Ümidləndirən “Sabah”

Ümidləndirən “Sabah”

Amal ABUŞOV

Koronavirus pandemiyası həyatımızın bütün sahələrinə, o cümlədən də futbolumuza ağır zərbələr vurub. Alt-üst edilmiş, darmadağın olmuş bir həyat yaşayırıq. Martın ortalarından bəri ölkədə bütün idman yarışları, elə futbol da dayandırılıb.

Keçmişdə olanlar hamımıza məlumdu. Amma gələcəkdə nəyin necə olacağını heç kim bilmir. Proqnoz vermək də çox çətindi. Hamımız bu çətinliklərin içindəyik. Klub rəhbərləri, sponsorlar, futbolçular, azarkeşlər və sözsüz ki, idman jurnalistləri də. Plan qurmaq olmur, yenilik axtarışları da uğursuzluqla nəticələnir. Klublarımız hələ iyunun ortalarında xəyal qırıqlığı ilə üzləşdilər. Həmin vaxt AFFA İcraiyyə Komitəsi mövsümün davam etdirilməsiylə bağlı qərar verdi, Peşəkar Futbol Liqası təqvimi hazırladı, pandemiya şəraitində hansı qadağaların tətbiq ediləcəyi belə açıqlandı. Məşqlər bərpa olundu, yoxlama oyunları keçirildi. Sonrası isə heç nə. Qadağalar yenidən sərtləşdirilincə bütün planlar ləğv olundu. Çəkilən əziyyət də, xərc də boşa getdi.

Hazırkı vəziyyət də bir qədər ona oxşayır. Yeni mövsümün startıyla bağlı müəyyən hərəkətlilik var. Xüsusiylə da avrokuboklarda Azərbaycanı təmsil edəcək klublarımız üçün qızıldan qiymətli zaman gedir. Nə zaman dayanıb bizi gözləyir, nə də UEFA. Klublar xərc çəkib transfer edir, Qəbələyə yollanıb mövcud şərtlər daxilində hazırlıq da keçirlər. Amma yenə də qeyri-müəyyənlikdi. Heç kim təminat verə bilməz ki, avqustun sonuna qədər Azərbaycan Premyer Liqasını başlamaq mümkün olacaq. Belədə klublarımız qısa müddət ərzində ikinci dəfə boşuna xərc və zəhmət çəkmək təhlükəsiylə üz-üzədi.

Qəbələdəki hazırlıq prosesini, yoxlama oyunlarını, həyata keçirilən transferləri imkan daxilində yaxından təqib etməyə çalışırıq. Hər kəs öz büdcəsi çərçivəsində davranmağa çalışır, ayağını yorğanına görə uzadır. Görünən odu ki, yeni mövsümü başlamaq mümkün olsa, ötən ildəkindən fərqli hansısa mənzərə izləməyəcəyik. Komandaların gücü, iddiaları, lap elə turnir cədvəlindəki yerləri də təxminən elə yarımçıq qalan mövsümdəki kimi olacaq. Yenə "Qarabağ” hamıdan öndə qaçacaq, "Neftçi” onun izində addımlayacaq, "Keşlə” da onların təqibçisi rolunu heç kimə verməməyə çalışacaq. "Sumqayıt” boyundan yuxarı tullanmalı, Rəşad Sadıqovlu "Zirə” isə simasını dəyişib iddialarını artırmalıdı. "Qəbələ”nin missiyası isə hamıya məlumdu. "Qırmızı-qaralar” son vaxtlar "Azərbaycanın "Ayaks”ına çevrilməkdə, ölkə futbolu üçün yeni adlar üzə çıxarmaqdadı.

"Sabah”ın planları, transferləri isə xeyli ümidləndirir. Ötən mövsüm gözlədiyini əldə edə bilməyən, tez-tez məşqçi dəyişməyin fəsadlarını hiss edən Masazır təmsilçisi bu dəfə həmin səhvlərdən nəticə çıxarmışa bənzəyir. İspaniyalı Visente Qomez vətənində və Ukraynada qaza bilmədiyi fürsəti burda yaxalayıb. "Sabah” onun rəhbərliyi altında avrokuboklara vəsiqə və medal qazana bilsə, Qomezin bir məşqçi kimi dəyəri yüksələcək. Eləcə də komandanın heyətində yer alan, böyük ümidlər bəslənilən futbolçular üçün bu məqam keçərlidi.

Son yoxlama oyununda "Sabah”ın "Neftçi”ni 5:2 hesabıyla məğlub etməyi bacarması da komandanın "vuran ayaqlar”a sahib olmasından, böyük potensialından xəbər verir. Ümid edək ki, yeni mövsüm tezliklə start götürəcək və "Sabah” da bu potensialını "yaşıl meydanlar”da sərgiləyə biləcək. "Sabah”ın verdiyi ümid təkcə klub adına deyil, ümumilikdə ölkə futbolu adınadı. Kaş ki, bu ümidlər doğrulsun!
 
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR