"Milli Olimpiya Komitəsində hamı müdirdi" - SORĞU

İdman federasiyalarımızın mətbuat katibləri ilə bağlı sorğumuz davam edir. 

Sport7.az-a danışan media nümayəndələri idman federasiyalarımızın mətbuat katiblərinin gördüyü işləri dəyərləndiriblər. 


Mehman Rəsulov ("Real" kanalı): "Gənclər və İdman Nazirliyindən Səmayə xanımın adını çəkərdim. PFL-dən Aslan Şahgəldiyev, "Qarabağ" klubundan Nurlanın, "Neftçi"dən Rüstəmin, həmçinin "Qəbələ"dəki dostlarımızı qeyd edərdim. Bacardıqları qədər mətbuatla işləməyə çalışırlar. Neqativ məqamlar da var. Öz işini lazımı səviyyədə qurmayanlar da çoxdu. Mətbuat katibi olaraq məhdud imkanlar verilən şəxslər də çoxdu. Ki onlar bəlkə də məcburiyyətdən istədikləri kimi keyfiyyətli işi ortaya qoya bilmirlər. Bunu nərəzə alaraq mətbuat katiblərinin üzərinə getməyəcəm. Amma daha yaxşısını etmək olar. Ümumiyyətlə, son zamanlar həm futbolumuzda, həm idmanımızda bir durğunluq var. Bu durğun zamanda belə mətbuat katibləri əllərindən gələni etməyə çalışırlar. 

Paralel işləyən jurnalist yoldaşlarımız da var. Nə qədər asandı, nə qədər çətindi mən deyə bilmərəm. Ama hər halda iki işi çatdırmaq çox çətindi. Ancaq bunu bacaran mətbuat katiblərimiz var. Mən özüm də bu sahədə işləmişəm deyə bəlkə də digər jurnalist dostlarımıza nisbətən daha yaxşı bilirəm. Çünki özüm o mətbəxdə olmuşam. Ona görə mətbuat xidmətlərinin üstünə çox getməyəcəm. Ümid edirəm elə bir şərait yaranacaq ki, qurumlar, federasiyalar, nazirliklər mətbuat xidmətlərinə tam səlahiyyət, ixtiyar, manevr imkanları verəcəklər. Ki onlar da  jurnalistlərlə yüksək səviyyədə əlaqələr qura bilsinlər. Belə olsa həm media razı qalar, həm də mətbuat xidmətində çalışan şəxs daha çox iş görə bilər". 

Sənan Abdullayev ("Xəzər" kanalı): "Futbolla digər idman sahələrində mətbuat katibi olmaq arasında məncə fərq var. Hər nə qədər də olsa, futbol adamları tənqidə normal yanaşmağı müəyyən mənada öyrəniblər. Digər idman növlərində isə rəsmisindən idmançısına kimi qolu güclü olduğuna görə başını ən gec işə salanlar hələ də çoxdu. Aləm qarışandan sonra isə ilk günahkar kimi mətbuat katibi görülür. Halbuki əvvəlcə ondan məsləhət alsalar, iş sadəcə təkzib və ya adi açıqlama ilə 90 faiz yumşala bilər. Federasiyalarda mətbuat katiblərinin əksəriyyəti istəsələr də, istəməsələr də iki-üç iş görməlidilər. Mətbuat katibi, idman direktoru, PR meneceri və sairə. Ölkədə əsasən populyar idman növlərinin mətbuat katibləri var. Digərləri sadəcə buna ehtiyac duymur. Çünki artıq xərc kimi baxırlar. Bu da qolda gücün varlığı, beyinlərin darlığındandı. Bəxtimizdən olimpiya növlərində olan həmkarlarımızın əksəriyyəti sahəsində çox yaxşıdı. Şəxsən mən istədiyim adama gecə saat 12-də də xəbər üçün yazmışam və əksəriyyətindən də heç olmazsa ilkin açıqlamanı almışam. 

