Messinin hekayəsi: Reşaka Maradonanı xatırladan uşaq (XIII hissə)

Messinin hekayəsi: Reşaka Maradonanı xatırladan uşaq (XIII hissə)

Xorxe öz-özünə deyinirdi: "Bu adamların etdiyini başa düşə bilmirəm”. Sonra şalvarını da çamadana qoyub, ağzını bağladı.

Leo otağın digər tərəfində idi. Onun da üzündə qəmgin ifadə hakim idi. Çəkməcədən paltarlarını çıxarıb, çamadana doldururdu. "Niyə müqavilə hazırlamırlar?” deyən Xorxe paltarlarını toplaması üçün oğlunun yanına gəldi: "İki həftə! Heç kim bir şey üçün iki həftə gözləməməlidi”. Leonun alt paltarlarından birinə baxdı və üzünü turşudub, yenidən çamadana qoydu: "Bunları arada yuyursan?" Balaca Messi razılıq əlaməti olaraq başını aşağı-yuxarı salladı.

Xorxe, demək olar ki, hər gün Qaccoli və Minqelya ilə telefonda danışırdı. Onlar isə hər gün Reşakın Avstraliyada keçirilən Yay Olimpiya Oyunlarından qayıtdıqdan sonra Leonu izləyəcəyinə dair söz verirdilər. Xorxe ilk əvvəl oğlunun "Barselona”nın gənclərdən ibarət komandasına qəbul olunacağına və "Barça”nın onunla müqavilə imzalayacağına inanırdı. Ancaq günlər bir-birini əvəzləyirdi, Reşak isə ortada yox idi. Artıq Xorxenin səbri daşırdı. Evə əlləri boş qayıdacaqlarını düşünürdü.

Xorxe əsəbiləşəndə Leo da özündən çıxır. Bu, ata ilə oğul arasındakı bağdı. Leo atasını belə görəndə üzülür və yaşadıqlarının öhdəsindən gələ bilməyəcəyindən qorxurdu. Onun üçün həyatdakı ən önəmli şey futbol oynamaq idi. Eybi yox, burada mümkün olmasa belə, vətəni – Argentinada futbolla məşğul ola bilərdi.

Leo çamadanını topladıqdan sonra Xorxe telefonun dəstəyini götürüb, nömrəni yığdı. Orasio Qaccoli telefona cavab verəndə Xorxe artıq yır-yığış etdiklərini və Rosarioya qayıtmağa hazırlaşdıqlarını dedi.

Qaccoli də üzgün idi: "Sizə yalvarıram, cənab Messi, bir gün də burada qalın. Sabah özündən yaşca böyüklərlə oynaması üçün matç təşkil etmişik. Cənab Reşak artıq Yay Olimpiya Oyunlarından qayıdıb və Leonu izləyəcəyinə dair söz verib. Bir gün də qalın. Hə, nə deyirsiz?”

Xorxe dəstəyi sinəsinə sıxıb, otağın digər tərəfində çamadanının ağzını bağlamağa çalışan Leoya baxdı. Uşaq sanki gözləri ilə yalvarırdı. Xorxe dərindən ah çəkdi və cavab verdi: "Yaxşı, cənab Qaccoli. Son bir gün”.

Leo gülümsədi. Xorxe Qaccoli ilə sağollaşdıqdan sonra balaca Messi qaçaraq onu qucaqladı: "Təşəkkür edirəm, ata”.

Xorxe: "Mənə təşəkkür etməyinə ehtiyac yoxdu. Belə bir fürsətin əlimizdən qaçmasına izin verəcəyimi düşünürdün? Məşhur bir ifadə var: bəzən sərt oynamaq lazımdı”. 

Leo atasını daha da bərk qucaqladı. Çox həyəcanlı idi. İki həftədi Barselonada olsa da, sabaha qədər gözləyə bilməyəcəyini düşünürdü.

***

Ertəsi gün Leo "Kamp Nou”ya qədər olan yolu qaçaraq getdi. Onun gənc komandaya qoşulmaq ehtimalı olduqca real idi. Leonu izləyəcəkdilər. O, əlindən gələnin ən yaxşısını etməli idi. Atası isə İspaniya meydanı boyunca yavaş-yavaş yeriyirdi. "Barça"nın U-14 komandası ilə oynanılması planlaşdırılan matç saat 13:00-da "Kamp Nou”nun sonundakı balaca "Miniestadi”dəki 3 nömrəli stadionda keçiriləcəkdi.

Leo paltardəyişmə otağına yaxınlaşanda komanda artıq sıraya düzülmüşdü. Məşqçi onu görən kimi "Leo, bura gəl” deyə səsləndi.

Leo sıradakı yerini tutdu. Ötən gün "La Masia”nın ön qapısında onu qorxudan Pike və Sesk Fabreqas da orada idi. Məşqçi əlini Leonun çiyninə qoydu və dedi: "Hamınızı yeni forvardımız Leo Messi ilə tanış etmək istəyirəm”. Bütün komanda onu alqışladı. Leo gözlərinə inana bilmirdi.

Pike "La Masia” – onu haqq edənlər üçündü” dedi və Sesk gülümsədi. Leo utanırdı. Məşqçi uşaqlara sonuncu dəfə xəbərdarlıq etdi və yanından keçəndə Leoya göstəriş verdi: "Sən irəlidə oynayacaqsan”.

