"Meza Kollinin milliləşdirilməsinə ehtiyac yoxdu" - Futbol mütəxəssislərindən yekdil rəy

Ölkə futbolunda gündəmdə olan məsələlərdən biri də "Keşlə"nin oyunçusu Meza Kollinin milliləşdirilməsidi. Onun yığmaya hansı faydaları ola biləcəyi haqda fikirlər müxtəlifdiu. Ancaq dəqiq olan odu ki, Meza Kolli milliləşdirilib ölkənin əsas komandasına dəvət alsa kimlərinsə, hansısa yerli futbolçularımızın yerini tutacaq. Meza Kollinin milliləşdirilməsi ilə əlaqədar yerli məşqçilərimizin düşüncələrini öyərndik. 

Onlar da Sport7.az-a açıqlamasında yazılanları təsdiqlədi.

Samir Musayev: "Gəc futbolçularımız çoxdu. Mən kimlərinsə milliləşdirilməsinin əlehinəyəm. Əlbəttə, çox gənc futbolçularımız var ki, onlar bu gün oynasalar yığmaya xeyir verə bilərlər. Legionerlərin milliləşdirilməsi hansısa yerli futbolçunun qarşısının alınması deməkdi. Düzdü, onun mövqeyində oynaya biləcək futolçularımız azdı. Çempionatın gedişi də bunları deyir. 18 oyuna cəmi 7 qol vurulub. Bu da həddindən az göstəricidi. Könül istərdi ki, bombardirlərimiz çox qol vursun və hamısı yerli olsun. Bilmirəm millinin məşqçisi kimdi. Amma onu da başa düşmək olar ki, hücumçu tapmaqda çətinlik çəkir. Amma gənclərimiz var ki, onlardan həm U-21-də, həm də əsas yığmada istifadə edə bilərik. Elə biri Tural Bayramov, digəri Musa Qurbanlı. Nə qədər gec deyil, onlar yığmaya çağırılmalıdılar, oynamalıdılar ki, daha da açılışsınlar. Niyə də olmasın? Heç kim deyə bilməz ki, "milli gedib bütün oyunlarda qələbə qazanıb qrup mərhələsinə yüksələcək, ona görə də güclü futbolçular lazımdı". Məğlub olsaq belə, ən azı gənc futbolçularımızı gələcək üçün yetişdirə bilərik.
Çox şeyə ümid edirik, milli üçün. Arzulayırıq ki, dünya çempionatının final mərhələsinə qatılsın. Meza Kolli isə bizə nə qədər kömək edə biləcək, bunu zaman göstərəcək. Millətlər Liqasında bizə kömək edəcəksə, niyə də dəvət olunmasın? Yığmaya gələn futbolçu canını verməlidi. Əslində milliyə çağrılacaq çox gənc futbolçularımız var. Onlar dəvət olunmalıdı. İstənilən halda kimlərinsə yerini tutacaq".

Mahmud Qurbanov: "Meza Kollinin milliləşdirilməsi... Azərbaycanda o qədər belə futbolçular olub ki. Milliləşdirilmiş oyunçular yığmada yerli futbolçuların yerini tutur.  Açığı bunun tərəfdarı deyiləm. Düzdü, Meza Kolli öz komandası, bizim çempionatımız üçün yaxşı futbolçudu. Hazırda öz oyunu ilə Azərbaycan çempionatında ən yaxşı legionerlərdən biridi. Amma düşünürəm ki, onun milliləşdirilməsinə ehtiyac yoxdu.

Hazırda onun milliləşdirilməsi ilə bağlı rəsmi məlumat da yoxdu. Hər halda yığmada kimlər oynayacaq, dəvət alacaq bunu deyə bilmərik. Çünki heç baş məşqçi də yoxdu. Onun mövqeyində oynaya biləcək futbolçularımız var. Amma yeni gələn baş məşqçi kimləri dəvət edəcək, deyə bilmərəm. Elə mövqedi ki, həmişə kreativ futolçular olmalıdı. Onlardan biri də Meza Kollidi. Lakin yığma səviyyəsi başqadı. İstənilən halda onun əvəzinə yeni futbolçular dəvət etmək olar.

Beynəlxalq yarışlarda nə edə bilərik? İndidən nəsə demək çətindi. Rəqiblərimiz də məlum deyil. Meza Kolli 5 ildi Azərbaycandadı. Ona qədər də milliləşdirilmiş futbolçularımız olub. Bəzi nüanslar var. Bəlkə heç yeni gələn baş məşqçi onu istəməyəcək. Bunu şişirtməyin də yeri yoxdu. Baş məşqçi gəlib, kimləri dəvət edəcək, bunu görəndən sonra danışmaq olar. Yenə də fikrimdə qalıram ki, çempionatımızda oynayan yerli futbolçuların dəvət edilməsi yaxşı olardı. Hansısa mövqedə oynatmağa oyunçu olmayanda baş məşqçi məcburən milliləşdirilmiş futbolçu dəvət edə bilər. Bu praktika bəzi ölkələrin yığmalarında da mövcuddu. Ona görə nəsə demək çətindi və tərəfdarıyam ki, yerlilər oynasın. Hazırda yığmada Almeyda da var. Düzdü, eyni mövqedə deyillər. Heç oyunları da eyni deyil. Amma Almeyda da milliləşdirilib".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR