"Ümid edirik ki, AFFA müraciətimizə müsbət cavab verəcək" - "Qarabağ" rəsmisi

"Biz AFFA-nın Apellyasiya Arbitraj Tribunalına müraciət etmişik. Quruma göndərdiyimiz məktubda məsələni daha ətraflı izah etməyə çalışıb, klubun 3 min manat cərimələnməsinin haqsızlıq olduğunu bildirmişik". 

Sport7.az xəbər verir ki, bu sözləri "Fanat.az"a açıqlamasında "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə deyib. Klub rəsmisi bildirib ki, Uroş Matiçin forma standartlarını pozamasına görə "Qarabağ"ın cərimələnməsini ədalətsiz hesab edirlər: "Sumqayıt" - "Qarabağ" matçı cəzaya səbəb olan oyun kimi göstərilib. Ancaq həmin görüşdə Uroş Matiç iştirak etməyib, bir dəqiqə belə meydanda olmayıb. Burada başqa bir məqam isə odur ki, əvvəlki illərdə etik cəhətdən adını çəkmədiyim başqa iki klub İntizam Komitəsinin forma standartlarını pozub, ancaq həmin illərdə o klublara yalnız xəbərdarlıq edilib. Bu səbəbdən də hesab edirik ki, "Qarabağ" klubuna da xəbərdarlıq olmalı idi. Özü də həmin futbolçu oyunda iştirak etməyib. Daha sonra artıq bu hal təkrarlansa, cərimə olunardı". 

"Əvvəlki turlarda da Matiç eyni forma ilə oynayıb, ancaq cəzalanmayıb. Biz demirik ki, Matiçin adının formada yazılışı düzdür, təbii ki, Azərbaycan dilinə hörmətsizlikdən söhbət gedə bilməz. Forma standartlarının pozulması ilə bağlı müvafiq bənddə Azərbaycan dilinə hörmət barədə bir kəlmə belə yoxdur (Maddə 69). Burada yazılıb ki, "Futbolçunun formasının üzərində sifariş vərəqəsində göstərilən adın düzgün yazılmamasına və nömrənin olmamasına görə klub 3 min manat cərimə oluna bilər". Və Azərbaycan çempionatında PFL-ə göndərilən sifariş vərəqəsində futbolçuların adlarını görsəniz, hesab edirəm ki, haqlı olduğumuz qənaətinə gələcəksiniz. Ümid edirik ki, AFFA-nın Apellyasiya Arbitraj Tribunalı haqlı hesab etdiyimiz müraciətimizə müsbət cavab verəcək" deyə Gündüz Abbaszadə bildirib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR