Messinin hekayəsi: Həkimlə görüş və Leonun Peru sərgüzəştləri (VI hissə)

Messinin hekayəsi: Həkimlə görüş və Leonun Peru sərgüzəştləri (VI hissə)

Xorxe Messi otağa daxil oldu və Leonu yuxudan oyatdı:

- Sənə əla xəbərlərim var, Leo. "Cüzamlar”ı Dostluq kubokuna dəvət ediblər. Limaya gedirik.
- Peruya?
- Hə. Bu, fəxr ediləsi bir şeydi. Argentina, Çili, Ekvador və Kolumbiya kimi ölkələrin ən güclü komandaları orada üz-üzə gələcəklər.

Leo bir ilə yaxın idi ki, "Nyuells Old Boyz”a qoşulmuşdu. "Cüzamlar” həmin il böyük uğurlara imza atmışdılar. Onlar "Rosario Sentral” da daxil olmaqla, rəqiblərinə qarşı oynadıqları bütün matçlardan qalib ayrılmışdılar. Leonun komandasındakı uşaqların, demək olar ki, hamısı 87, ya da 88 təvəllüd idi. Buna görə də, onlara "87-lər” deyirdilər. "87-lər”in növbəti dayanacağı Perunun paytaxtı Lima olacaqdı.

Xorxe Malvinasdakı iri cüssəli kişinin ona verdiyi vizit-kartı Leoya göstərərək dedi: "Amma ilk əvvəl başqa bir işimiz var. Həkimə getməliyik”.

Ertəsi gün Seliya və Xorxe oğulları Leo ilə birlikdə klinikalardan birinə üz tutdular. Gözləmə otağı bir divan və bir neçə stul istisna, demək olar ki, boş idi. Ortada üzərində köhnə jurnallar olan masa diqqət çəkirdi. Leo və anası divanda oturdular.

Xorxe buz-şüşəli qapının üzərindəki düyməni basdı. Qapı açıldı və yaşlı bir xanım ondan ad istədi. Xorxe Leonun adını verdi. Qadın dərhal qapını bağladı. Xorxe çaşbaş qaldı. Oğlu və xanımına baxaraq çiyinlərini çəkdi.

Leo əlini cibinə salanda limonun orada olduğunu hiss etdi. Limonu yerə atıb, ayağı ilə oynamaq istəyəndə qapı açıldı və bu səfər həkim Şvartsştayn gülümsəyərək onları qarşıladı. Bu, "Nyuells”in bazasında Leonun atasına vizit-kartını təqdim edən adam idi. Həkim Xorxenin əlini sıxdı və dedi: "Sizi burda görməyimə çox sevindim, cənab Messi”.

Leo limonu cibinə qoydu və ayağa qalxdı. Anası onun yanından ayrılmırdı. Həkim Şvartsştayn onları çağırdı.

- Gəlin. Axır ki, səninlə görüşə bildik, Leo.
- Çox sağ olun.
- Səni futbol oynayanda izləmişəm. Mən də sənin xüsusi istedada sahib olduğunu düşünürəm. Burada nə işlə məşğul olduğumu bilirsən?
- Hə, uşaqlara böyümələri üçün yardımçı olursunuz.
- Düzdü. Bədənində böyüməyə kömək edən hormon var, ancaq normal işləmir. Əslində, uşaqların çoxu bu problemlə üzləşir. Tibbin inkişafı sayəsində məsələni həll etmək artıq mümkündü.
- Yəni boyum uzanacaq?
- Hə, düz tapmısan.

Cavab Leonu rahatlatmışdı. O, həkimə heyranlıqla baxırdı.

Şvartsştaynın laboratoriyası sadə və dağınıq idi. Leo xəstə yatağına uzandı. Əlindəki şprislə Messiyə yaxınlaşan həkim dedi: "Bir az qan götürəcəm. Testlər üçün lazımdı, qorxma”.

Leo qorxmadan başı ilə təsdiq işarəsi verdi. Həkim iynəni Leonun qoluna batırdı: "Bu, sadəcə bir neçə saniyə davam edəcək”. Leo əvvəlcə üzünü turşutsa da, "Mən yaxşıyam” deyə qarşılıq verdi.

Xorxe iynədən qorxduğu üçün gözlərini tavana zilləmişdi. Seliya isə qorxmasın deyə, oğlunun əlindən tutmuşdu.

Balon tamamilə qanla dolmuşdu. Həkimi işini tamamladıqdan sonra iynənin yerinə band yapışdırdı: "Elə də qorxulu deyildi, hə?”

-Yox, həkim, heç incitmədi.
-Səni ilk dəfə görəndə cəsur biri olduğunu anlamışdım. Rəqib oyunçular səni yıxıb, topu ayağından almağa çalışsalar da, axıra kimi mübarizə aparırdın. Hətta sənə arxadan zərbə də vurdular. Hə, yerə yıxılanda da ağlayıb sızlamırdın. Onda sənin qorxmaz biri olduğunu bilmişdm. Bir şey də diqqətimdən qaçmadı. Rəqibin əleyhinə cərimə zərbəsi və ya penalti verilsin deyə, yalandan özünü yerə atmırsan.

