Messinin hekayəsi: Leo şəhərin ən zəif komandasında (III hissə)

Messinin hekayəsi: Leo şəhərin ən zəif komandasında (III hissə)

Leo toz-torpaq içində olan ayaqqabıları ilə topu sağ ayağından sol ayağına keçirirdi. Nənəsi ilə birlikdə "Qrandoli”nin stadionuna gedirdilər. Meydança ilə Leogilin evi arasında bir neçə küçə var idi. Həmişə olduğu kimi, Rosarioda hava isti idi. Nənəsi ilə "Qrandoli” haqqında söhbətləşirdilər:

- Hamı "Qrandoli”nin şəhərin ən zəif komandası olduğunu bilir.
- Nə olsun, mən sadəcə oynamaq istəyirəm.
- Əla. Əslində, zəif olmaları sənin üçün də yaxşıdı.
- Doğrudan?
- Hə, zəif komandaların yaxşı oyunçuya ehtiyacları olur, elə deyil?
- Hə, amma o, kimdi?
- Sənsən, Leo, sənə ehtiyacları var. Sənin necə yaxşı oynadığın haqqında heç bir fikirləri yoxdu. Özümüzü onlara göstərmək zamanıdı. Məşqçi ilə mən danışacam.
- Məni komandaya götürməsə, necə olacaq?
- İnan mənə, götürəcək.

Nənə və nəvə Parana çayının kənarı boyunca irəliləyirdilər. Leo palçıqlı suyun və limanın yolunu tutan gəmilərin qoxusunu hiss edirdi. "Qrandoli”nin meydançasına çox az qalmışdı. Leonun ürək döyüntüləri sürətlənirdi. Futbol oynamağın düşüncəsi belə, onu həyəcanlandırmaq üçün kifayət edirdi.

"Qrandoli”nin meydançası sərt və kələ-kötür idi. Messi ora çatanda iki komanda birlikdə məşq edirdi. Leo onları izləmək əvəzinə, meydana çıxıb oynamaq istəyirdi. O, iki əli ilə dəmir barmaqlıqlardan tutmuş, burnunu isə onların arasına salmışdı. Gözünü toptan ayırmırdı. Birdən nənəsi Seliya səssizliyi pozdu və onların arasında belə bir dialoq yaşandı:

- Burda gözlə, mən məşqçi ilə danışıb gəlirəm.
- Yaxşı. Oynamaq istəyirəm, ancaq bir tərəfdən də mən bu uşaqlarla oynaya bilməyəcək qədər balacayam. Məndən çox böyükdülər.
- Yaxşı bax, meydanda neçə uşaq görürsən?
- Elə bil, komandaların birindəki uşaq sayı digərindən azdı.
- Ay sağ ol. Komandalardan birində bir oyunçu əskikdi. Leo, hansısa bir işdə uğur qazanmaq istəyirsənsə, sonadək mübarizə aparmalısan. Başqa yolu yoxdu. Hə, indi de mənə, qorxub qaçacaqsan?

Leo başını sağa-sola yellədi. Bu, "yox” anlamına gəlirdi. Seliya gülümsəyərək Leonun saçlarını oxşadı və məşqçi ilə danışmaq üçün ordan uzaqlaşdı. Messi bir müddət nənəsinin arxasınca baxdıqdan sonra diqqətini yenidən matça yönəltdi.

Məşqçi Aparisio (qısaca Apa) irəli-geri getməkdən qan-tər içində qalmışdı. Arxasını dönəndə Seliya ilə burun-buruna gəldi. Yanından keçməyə çalışsa da, Messinin nənəsi onun önünü kəsdi. Aparisio məcburiyyətdən dilə gəldi: "Nəsə olub?”

- Bir oyunçunun əskik olması çox pis haldı, Apa. İşlər, deyəsən, qaydasında getmir.
- Futbolçulardan birinin əskik olduğunu hardan bilirsən?
- Nəvəm dedi. Bax, o uşaq.
- Hə, balaca Leo. Burdan baxanda güclə seçilir.
- Komandanın nə qədər pis oynadığını görmürsən, hə?
- Başlama yenə, Seliya. Mənə Leonu oynatmalı olduğumu demək istəyirsən?
- Niyə də yox?
- Çünki çox balacadı. Digər uşaqlar hara, o hara, onu əzərlər. Sonra da mən göz yaşları, yaralar və səninlə başa çıxmaq məcburiyyətində qalacam.
- Narahat olma, ona bir şey olsa, özüm meydandan uzaqlaşdıraram.
- Seliya, özün də bilirsən ki, onu canlı-canlı yeyərlər.
- Apa, sənə nə vaxtsa yalan danışmışam? Ona bir şans ver, peşman olmayacaqsan.
- Of, yaxşı, sənlə bacarmaq mümkün deyil.
- Əslində, bu səfər qazanan tərəf sən oldun, bir azdan görəcəksən.

Apa könülsüz şəkildə Leonun yanına getdi və çox zərər görməsin deyə, ona yarımmüdafiədə oynayacağını dedi. Oyunçulara isə Messiyə qarşı sərt oynamamağı tapşırdı. Bu an komandanın kapitanı önə çıxdı: "Budu yeni oyunçu? O, uşaqdı, burda nə işi var?” Onunla Leo arasında çox böyük boy fərqi var idi. Apa dərhal onu susdurdu: "O, uşaq deyil, sadəcə, boyu balacadı. İndi meydana çıxın və dediklərimi edin”.

Messi eşitməsin deyə, məşqçi sakit səslə bütün bunları demişdi. Kapitan razılıq əlaməti olaraq başını yellədi və meydana qayıtdı. Apa yenidən kənardakı yerini aldı.

Messi ilk əvvəl meydanda nə edəcəyini bilmirdi. Hər tərəfdən üstünə oyunçu gəlirdi. Ətrafa göz gəzdirib, diqqətini topa yönəltdi. Əslində, qorxudan dizləri titrəyirdi. Seliya kənardan "Qaç, Leo, topu al” deyə bağırırdı.

Leo birdən hərəkətləndi və fırtına kimi meydanın digər tərəfinə qaçıb, topa yaxınlaşdı. Ancaq heç kim ona ötürmə vermək istəmirdi. Sanki yeni komanda yoldaşları onu görmürdülər. Leo əl çəkmədi. Messi ayağında top olan rəqib oyunçuya yaxınlaşdı və ona təzyiq etməyə başladı. Qarşısındakı futbolçunun növbəti həmləsini təxmin edirdi. Rəqib oyunçu topu Leonun ayaqlarının arasından keçirməyə çalışanda Messi ayaqlarını qapadı və topu ondan aldı. Ətrafına baxanda qapıdan 25-30 m. uzaqlıqda olduğunu gördü.

Top ayağına təmas edər-etməz Messi sakitləşdi. Artıq nə edəcəyini bilirdi. Müdafiəçilər üstünə gəlsələr də, onları keçib irəliləyirdi. Sanki top ayağına yapışmışdı.

Apa qaçaraq barmaqlıqların yanında dayanan Seliyaya yaxınlaşdı və dedi: "Bunu gördün? Onu saxlaya bilmirlər. Cin kimidi, dayandırmaq olmur”. Seliya elə bunu da gözləyirmişcəsinə cavab verdi: "Cin kimi – bu söz xoşuma gəldi”.

Müdafiəçi itirdiyi topu geri almağa çalışsa da, Leo sakitcə sola döndü və topu sürətli şəkildə sola daşıyaraq daha bir oyunçunu keçdi. Hələ də qapı ilə arasında məsafə var idi. Önünün açıq olduğunu görüb, güclü sol ayağı ilə zərbə endirdi və top qapıya daxil oldu. Leonun o an tək eşitdiyi səs nənəsinin səsi idi. Seliyanın olduğu yerə baxdı və gülümsədi. "Bu, sənin üçün idi, nənə” – sanki baxışları ilə bunu demək istəyirdi.

Apa matçın geri qalan hissəsini birlikdə izləmələri üçün Seliyanı yanına çağırdı. Leo beşinci qolunu qapıdan keçirəndə məşqçi sevincindən hətta Messinin nənəsini yanağından öpdü. Onun vurduğu hər qol bir əvvəlkindən daha gözəl alınırdı. Artıq Apa da inanmışdı: o, uşağın doğuşdan istedadlı olduğunu, o qədər də çox çalışmağa ehtiyacı olmadığını düşünürdü. Demək olar ki, Leonun ayağına düşən hər top qol olurdu.

Oyundan sonra bütün uşaqlar Leonun ətrafına yığışıb, onu qucaqlayırdılar. Messi narahat idi, utanırdı. Daha əvvəl heç kim ona qarşı belə davranmamışdı – xüsusilə də tanımadığı adamlar.

Leo valideynlər və digər azarkeşlər tərəfindən "mühasirəyə alınan” nənəsinin və məşqçi Apanın yanına yaxınlaşdı. Seliya dilləndi: "Getmək vaxtıdı, Leo”.

Leo və nənəsi uzaqlaşarkən Apa qışqırdı: "Sabah məşqə gəlməyi unutmayın. Seliyanın cavabı məşqçinin tam ürəyincə oldu: "Gələcək, gələcək. İkimiz də sabah saat 4-də burda olacağıq”.

Gözlərinin içi gülən Apa valideynlərə baxaraq dedi: "Bu uşağı heç vaxt oyundan çıxarmayacam”. 

Maykl Part - "The Flea" kitabı



Sport7.az

OXŞAR XƏBƏRLƏR