Messinin hekayəsi: Leo

Messinin hekayəsi: Leo "Nyuells"də (V hissə)

Leo topu sinəsi ilə saxlayıb yerə endirdi və sol ayağı ilə qarşısına atıb rəqib qapısına doğru irəliləməyə başladı. "Qrandoli"nin yarımmüdafiəçilərindən biri "Arxanda oyunçu var, Leo" deyə qışqırırdı. Ancaq Messi, onsuz da, rəqibinin arxadan gəldiyini bilirdi. Leo topu sağ ayağına alıb, sonra yenidən sol ayağından istifadə edəcəkmiş kimi göstərdi və rəqib müdafiəçini aldatdı. Sağ ayağı ilə topu irəli daşıyaraq daha bir müdafiəçini geridə qoydu və topu qapıçının başının üzərindən aşırdaraq həm "Qrandoli"nin, həm də özünün üçüncü qoluna (hettrik) imza atdı.

Cənab Qriffa həmin matçı izləyənlər arasında idi. O, "Qrandoli"nin tribunalarında heç bu qədər insan görməmişdi. Əslində, bura elə də tez-tez gəlməzdi. Gəlməyinə ehtiyac da yox idi, çünki şəhərin ən pis komandasından bir dahinin çıxması imkansız görünürdü. Ümid edirdi ki, dostu Apa onu stadionda görməyəcək. Çünki Apa ilə görüşmək üçün orada deyildi. Bəzilərinin "Maradonaya bənzər dahi" adlandırdığı Leo Messiyi görmək üçün gəlmişdi. Uşağı diqqətlə izləmək istəyirdi, ona görə də ön sıralarda bir neçə boş oturacaq olmasına baxmayaraq, arxada oturmağa üstünlük vermişdi. Qriffa məşqçi Apa ilə göz-gözə gələndə gülümsədi. Gözlənilən an yetişmişdi.

Apa şəhərin ən məşhur futbol klubu olan "Nyuells Old Boyz"da çalışan cənab Qriffanı görən ilk adam deyildi. Leonun qardaşları Matias və Rodriqo həmin gün Apanın yanında idilər. Onlar Qriffanı məşqçiyə göstərmişdilər. Apa onun stadiona gəlmə səbəbini anlamışdı. Yəqin ki, öz-özünə "Birə (Messinin ləqəbi) üçün burdadı. Ümid edirəm, bu gün Leo çoxlu səhv edəcək" deyə düşünmüşdü.

Amma yox, Leo həmin gün cənab Qriffanın önündə hettrik edəcək qədər möhtəşəm idi. Apa yüksək səslə deyinirdi: "Niyə bu gün pis oynamırsan axı?"

Leonun atası Xorxe baş verənləri öyrənmək üçün Apaya yaxınlaşdı. O, Qriffanı yaxşı tanıyırdı. Xorxe 13 yaşı olanda "Nyuells"də oynamışdı və böyük oğullarının hər ikisi 7 yaşından bəri "Old Boyz"un formasını geyinirdi. Messi ailəsi "qırmızı-qaralar"ı çox sevirdi. Xorxe və oğulları "cüzamlar"dan ("Nyuells"in ləqəbi, ətraflı məlumat üçün mətnin sonundakı qeyd hissəsinə nəzər salın) biri olduqları üçün fəxr edirdilər. Şəhərin digər klubu "Rosario Sentral"la onlar arasında uzun müddətdir davam edən rəqabət var idi. Ancaq Messi ailəsinin ürəyində "Nyuells"dən başqa komandaya yer yox idi.

Qriffa fikrini qətiləşdirmişdi. Yerindən qalxıb, digər izləyicilərdən üzr istəyərək ön sıralara doğru irəlilədi və iki pilləkən də endikdən sonra meydanın kənarına yaxınlaşdı. Daha sonra Rodriqo və Matiası yanına çağırdı.

Matias: "Buyurun, cənab Qriffa".
Qriffa: "Məşqə gələndə balaca qardaşınızı da özünüzlə gətirərsiniz".
Rodriqo: "Oldu, cənab Qriffa".

Qriffa bir qədər uzaqlaşdıqdan sonra geri dönüb dedi: "Məni dəvət etdiyiniz üçün təşəkkür edirəm". Ardınca şəhərin digər başında yerləşən "Nyuells Old Boyz"un stadionuna gedən kələ-kötür yola doğru hərəkətləndi. Matias və Rodriqo təəccüb içində bir-birlərinə baxırdılar. Qriffa onları eşidə bilməyəcək qədər uzaqlaşanda Matias Rodriqoya dedi: "Onu mən dəvət etməmişdim, sənin işindi?"

Rodriqo başını sağa-sola yellədi və atasına baxdı, o da inkar əlaməti olaraq eyni formada cavab verdi. Sonra Qriffaya tərəf baxdılar. Elə həmin anlarda Leonun nənəsi Qriffaya yaxınlaşdı və onu dayandırdı. Aralarında hansısa mövzu haqqında danışmağa başladılar. Rodriqo və Matias nə danışdıqlarını eşitməyəcək qədər uzaqda idilər. Seliya Qriffa ilə sağollaşdı və gülümsəyərək geri döndü. Uşaqların və Xorxenin uzaqdan ona tamaşa etdiyini görən kimi hər iki baş barmağını havaya qaldırdı.

