katibəsi təcili salfetə ehtiyacı olduğunu düşünüb, otağa daxil olmuşdu: "Buyurun, cənab Minqelya, bu da salfetlər”. Hamı o an gülümsəmişdi. Ardınca Minqelya və Qaccoli də salfetin altına imzalarını atdılar.
 



Maykl Part – "The Flea" kitabı

 
Sport7.az

OXŞAR XƏBƏRLƏR