Sevincindən uçan Leo tez meydanda öz yerini tutdu. Soluna baxanda Sesk gülümsəyərək ona göz vurdu. Arxaya baxanda isə Pikeni gördü.

Oyun başladı. U-14 komandasına qarşı oynayırdılar. Çətin rəqib idilər. Leo ilk ötürmədən sonra özünü rahat hiss etməyə başladı. Messi onu hərəkət halında görən uşaqların güvənini qazanacağını yaxşı bilirdi. Adətən, hər yerdə belə olurdu. Bu, həyatının ən önəmli matçı idi, ancaq o, rahat görsənirdi. Harada olması fərq etməz, meydançaya addım atdığı an ora onun üçün evə çevrilirdi.

Leo "Barça”nın topa sahib olma oyununa üstünlük verdiyini televizorda izlədiyi matçlarda görmüşdü. Rosarioda olanda belə, bu sistemə uyğunlaşmağa çalışırdı: ritmli qısa paslar, bir-iki və irəlilə.

Hər şey anidən baş verdi. Leo topu qəbul etdi və qapıya doğru qaçmağa başladı. Sanki zaman dayanmışdı. Müdafiəçilər onu saxlaya bilmirdilər. Qarşısındakılar U-14-ün oyunçuları idilər, Leo onlardan həm iki yaş kiçik, həm də 30 sm. daha qısa idi. Ancaq bunun bir önəmi yox idi. İldirim kimi irəlilədi və topu qapıdan keçirdi.

Bu, Leonun "Barça”dakı ilk qolu idi. Tribunadakılar ayağa qalxıb, onun haqqında şüarlar səsləndirməyə başladılar. Bu, Leonu daha da canlandırdı. Barmaqları ilə səmanı işarət edərək qolu nənəsi Seliyaya həsr etdi.

Maria Minqelya da tribunada idi. O, Reşakı gözləyirdi. Karles Avstraliyadan yeni qayıtdığından, saat fərqinə görə yorğun idi və oyuna bir az gecikmişdi. Həmişəki kimi, arxa qapıdan girib, meydan boyunca irəliləyərək yerinə oturdu. Sonra Leonu gördü. Onu necə gözdən qaçırmaq olardı ki? Meydançadakı ən balaca uşaq Messi idi. Ancaq topla nələr edirdi, bir görsəydiniz...
 
Topu bir ayağından digərinə atıb, rəqibləri çaş-baş saldı. Sonra Leo anidən dayanıb, ağırlığını digər ayağına verdi və öz ətrafında 180 dərəcə fırlanıb, tərəddüd etmədən topa vurdu. Bütün bunları edərkən nəzarəti əldən vermədi. Yönünü mükəmməl şəkildə dəyişdirmişdi. Belə balaca və yaşı az olan biri necə anidən düşünüb, hərəkətləri icra edə bilirdi? Reşak Leonu diqqət və təəccüb içində izləyirdi.

Minqelya Reşakın yerində dayanıb, matçı izlədiyini görəndə təəccübləndi. Sıraların arası ilə irəliləyərək onu qarşıladı və əlini sıxaraq "Burada oturacağıq, cənab Karles” dedi. Reşak gülümsədi:

- Uşaq budu, hə?
- Leo Messi – Rosariolu uşaq. Siz onun oyununu izləmək üçün buradasınız.
- Təşəkkür edirəm.

On beş dəqiqə keçdi. Leo daha iki qol vurmuşdu. Reşak tribunadakılarla birlikdə ayağa qalxıb, Messi haqqında şüarlar səsləndirirdi. Həyəcanlı şəkildə Minqelyaya tərəf çevrildi və dedi: "Onunla müqavilə imzalamalıyıq”.

- Mən də elə düşünürəm, cənab.
- Bu uşaq fərqlidi.
- Ancaq sizi xəbərdar etməliyəm. İki həftədi burada bizi gözlədikləri üçün çox əsəbidilər. Orasio onları sakitləşdirməli və Barselonada qalmağa razı salmalıdı. Çamadanlarını toplayıb, evlərinə qayıtmağa hazırlaşırlar.

Reşak Leonu izləyəndə, 1983-cü ildə həm Kral Kubokunu, həm də İspaniya Superkubokunu qazandıran başqa bir argentinalı dahini – Dieqo Maradonanı xatırlamışdı. Karles Minqelyaya baxıb, başını yellədi. Uşağın dahi olduğu bəlli idi. Onu əldən vermək olmazdı. Əks təqdirdə Reşak özünü bağışlamazdı. Karles dilləndi: "Dostum, əgər Leo Messi məni 15 gün gözləyibsə, mən də onunla bağlı qərarımı bir gün ərzində verə bilərəm”. Minqelya bu cavabı eşidəndə sevindi.

Leo özündən böyüklərə qarşı meydanda istədiklərini edirdi. Matçı təəccüb içində izləyən Reşak dedi: "Haydı, artıq atası ilə danışmağın vaxtıdı”.

Maykl Part – "The Flea” kitabı

Tərcümə və tərtibat: Rüfət Məcid ("Messiah” bloqu)
 

Sport7.az

OXŞAR XƏBƏRLƏR