Messinin hekayəsi: Futbol tarixini dəyişən əvəzetmə (XVI hissə)

Messinin hekayəsi: Futbol tarixini dəyişən əvəzetmə (XVI hissə)

Rosarioda hava isti idi. Seliya Mariya Solun əlindən tutmuşdu, küçədə gəzirdilər. Önlərində Matias və Rodriqo var idi. Yaxınlıqdakı meydançaya gedirdilər. Mariya futbol oynayan uşaqları izləmək istəyirdi. Şüarlar, qəhqəhələr, bir sözlə, səs-küy ətrafı bürümüşdü. Bu anda Seliya köhnə günləri xatırladı. Leonun gülüşünü bir neçə küçə uzaqlıqda olsa belə, seçə bilirdi. Meydançaya çatanda bəzi uşaqların "Barselona" forması geydiyini gördü.

Oyunun gedişində Matias və Rodriqo da dəmir barmaqlıqların önündə dayanmış anaları ilə balaca bacılarına qoşuldular. Anasının ruhunun yanında olduğunu hiss edən Seliya meydançaya hər baxanda Leonu gördüyünü düşünürdü: komandadakı ən balaca uşaq qapıya doğru irəliləyir, müdafiəçiləri keçib, zərbə endirir və top qapıçının başı üzərindən qapıya daxil olur.

Saatına baxanda özünə gəldi: "Vaxtdı, uşaqlar. Bir azdan oyun başlayacaq. İnana bilirsiniz? Leo bu gün əsas komandanın heyətində oynamalıdı".

Birlikdə tezbazar evə doğru hərəkətləndilər.

***

Leo "Barça"nın paltardəyişmə otağına girəndə komandanın üzvləri formalarını geyinirdi. O da şkafını açıb, formasını götürdü. Təqvim 1 may, 2005-ci ili göstərirdi. Messi daha əvvəl oynadığı matçda komandasına penalti qazandırıb, qol epizodlarına girməklə baş məşqçi Frank Raykardın diqqətini çəkmişdi. Əsas komandanın heyətində oynayacağı üçüncü oyun idi. "Barselona"nın rəqibi "Albasete" idi. 17 yaşlı Leo komandanın ən gənc oyunçusu idi.

"Qırmızı-göy" bir "kölgə" belinə vuraraq yanından ötdü. Dostu İnyesta idi. "Şou zamanıdı, Leo" - dedi Andres.

Matçın 87-ci dəqiqəsi idi. Leo meydana çıxmağa hazırlaşırdı. Samuel Eto'onu əvəzləyəcəkdi. Səs-küydən heç nə eşidə bilmirdi. Həyəcandan, az qala, ürəyi dayanacaqdı. Həyatı boyunca bu anların xəyalını qurmuşdu.

Meydana daxil olduqdan sonra çox keçməmişdi ki, Ronaldinyo topu müdafiəçilərin üzərindən aşırıb, Leonu qapıçı ilə təkbətək qoydu. Messi fərqlənsə də, ofsayd səbəbindən qol qeydə alınmadı. Soyuqqanlılığını itirməyən Leo gülümsədi. Əsas komandadakı ilk qolunu vurmaq üçün bir az da gözləməli idi.

Cəmi bir dəqiqə sonra, demək olar ki, eyni epizod yenidən təkrarlandı. Ronaldinyo növbəti dəfə topu müdafiənin üzərindən aşırıb, Messiyə göndərdi. Leo isə soyuqqanlı şəkildə topu qapıçının başı üzərindən aşırdı və QOOOOOL!!!

Qoldan sonra Ronaldinyo Messini belinə aldı. Stadion onun adını qışqırırdı. Komanda yoldaşları ilə sevincini bölüşdükdən sonra barmaqları ilə göy üzünü işarət edərək, "Barça" forması ilə vuracağı saysız-hesabsız qolların ilkini buralara gəlməyində ən böyük pay sahibi olan nənəsi Seliyaya həsr etdi.


Meydanın kənarında baş məşqçi Frank Raykard köməkçisi Pere Qratakosu qucaqlamışdı. Tribunada olan Xorxe Messi isə yerində dayana bilmir, Leonun adını hayqıran yanındakı azarkeşi öpürdü. Məşqçilərin arxasındakı oturacaqlarda olan Maria Minqelya da sevincdən "uçurdu". Şübhəsiz ki, Karles Reşak həmin an həm də özü ilə qürur duyurdu.

Həm Rosario, həm də Argentinanın digər bölgələrindəki azarkeşlər, ailələr, məşqçi Apa, cənab Qriffa, Qabriel Diqerolamo, Ernesto Vekkyo, Karlos Morales, həkim Şvartsştayn, tır sürücüləri, meyvə-tərəvəz satıcıları, müəllimlər, tələbələr və gələcəyin futbolçuları... - hamı rosariolu/argentinalı Leo Messinin, namı digər "pibe"nin (qızıl oğlan) "Barselona" forması ilə vurduğu ilk qolu qışqıraraq qeyd edirdi. (SON)
 


Maykl Part - "The Flea" kitabı


Sport7.az

OXŞAR XƏBƏRLƏR