Xorxe müdaxilə etdi: "Leo heç vaxt belə hiylələrə əl atmır. Heç vaxt!” Həkim əlavə elədi: "Bu arada, siz artıq diqqətinizi tavandan ayıra bilərsiniz, cənab Messi”.

Həkim Şvartsştayn Messi ailəsini klinikanın çıxışına qədər müşayiət elədi: "Test nəticələri məlum olan kimi sizə xəbər verəcəm”.

Xorxe: "Təşəkkür edirəm, həkim. Bizim üçün etdiklərinizə görə sizə nə qədər minnətdar olduğumu sözlə ifadə edə bilmirəm”.

Həkim gülümsədi: "Mən sadəcə işimi görürəm”.

***
13-cü Dostluq kubokuna ev sahibliyi edən Lima şəhəri Rosariodan 2 min 800 km. uzaqlıqda yerləşirdi. Avtobusla 68 saatlıq yol idi. Təyyarə ilə səyahət isə 3 saata başa gəlirdi. İl boyunca əla oyun nümayiş etdirən "Nyuells” turnirdə iştirak haqqı qazanmışdı.

"Nyuells” personalı və oyunçular Limada turnirin keçirildiyi bölgədəki ailələrin yanında qalırdılar. Mendes ailəsi evlərinin qapısını Leo və Xorxenin üzünə açmışdı. Onların oğlu Kevin turnirin yerli iştirakçılarından "Kantolao”da oynayırdı.

Turnir "cüzamlar" üçün uğurlu alındı. "Nyuells” Dostluq kubokundakı bütün matçlarından qalib ayrılaraq finala yüksəldi. Həlledici matçdakı rəqib isə "Kantolao” idi. Dostluq kubokunu izləyən futbolsevərlər Leonun bacarığından xəbərdar olsalar da, hər halda, "Kantolao”ya qarşı oyunda baş verəcəkləri təxmin edə bilməzdilər.

Leo izləyicilərin olduğu sıraların ən yuxarısında dayanmış, matçın ilk hissəsində 5 qol vurduğu meydançaya baxırdı. Oyunlarda fasilə olanda azarkeşlər, adətən, ya tualetə gedirlər, ya da yeyib-içmək üçün bir şey almağa çalışırlar. Amma bu səfər Leoya görə yerlərində qalmışdılar. Messi meydançaya qayıdanda yuxarı sıralardan aşağıya doğru topla oynayaraq düşməyə başladı. O, havaya atdığı topu dizləri, baldırı və ayağının üst hissəsi ilə saxlayıb yenidən havaya qaldırır, həmişəki çiləmə oyununu oynayırdı. Leo sıralar boyu irəliləyəndə həm uşaqlar, həm yaşlılar heyrət içində onu izləyirdilər.

Messi pilləkənlərlə aşağı endikdən sonra gülümsəyərək azarkeşləri salamladı. Bu müddət ərzində top ayağından yerə heç düşməmişdi. Tamaşaçılar "Davam, Leo” deyə qışqırırdılar. Messi meydançaya ayaq basdıqdan sonra topla yerindən götürüldü. 

İkinci hissədə Leo daha üç dəfə fərqləndi və "87-lər” "Kantolao”ya qarşı oynadıqları final matçını 10:0 hesabı ilə qazanaraq çempion oldular. Oyundan sonra Kevin Mendes Leoya yaxınlaşdı: "Daha öncə heç kim bir oyunda 8 qol vurmamışdı – nə burada, nə də başqa yerdə. Belə şeyin şahidi olmamışdım. Maradonaya bənzəyirsən”. O, əlini Leoya uzatdı və görüşdülər.

Sonra birdən Kevinin ağlına bir sual gəldi: "Bunları necə edirsən?”

- Nəyi necə edirəm?
- Bunları da... Belə oynamağı... Kimdən öyrənmisən?

Cavab verməyən Leo başını qaşıdı. Daha əvvəl də bu sualı verənlər olmuşdu, ancaq o, həmişə olduğu kimi, yenə nə deyəcəyini bilmirdi. Bu sual onu utandırırdı. Sonunda birtəhər dilləndi: "Bilmirəm”. Gözlərini işarət etdi və əlavə etdi: "Bular sayəsində öyrənmişəm. Mən oynamaq üçün yaşayıram”.

Çiynini çəkən Leo dostuna baxdı və gülümsədi. Sonda formasını çıxarıb Kevinə verdikdən sonra oradan uzaqlaşıb komandasının yanına qayıtdı.

Kevin Mendes 10 nömrəli qırmızı-qara formanı bərk-bərk əlində tutmuşdu. Məhz həmin gün o, Dostluq kuboku boyunca evlərində qonaq olan, topla əsrarəngiz işlər görən uşağı unutmamaq üçün formanı ömrünün sonuna qədər saxlayacağına dair özünə söz verdi.

Maykl Part - "The Flea" kitabı



Sport7.az

OXŞAR XƏBƏRLƏR