Möhkəm olun, Samir bəy!

Möhkəm olun, Samir bəy!
Sizi bir az keçmişə qaytaracam. AFFA İcraiyyə Komitəsinin noyabrın 3-də keçirilən iclasından sonranı xatırlayaq. Qarışıq hisslərin əsirinə çevrilmişdik. Qurban Qurbanovun milli komandaya baş məşqçi təyin olunması, onunla 6 ili əhatə edən müqavilənin imzalanması əhvalımızı dəyişmiş, ürəklərdə ümid işığı yaratmışdı.
 
Çoxları düşünürdü ki, bu təyinat həm də Foqtsa və Prosineçkiyə meydan verilməsində, Gedeylə Lippertin əzizlənməsində böyük rol oynayan Elxan Məmmədovun süqutudu. Hətta baş katibin ağır məğlubiyyətə uğradığına, tezliklə futbol sahəsindən öz kadrları ilə birlikdə gedəcəyinə inanlar da var idi. Həmin ərəfələrdə Mikayıl Nərimanoğlunun "Kəpəz”dəki yeyintilərinin, maliyyə pozuntularının da üstü təzəlikcə açılmışdı. Bu rəzalət də cənab Məmmədovun imicinə, ümumilikdə onun komandasının nüfuzuna ağır zərbə idi. Elxan Məmmədovun yenilgini həzm etməyəcəyi, "yuxarılar"da onun bağışlanmayacağını düşünmək olardı. Amma elə o vaxt hər şeyin belə asanlıqla baş verəcəyinə, futbolumuzun bu dəstəsinin əsarətindən tez bir zamanda xilas olacağına inanmırdım. Elə gözlədiyim kimi də oldu.
 
İcraiyyə Komitəsinin iclasından sonra baş katib Elxan Məmmədov jurnalistlərin suallarını cavablandırmışdı. Həmin gün ona ünvanlanan suallarda da eyni ab-hava hiss olunurdu. Sanki baş katib və dəstəsi əşyalarını toplayıblar, birdəfəlik gedirlər. Ondan Qurban Qurbanovun təyinatından sonra millidə və AFFA-da inzibati dəyişikliklərin olub-olmayacağını soruşmuşdular. Cavaba diqqət edək: "Çalışacağıq ki, Aydın Rüstəmov AFFA-da qalsın, çünki təcrübəli insandı. Demirəm ki, gələcəyin Mourinyosudu, ancaq təcrübəlidi. Adminstratorlar arasında Riad Rəfiyev də var. Bu barədə Qurban müəllimə məlumat verəcəyik və o öz fikrini bildirəcək”. Anlayanlar üçün bu cavabın özü çox şey demək idi. Baş katib açıq-aşkar işarə vurmuşdu ki, kadrlarının futbol təsərrüfatından uzaqlaşdırılmasına imkan vermək fikrində deyil, onlar üçün nəsə düzüb-qoşacaq. Artıq hər şey onun dediyi kimidi. Özü də cənab Məmmədov inanılmazı gerçəkləşdirib, hamını mat vəziyyətinə salmağı bacarıb.

Kim inanardı ki, tərcüməçidən inzibatçı düzəltmək mümkündü? Heç kim. Amma belə şeylər Elxan Məmmədov üçün problem deyil. Həmişə əcnəbi çalışdırıcıların tərcüməçisi qismində gördüyümüz, İtaliyaya uduzduğumuz oyundan sonra baş katibin hovuza itələdiyi Aydın Rüstəmov artıq əsas millidə inzibatçı kimi çalışır. Hələlik xırda-xuruş işlərdən yapışıb. Millinin məşqi üçün meydançanın hazırlanması ilə məşğul olur, texniki işlər görür. Şübhə etməyə dəyməz ki, müvəqqəti çətinlikdi. Bir halda ki, baş katib onu futbol mütəxəssisi gözündə görüb və ondan gələcəkdə Mourinyonun belə çıxa biləcəyinə bizi inandırmağa çalışıb, Aydını unutmayın. Baş katib tərcüməçinin futbol sahəsində təcrübəsinin olduğunu düşünür. Unudur ki, Azərbaycanda neçə-neçə təcrübəli futbolçu, məşçqi və digər futbol adamları bu sahəyə yaxın buraxılmır. Onların aqibəti heç cənab Məmmədovun vecinə də deyil. Rüstəmovun isə təcrübəsinin olduğuna, bundan da bizim futbolun faydalana biləcəyinə inanır. Çox keçməz tərcüməçi Aydın AFFA-nın nəzarətində olan klubların birində məşqçi, yaxud da icraçı direktor, lap elə prezident qismində ictimaiyyətə təqdim olunar. İnanmırsız? Bərkə düşəndə deyəcək ki, biz neynəyək, klubun özündən zəng vurub soruşdular. Belə nümunələr yetərincədi.

Biz nə vaxtsa Riad Rəfiyevin də klub prezidenti təyin olunacağına inanmazdıq. Görürsüz ki, ağlımıza gəlməyən artıq başımıza gəlib. Çox güman ki, Məmmədov bayaq sitat gətirdiyimiz müsahibəsində dediyi kimi, Qurbanovla Riadın gələcəyini müzakirə edib və görüb ki, millinin qapıları indilik onun üzünə bağlıdı. Dərhal da "B” planı işə düşüb. Həm "Sumqayıt”da Kamran Quliyevin layiqli davamçısı olacaq, həm də Dağıstandan, Almaniyadan gətiriləcək futbolçuların biznesi, "milliləşdirilməsi” prosesi asanlaşacaq. Riadın rəhmətlik atası Azərbaycan futbolu üçün çox işlər görüb. Elə bir işlər ki, heç vaxt unudulması, qiymətləndirilməməsi mümkün deyil. Rasim Rəfiyev milli komandamızın səfərə yollanması üçün öz şəxsi təyyarəsini belə heç bir təmənna güdmədən AFFA-nın sərəncamına vermiş adamdı. Belə bir kişinin oğlu Azərbaycan futbolunda öz müsbət imici ilə qalmalı, qaranlıq işlərə girişməməliydi. Edemir Rodriges Mercadonu 500 min dollara "Bakı”ya satan, qısa müddətdə boliviyalı futbolçunun sayəsində Hafiz Məmmədovdan yaxşı pullar qoparan Riad indi deyir ki, mən menecer deyiləm. Menecer olmaq ayıb deyil. Kaş ki, Rəfiyev elə menecer olaydı, özü üçün çalışaydı. Futbolumuz da ondan bu cür faydalanırdı. "3R Sports Management” şirkətinə rəhbərlik edəydi, məşqçilərimizi xaricə göndərəydi. Amma Elxan Məmmədov üçün alət rolunu oynamağa razılaşmazdı. Bu cavan və çoxbilmiş oğlan yaxşı başa düşür ki, baş katibin əlinə oynamaqla öz işini də xeyli asanlaşdırar, qazancını çoxaldar. Elə bunun üçün "Sumqayıt”ın formal prezidenti olmağa razılıq vermək məqbuldu.

Sabah Elnur Cəfərov, Emin Mahmudov, Araz Abdullayev, Kamran Ağayev və digərləri "Sumqayıt”a qarşı meydana çıxanda, dünya futbolunda bir ilk gerçəkləşəcək. İnanmıram ki, indiyə qədər hansısa futbolçuya agentinin prezidenti olduğu kluba qarşı oynamaq qismət olsun. Samir Abasovun da işi xeyli çətindi. Hamının xarizmatik məşqçi saydığı mütəxəssisi indi Riada tabe ediblər. Ağır dərddi. Möhkəm olun, Samir bəy. Yəqin ki, bu çətinlik yaya qədərdi!
 
Mənbə: "Futbol+" qəzeti, Amal Abuşov

Xəbər lenti