"Nyuells Old Boyz"un futbol komandasının və aşağı yaş qruplarının evi hesab olunan Malvinasın girişində üzərində böyük və qırmızı-qara hərflərlə "Möhtəşəm "Nyuells Old Boys" yazılan divar diqqət çəkirdi. Elə orada meydançaya açılan qırmızı rəngli dəmir qapı da var idi. Meydançaya çıxmaq üçün ilk əvvəl qapıdan, ardınca isə "Xoş gəlmisiniz" yazılan tablonun altından keçmək lazım idi. Leo və nənəsi də buna əməl etdilər.

"Bu iş mənlikdi, Leo" - dedikdən sonra Seliya meydanın kənarındakı Qabriel Diqerolamoya yaxınlaşdı. O, "Nyuells"in aşağı yaş qrupunda çalışan üç məşqçidən biri idi. Komanda çoxdan meydana çıxmışdı. Kiçik qruplar halında, topu itirməmək üçün aralarında qısa pas və yer dəyişdirərək boşluğa açılma çalışmaları üzərində işləyirdilər. Uşaqlara futbol baxımından yaxşı təhsil verilirdi. Leo belə, bunu anlamışdı.

Seliya söhbətə başladı: "Cənab Qriffa Leonu məşqə gətirməyimi istəmişdi, mən də gətirdim". Leoya baxan Diqerolamo dilləndi: "Düşündüyümdən də balacadı. Heç olmasa güclüdü?" Seliya hazırcavablığından qalmadı: "Guya Maradona güclüdü?"

Diqerolamo bərkdən güldü: "Yaxşı, görək balaca Maradona nələrə qadirdi". Sonra isə Messiyə tərəf baxdı və əlavə etdi: "Hansı mövqedə oynayırsan?"

- Mənə harada ehtiyacınız varsa, orada da oynaya bilərəm.
- Qol vurmaqla aran necədi? Tez-tez fərqlənirsən?
- Hə.
- Belə edək: yarımmüdafiəçi kimi başla, sonrasına baxarıq.

Leo razılaşdıqdan sonra meydançaya doğru hərəkətləndi, ancaq sonra sanki nəsə yadına düşdü və geri döndü: "Cənab, mən balaca deyiləm".

Diqerolamo bir anlıq yerində donub qaldı. Bəlkə də, uşaq düşündüyündən də güclü idi: "Yaxşı, səni necə çağırmağımı istəyərsən?" Messinin cavabı bəlli idi: "Dostlarım mənə "birə" deyirlər".

Diqerolamo papağını çıxarıb başını qaşıdı və "Yaxşı, birə" deyərək Leo ilə razılaşdı. Bir anlıq Seliyaya baxdı. Leonun nənəsi dilləndi: "Boyundan o qədər də məmnun deyil".

Messinin narahatlığından xəbərdar olan Diqerolamo fitini çaldıqdan sonra gözünü ona zillədi. Çox keçmədən Messi topu ələ keçirdi. O, gördüklərinə inana bilmirdi.

Bir az sonra digər məşqçilər Ernesto Vekkio və Karlos Morales də ona qoşuldular. Dörd oyunçunun arasında irəlilədikdən sonra topu qapının sağ alt küncünə göndərən Leodan gözlərini ayıra bilmirdilər. Messi artıq "Nyuells"də ilk qolunu vurmuşdu.

Qoldan sonra komandanın yarısı Leonun üzərinə tullanıb, onu yerə yıxdı. Sanki onlar da həyəcanlanmışdılar; bir tərəfdən sevincdən bağırır, digər tərəfdən Messinin saçlarını oxşayırdılar.

Qabriel Diqerolamo, Ernesto Vekkio və Karlos Morales eyni anda arxalarındakı skamyada oturdular. "O zərbəni gördün?" deyə soruşan Morales söhbətə başladı.

Vekkio: "Kor deyiləm".
Diqerolamo: "Deyir ki, mənə "birə" deyin".
Morales: "Birə?"
Diqerolamo: "Hə, ancaq boyu haqqında zarafat etməyin. O mövzuda çox həssasdı".

Vekkio nəsə demək istəyirdi, ancaq sözü ağzında qaldı. Komandanın sevinc qışqırıqları yenidən ətrafı bürüdü. Oyunçular Leoya doğru qaçmağa başladılar. Messi yenidən fərqlənmişdi. Məşqçilər bir-birlərinə baxırdılar. Vekkio qolunu Diqerolamoya uzadıb dedi: "Çimdiklə məni, deyəsən, yuxu görürəm".

***

Xorxe Messi məşqçi Apanın qapısını döyəndə gərgin idi. Onlar çoxdanın dostu idilər. Bu barədə onunla danışmaq çətin idi. "Qrandoli"nin məşqçisi qapını açıb, Xorxeni önündə görəndə gülümsəmənin yerini bədbin sifət aldı: "Nədi, Xorxe? Elə bilirsən, heç nədən xəbərim yoxdu?"

- Apa, yaxşı xəbərlərim var.
- Yaxşı xəbər?
- "Nyuells Old Boyz" Leonu istəyir. Əladı, hə?
- Bunun nəyi yaxşı xəbərdi ki, Xorxe? Rosarionun ən yaxşı futbolçusu mənim idi və indi onu itirmək təhlükəsi ilə üz-üzəyəm.
- Bu, Leo üçün yaxşı xəbərdi.

Apa dərindən ah çəkdi. Qısa müddət sonra özünə gələn məşqçi baş verəcəklərə qarşı çıxmağın mümkünsüz olduğunu anlamışdı: "Haqlısan, dostum. Bu, Leo üçün yaxşı xəbərdi. "Qrandoli" sadəcə bir müddət Leo ilə birlikdə oldu. İndi izin verirsənsə, ağlamaq istəyirəm".

Xorxe gülümsədi. Apa dostuna baxdı, qəhqəhə çəkdi və dedi: "Yas tutmaq mənlik deyil. Leo üçün yaxşı yox, lap əla xəbərdi. Haydı, bunu qeyd edək".

***
Leonun "Old Boyz"dakı sınaq müddəti bir ay davam etdi. "Nyuells"in bütün matçlarında meydana çıxdı, müxtəlif mövqelərdə yoxlanıldı və hamısında uğurlu oldu. Yekunda - bir ayın tamamında Messinin aktivində 28 qol var idi.

Leonun "Nyuells"dəki yoxlama müddəti 1994-cü ilin 21 martında bitdi. Məşqçilər və komandanın sahibi Malvinasdakı balaca ofisdə toplaşmışdılar. Leo atası ilə birlikdə çöldə gözləyirdi. Bir az narahat idi, çünki yanında topu yox idi. Nənəsi Seliya hər doğum günündə ona top hədiyyə edirdi. O, topları otağında saxlayırdı. İndi də top axtarışında idi. Başqa cür rahatlaşa bilmirdi. Narahat baxışlarla ətrafına baxdı və gözü limon ağacına sataşdı. Yaxınlaşıb yerə düşmüş limonlardan birini götürdü və ayağı ilə oynamağa başladı. Həmin dəqiqə özünə gəldi və limonu iki ayağının arasında oynadarkən gülümsəməyə başladı. Sol, sağ, sol, sağ...

Xorxe oğlunun limonla oynamasını kənardan gülərək izləyirdi. Malvinasdakı ofisin pəncərələrində şüşə yox idi, odur ki, içəridə danışılanları az-maz eşitmək olurdu. Biri Leonu "Motsart" adlandırırdı, digəri isə onun necə əla futbolçu olduğundan bəhs edirdi. Bununla belə, Xorxe yekun qərarı tam olaraq eşidə bilməmişdi.

Bir neçə dəqiqə sonra gülərüz məşqçilər otaqdan çıxdılar. Leo və atası ayağa qalxdı. Məşqçi Vekkio söhbətə başladı, sanki Leoya dünya kubokunu təqdim edirdi: "Lionel Messi, "Nyuells Old Boys"un rəsmi üzvü kimi aramıza qatıldığını böyük məmnuniyyətlə demək istəyirəm". Arxasını döndü və Morales ona forma verdi. Leo məşqçinin əlindəki şeyin klubun qırmızı-qara forması olduğunu anlamışdı. Həyəcandan əlindəki limonu yerə salsa da, tezbazar ayağı ilə saxlamağı bacardı. Vekkio formanı Leoya verdi.

O anlarda ofisdən bir adam çıxdı. Əlləri nəhəng, uzun biri idi. Birbaşa Xorxeyə yaxınlaşdı və dedi: "Cənab Messi, oğlunuz haqqında diqqətimə səbəb olan şeylər eşitmişəm. Sizinlə təklikdə danışmaq olar?" Xorxe Messi razılaşdı. Sözügedən şəxs ilk əvvəl ona vizit-kart uzatdı, daha sonra isə birlikdə ofisə daxil oldular.

"Nyuells"in məşqçiləri balaca Leonu təbrik edirdilər. Vekkio: "Haydı, Leo, futbol zamanıdı, başlayaq".

Qeyd: Ötən əsrin 20-ci illərində "Nyuells Old Boyz" və "qırmızı-qaralar"ın əzəli rəqibi "Rosario Sentral"a Karrasko xəstəxanasında müalicə alan cüzam (və ya lepra) xəstələrinə dəstək məqsədli xeyriyyə matçı ilə bağlı təklif göndərilir. "Nyuells" təklifi qəbul etsə də, "Rosario" tərəfi "yox" cavabı verir və oyun baş tutmur. O gündən bəri "Nyuells"in ləqəbi "cüzamlar"dı.

Maykl Part - "The Flea" kitabı



Sport7.az

OXŞAR XƏBƏRLƏR