Messinin hekayəsi: Leo və

Messinin hekayəsi: Leo və "River Pleyt" (X hissə)

Buenos Ayresə gedən avtobus 5 dəqiqə gecikirdi. Leo və atası məhəllənin aşağısındakı köşədə gözləyirdilər. Bu səyahət üçün xüsusi hazırlıq görmüşdülər. Əyinlərindəki geyim başda olmaqla, hər detala fikir vermişdilər. Leonun köynəyinin yaxası onu narahat edirdi; elə hey yerində tərpəşirdi. Əynindəki paltarı çıxarıb formasını geyinmək üçün səbirsizlənirdi. Xorxe isə parça şalvar, ağ köynək geymiş və qalstuk taxmışdı. Köynəyinin yaxa hissəsi çox dar olduğu üçün o da özünü narahat hiss edirdi.

Buenos Ayresə avtobusla səyahət 4 saatlıq yol deməkdi. Avtobus çox köhnə idi. Dəridən olan oturacaqlar cırıq-cırıq idi, pəncərələr bağlanmırdı. Xorxe nə qədər çalışsa da, pəncərəni bağlamaq mümkün olmadı. Leo və atası yoldan keçən avtomobillərdən çıxan işlənmiş qaz qoxusu ilə nəfəs almaq məcburiyyətində idilər. Sonda canından bezən Xorxe əynindəki jaketi çıxarıb pəncərəyə dayadı.

Buenos Ayres duman içində idi. Avtobus Avenida Fiqeroa Alkorta terminalına çatanda ətrafı görmək, demək olar ki, mümkünsüz idi. Leo və atası şəhərin ən böyük futbol təsisi olan – "River Pleyt”in stadionunun yaxınlığında idilər. Stadion şəhərə baxan təpənin üzərində yerləşirdi. Leo buranı anasının üst-üstə düzdüyü yemək qablarına bənzədirdi. Onlar avtobus terminalından stadiona getmək üçün taksiyə əyləşdilər. Taksinin arxa oturacağına oturan Leo burnunu pəncərədən ayırmırdı. Stadionun önündən keçəndə sürücüdən soruşdu: "Dayanmayacağıq?”

Taksi sürücüsü: "Seçmələr bir az qabaqda keçirilir”.

Leo üzgün halda arxaya yaslandı. O, sevimli futbolçuları – Qabriel Batistuta və Ernan Kresponun gözəl qollara imza atdığı möhtəşəm stadionda oynamağın xəyalını qururdu. Xorxe oğlunun üzündəki ifadədən nə düşündüyünü hiss edirdi. O, Leonun çiyninə yavaşça yumruq vuraraq dedi: "Narahat olma, az qalıb, bir azdan meydançada olacaqsan”.

Bu arada taksi sürücüsü söhbətə müdaxilə etdi: "Siz azarkeşsiniz?”.

Leo və atası bir-birilərini süzdülər. Xorxe dilləndi: "Biz Rosariodan gəlirik”.

Bunu eşidən sürücü qəhqəhə çəkdi: "Cüzamlar”ın azarkeşləri! Yəqin ki, pərişansınız”.

"Başqalarının yanında ailəmdən əsla şikayət etmərəm” deyə əlavə edən Xorxe də ona qoşuldu.

Biçiminə xüsusi diqqət edilən, yamyaşıl ot örtüyü, aşkar seçilən meydan cizgiləri... - "Monumental” stadionunun yanındakı məşq meydançası Leonun indiyə qədər gördükləri arasında ən yaxşı idi. Üstəlik, qapı torları oyunçuların analarının tikdiyi rəngarəng qumaşlardan hazırlanmamışdı.

Leo meydançaya doğru addımlayanda çox həyəcanlı idi. Onun diqqətini cəlb edən ilk şey komandaya girmək üçün seçmələrdə iştirak edən uşaqların növbəyə girməsi idi. Messi onlara qatılıb sıranın sonuna keçdi və səbirlə gözləməyə başladı.

Xorxe oğlunun yanında olmaq istəsə də, dəmir hörgünün arxasında qalmaqdan başqa çarəsi yox idi. Leonun növbənin sonunda sıra tutduğunu gördükdən sonra üzünü barmaqlıqlara dayadı. Məşqçilər ilk əvvəl Messini görmürdülər. Xorxe onun seçmələrdən kənar qalmağını istəmirdi. Odur ki, əl-qolu ilə oğlunu göstərirdi. Leo dəli kimi tullanıb onu işarət edən atasını görəndə baxışlarını qaçırtdı; bir tərəfdən utanmışdı, digər tərəfdən gülümsəyirdi.

Seçmələr tam sürət davam edirdi. Hər oyunçunun formasının üzərinə nömrələrin qeyd olunduğu kağızlar yapışdırılmışdı. Komandalar ikiyə bölünmüşdülər: sarı və qırmızı. Seçmələrdə təxminən 70 uşaq iştirak edirdi. Məşqçilər uşaqları yaxından izləyir və haqlarında qeydlər aparırdılar. Hər futbolçunun özünü isbat etməsi üçün 5 dəqiqəsi var idi. Ən yaxşı oyunçulara isə 10 dəqiqə vaxt verilirdi. 

Leo onu unutmayacaqlarına ümid edərək səbirlə gözləyirdi. Gözləməkdən yorulmuşdu, ancaq bir tərəfdən də, meydana çıxıb topa toxunmaq baxımından "böyük aclıq” çəkirdi. Nəhayət, məşqçilərdən biri ona və bir neçə uşağa meydana girmələrinə dair göstəriş verdi.

Xorxe Leoya tərəf qışqırırdı, ondan topa yaxın olmasını istəyirdi. Balaca Messi irəli sıçrayaraq topu digər komandanın oyunçusundan aldı və qapıya doğru irəliləməyə başladı. Bir neçə rəqibi aldatdıqdan sonra sol ayağı ilə zərbə endirdi. Top qapıçının başı üzərindən keçib qapıya daxil oldu. Xorxe rahat nəfəs aldı.

Leonun oyununa heyrətlə tamaşa edən "River Pleyt” məşqçiləri onun daha 10 dəqiqə meydanda qalmağına icazə verdilər. Messi bu müddət ərzində iki qol vurmaqla yanaşı, bir məhsuldar ötürmə verdi.

Leo meydançanı tərk edəndə məşqçilər ona baxaraq gülümsəyirdilər. Seçim prosesi bitdikdən sonra uşaqlardan beşini yenidən çağırdılar. Leo da onlardan biri idi.

Məşqçilərdən biri uşaqlardan ailələrinin orada olub-olmadığını soruşdu. Leo Xorxeni göstərərək "Mənim atam buradadı” dedi.

Məşqçi Xorxe ilə görüşdükdən sonra dedi: "Onu istəyirik. Uşağı "River Pleyt”ə gətirin”.

Az qala, Xorxenin ürəyi yerindən çıxacaqdı. Leo bacarmışdı. O, Argentinanın ən böyük komandalarından birinin rəsmilərinin qarşısında imtahandan keçmişdi.

Leo həyəcanlı şəkildə atasından məşqçilərin nə dediklərini soruşdu. Xorxe "Səni istəyirlər, oğul” deyə qarşılıq verdi.

Leo gülümsədi. Yaxşı oynadığını bilirdi, onu bəyənəcəklərini düşünürdü, ancaq lovğalanmaq istəmirdi. Məsum üz ifadəsi ilə atasına növbəti sualını ünvanladı: "Onlara "Nyuells”də oynadığımı dedin?”

Xorxenin əhvalı dərhal dəyişdi. O, oğlunu qeydiyyatdan keçirəndə "Nyuells”dən bəhs etməmişdi. Səbəb bəsit idi: "Old Boyz” Leo qarşılığında yüksək məbləğ tələb etmədən onu əldən verməzdi və bu situasiya "River"in Leonun seçmələrdə iştirakına mane olmasına səbəb ola bilərdi.

Xorxe oğluna "Burada gözlə” dedikdən sonra yenidən məşqçiyə yaxınlaşdı. Aralarında belə bir dialoq yaşandı:

- Cənab, oğlum Leonun "Nyuells”də oynadığını bilməyinizi istəyərdim.
- "Nyuells”? Müqaviləsi var?
- Hə, var.
- Onda təxmin etdiyiniz kimi, bu, bizim üçün əlavə problemdi. Onlarla danışıq aparmaq lazımdı. Və bu tip klublar həmişə böyük məbləğ tələb edirlər.
- Əminəm ki, ortaq məxrəcə gələcəksiniz.
- Yox, bu məsələ burada qapanacaq. Sizə uğurlar. Oğlunuzu gətirdiyiniz üçün təşəkkür edirik, amma artıq onunla maraqlanmırıq.

Məşqçi uzaqlaşdıqca Leonun müalicəsi də onunla birlikdə üfüqdən itirdi. Çarəsizcə düşünən Xorxe bir müddət sonra özünə gəldi və Leonun yanına qayıtdı:

- Nə dedi, ata?
- "River Pleyt”də oynamayacaqsan, oğlum. Gələcəkdə önünə daha yaxşı fürsətlər çıxacaq.
- Amma mən bu gün çox yaxşı oynadığımı düşünmüşdüm...

Leo güclə göz yaşlarını saxlamağa çalışırdı. Nə deyəcəyini, nə edəcəyini bilmirdi. Anidən nənəsi Seliyanın yoxluğunu hiss etdi. Ona ehtiyac duyduğu anlardan biri idi.

Leonun atası sözünə davam etdi: "Baş verənlərin sənin oyununa heç bir aidiyyatı yoxdu. Məsələ daha çox futbolun özü ilə əlaqəlidi. Sən meydanda əla idin, ancaq işin içində pul mövzusu var”.

- Ata, bəs indi nə edəcəyik?
- Sən narahat olma, mən həll edəcəm. Sən sadəcə futbolunu oyna. İşlər qaydasına düşəcək. Görmürsən, onlar səni istəyirdilər. Önəmli olan budu. İmtahanı keçmişdin. "River Pleyt” kimi bir klub sənin potensialının fərqindədisə, digərləri də bunu gec-tez görəcəklər.
- Meydanda əla idim, ancaq daha da yaxşı olacağımı bilirəm.
- Əla, bax belə. Buna "əzm” deyirlər. Düz yoldasan. Haydı, evə gedək.

Xorxe və Leo "River Pleyt”in düşərgəsini tərk edərkən tribunadakı insanlardan biri tezbazar qaçaraq yaxınlıqdakı ödənişli telefon butkasına girdi və ölkə xaricinə zəng etdi. Ata və oğulun isə olanlardan xəbəri yox idi.

Maykl Part - "The Flea" kitabı

 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR