Messinin hekayəsi: Leonun Pike və Fabreqasla ilk görüşü (XII hissə)

Messinin hekayəsi: Leonun Pike və Fabreqasla ilk görüşü (XII hissə)

Burnunu təyyarənin pəncərəsinə yapışdıran Leo aşağıdakı Argentina mənzərəsini seyr edirdi. Görüntünün dama taxtasına bənzədiyini düşünürdü. Sahili görə bilməyəndə özünü narahat hiss edirdi.

Uçuş 15 saat davam edəcəkdi. Leo film izləmək qərarına gəlmişdi. Ağlı isə Barselonada idi: artıq "Barça"da oynamağın xəyallarını qurmağa başlamışdı. Leo çiynini çəkib, ayağa durdu. Yeməklərin qablaşdırıldığı ön tərəfə doğru addımladı və təyyarə personalından qarşına çıxan ilk adama dedi: "Mənə demişdiz ki, nəsə istəsən, çəkinmə".

- Əlbəttə. Sənə necə kömək edə bilərik?
- Mən "Körpə gəzintidə" filmini izləmək istəyirəm.
- Düşünürdüm ki, "Çətin ölüm" filmini seçərsən. "Körpə gəzintidə" ağlıma belə gəlməzdi.
- "Körpə gəzintidə" mənim ən sevdiyim filmdi. Kinoda evdən qaçan körpənin macəralarından bəhs olunur. Heç kim onun belə inanılmaz şeylər edə biləcəyini təxmin etmir.
- (gülərək) Xüsusilə də körpənin özü.

***
15 saatlıq uçuşun ardından Leo və atası artıq Barselonada idilər. Hava limanından otelə getmək üçün taksi tutdular. "Kamp Nou"nun düz qarşısındakı oteldə qalacaqdılar. 20 dəqiqə davam edən yol boyunca Leo gözünü Barselonanın mənzərəsindən ayıra bilmirdi. Daha əvvəl belə bir şəhər görməmişdi.

Artıq iki gün idi ki, onlar Barselonada idilər. Leo bütün gün otel otağında oturmaqdan bezmişdi. Sadəcə yemək yemək və "Barselona"dan gələcək mesajlardan xəbərdar olmaq üçün aşağı düşürdülər. Ancaq klubdan xəbər yox idi. "Kamp Nou"nun çox yaxında olduğunu bilmək Leonu dəli edirdi. Stadiona getmək istəyirdi, ancaq Xorxe zəng gələcəyini gözlədiyindən, oteldə qalmalı olduqlarını deyirdi.

Səbri tükənən Leo sonda topunu da götürüb, gizlicə otaqdan çıxdı və dəhlizin sonundakı liftə tərəf getməyə başladı.

***
Leo əvvəl soluna, sonra isə sağına baxdı, heç kim yox idi. Otelin ön qapısına doğru irəlilədi. İki saniyə sonra çöldə - İspaniya meydanında idi. Magistralda şütüyən avtomobillərin, yük maşınlarının və motosiklların səsi ətrafı bürümüşdü. Nəqliyyatın hərəkəti dayanmırdı. Leo sağına baxanda qarşısında "Kamp Nou" stadionunu gördü. Bu, onun o günə qədər gördüyü ən böyük stadion idi. Topu yerə atıb, səkidə onunla oynamağa başladı. Topu bir sağ, bir sol ayağına alır, piyadaları aldadır, onu yolda cərgə boyu sıralanan ağacların arasından keçirirdi.

Messi "Kamp Nou"ya çatanda qapıların bağlı olduğunu gördü. İrəlidə muzey mağazası var idi. Turistlər hədiyyəlik əşyalar alır, pəncərədən meydançaya tamaşa edirdilər. Onlara diqqətlə nəzər saldıqdan sonra cibindən kağızı (xəritə) çıxardı, baxdı və yenidən yerinə qoydu. Demək olar ki, çatmışdı. Topu ayağı ilə apara-apara mağazaya daxil olan turistlərə əl sallayırdı. Mağaza gözdən itəndən sonra növbəti köşədə dayandı. Önündə xidməti avtomobillər üçün nəzərdə tutulmuş qapı var idi. İstədiyini tapmışdı. Leo bir az gözlədi. On dəqiqə sonra səs eşitdi. Motosikl səsinə bənzəyirdi. Səs getdikcə yaxınlaşırdı. Nəhayət, qapı açıldı və içi qutularla dolu olan xidməti avtomobildəki adam qapıdan çıxıb, muzey mağazasının yolunu tutdu. Bu əsnada Leo gizlicə stadiona daxil oldu. Qapılar avtomatik olaraq qapandı və Messi artıq içəridə idi.

Bir neçə klub işçisi istisna olmaqla, "Kamp Nou"nun səma ilə yarışan nəhəng tribunaları boş idi. Leo həyatı boyunca burada olmağın xəyalını qurmuşdu və artıq zamanı çatmışdı. Topu ilə birlikdə sakitcə meydana daxil olmağa çalışdı. Kənar cizgiyə yaxınlaşsa da, onu keçməyə cəsarəti çatmadı. Öz-özünə "Kamp Nou"da oynamağı haqq etməliyəm" deyə düşünürdü. "Barça" hələlik müqavilə təklif etməmişdi, ona görə də burada oynaya bilməzdi. Həm də "Kamp Nou"da olma səbəbi meydançanı görmək deyildi. Ağlında başqa bir şey var idi.

Hara gedəcəyini bilirdi, xəritəyə baxmağına ehtiyac yox idi. Meydançanın ətrafını dolanıb, digər tərəfdəki tunelə girdi. Tuneldən çıxandan sonra qarşısında başqa bir meydança var idi. Bu meydança daha balaca idi. Bura Avinquda de Xoan XXIII və Karrer De La Maternitat yollarının arasında yerləşirdi. Leonun axtardığı şey balaca meydançanın arxasında idi. Köhnə binanı dərhal tanıyan Leo öz-özünə mırıldandı: "La Masia".

Leo "La Masia" haqqında hər şeyi bilirdi: buranın 1702-ci ildə "Kamp Nou"nun əsgər düşərgəsi kimi mövcud olduğu dönəmdə memarların məskunlaşması məqsədilə inşa edildiyini, gənclərdən ibarət komandaların evi olduğunu və s. Ancaq "La Masia"nın içərisinin necə göründüyü haqqında heç bir fikri yox idi.

Leo "La Masia"nın taxtadan olan böyük qapısına doğru addımlayırdı, birdən qapı açıldı və o, akademiyanın iki oyunçusu ilə qarşılaşdı. Onların ardınca yaşları nisbətən böyük olan daha iki nəfər gəlirdi.

Yerində donub qalan Leo qaçmaq istəsə də, hərəkət edə bilmədi. Oyunçulardan biri ona baxaraq dedi: "Burada nə işin var?"

Leo öz ləhcəsi ilə küçə yaxınlığındakı xidməti qapıdan içəri girdiyini izah etməyə çalışırdı. Argentina ispancasında "portero" ifadəsini işlətdi, ancaq bu, daha çox katalon dilində "qapıçı" mənasına gələn "porter" kimi başa düşüldü. Uşaqlar gülməyə başladılar. "İçəriyə qapıçını keçərək girmisən?" deyərək Leonun üzərinə getdilər. Aralarındakı ən uzunboy uşaq dilləndi: "Deyəsən, səni çölə çıxarmalı olacağıq".

Sözlərinə davam etmək istəyirdi ki, Leo geriyə doğru qaçmağa başladı. Uşaqlar ona baxaraq gülürdülər. Jerar Pike adlı uzunboy Leo ilə eyni yaşda olan yoldaşına tərəf çevrilərək dedi: "Haydı, günorta yeməyimizi yeyək, Sesk".

Leo qapıya çatana qədər dayanmadan qaçdı. Asfaltdakı sensoru keçdi və qapı açılandan sonra özünü çölə atdı. Yenidən İspaniya meydanında idi. Küçənin yuxarısındakı otelə çatana qədər bir də qaçmağa davam etdi.

***
Leo atasına başına gələnləri danışırdı, Xorxe isə təəccüb içində ona qulaq asırdı. Oğlundan uşaqların boyu, geydikləri forma, bir sözlə, mümkün olan bütün detalları soruşdu. Sonda Xorxe oğlunu qucaqlayaraq dedi: "Əla gün keçirmisən. Təəssüf ki, "La Masia"nın içərisinə girə bilməmisən".

Leo cavab verdi: "Bir gün "La Masia"nın içinə də girəcəm, ata. Mütləq bir gün bunu edəcəm".
 


Mənbə: Maykl Part ("The Flea" kitabı)

Tərcümə: Rüfət Məcid ("Messiah" blogu üçün)
 

Sport7.az

OXŞAR XƏBƏRLƏR