İdmana cavabdeh iki qurumdan isə Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanı qeyd edə bilərəm. Bu adama ən əsəbi vaxtında da, saat fərq etmədən də zəng eləsən, ya dərhal cavab verəcək, ya da 5 dəqiqə vaxt istəyib geri telefon açacaq və sən işini pozmayacaqsan. Milli Olimpiya Komitəsində isə durum mənə görə "gülməlidi". Bir ara yeniyetmələrin olimpiya oyunları vaxtı qrup yaradılmışdı. Ona görə çıxdım ki, onun paylaşdığı xəbərləri 3 saat əvvəl mən özüm tapırdım. Adamın heç bir səlahiyyəti yoxdu. Hətta kimdənsə zəng edib xəbər soruşmağa belə ehtiyat edir. Ümumiyyətlə o komitədə hamı müdirdi. Yaxşı "sən ağa, mən ağa, inəkləri kim sağa?". Zəng edib kanal çağırmaqla mətbuat katibliyi olmur.

İlkin Xəlilov ("ATV" kanalı): "Əslində bu məsələ ilə bağlı deyəcək çox sözüm yoxdu. Çünki son vaxtlar federasiyaların mətbuat xidmətləri ilə demək olar ki, elə də işləmirik. Onsuz da bütün məlumatlar sosial şəbəkələr, saytlar vasitəsilə  daha tez yayılır və ordan götürmək olur. Tutaq ki, güləş komandası yarışa gedir, heyəti açıqlanıb, dərhal saytlarda olur. Əlbəttə bu ilk növbədə federasiyanın mətbaut xidmətinin zəhmətidir. Sərxan Musalı vaxtında məlumatı yayır. Artıq bizim onunla əlaqə saxlamağımıza ehtiyac qalmır. Xəbər ictimailəşir və biz ordan götürüb efirdə veririk. Eyni sözlər Boks Federasiyasından Tahir Hümmətova aiddi. Ağır Atletika Federasiyasından Kənan Məstəliyev çox gözəl işləyir, bütün yarışlar haqqında dolğun məlumat verir. Hətta videogörüntülər də göndərir. Eyni sözləri Savat döyüş idman növünün mətbuat xidmətində (fransız boksu)  çalışan həmkarımız Sənan Abdullayevə, Velosiped Federasiyasından Pərviz Musayevə, Karate Federasiyasından Senan Məhərrəmova aid edərdim. Onların hamısı demək olar ki, jurnalistikadan çıxmış insanlardı. Elə ona görə əminəm ki, hardaki keçmiş junalistlər mətbuat katibidi, o daha effektli olur, daha yaxşı alınır. 

Rövşən Əhlimanoğlu ("Lider" kanalı): "Ümumilikdə işlədiyim federasiyalarda mətbuat katibi baxımından, hansısa problemlə üzləşdiyimi deyə bilmərəm. Çəkiliş, müsahibə, verilişlərə qonaq çağırmaq üçün etdiyim müraciətlərin hamısı müsbət qarşılanıb. Düzdür, müəyyən vaxtlarda hansısa çətinliklər olur, amma ciddi problemlər yaşanmır. Daha dəqiq desək, AFFA-dan Firuz Abdulla, cüdodan Elnur Əşrəfoğlu, karatedən Sənan Məhərrəmov, nazirlikdən Səmayə Məmmədova, güləşdən Sərxan Musalı ilə işdə indiyədək hansısa problemlə üzləşməmişəm. Ancaq Gimnastika federasiyasının mətbuat xidmətinin işi sadaladıqlarımla müqayisədə mənə görə daha zəifdir. Üzgüçülük federasiyasında çalışanların da işlərinin öhdəsindən gəldiklərini demək, digərlərinə qarşı haqsızlıq olar. Bəzi federasiyalar da var ki, ümumiyyətlə o qurumun gördüyü işlərdən xəbər tutanlara mükafat vermək lazımdır".
 
Tural Xudiyev ("Space" kanalı): "İndiyə qədər hansısa federasiyanın mətbuat xidməti ilə problemim yadıma gəlmir. Təbii ki, söhbət üzdə olan federasiyalardan gedir. Daha çox nəticə verən idman növlərini nəzərdə tuturam. Yarışlardan operativ xəbərlərlə bəzən bezdirdikləri vaxtlar da olur. 
Sizin vasitənizlə bir xahişimi onlara çatdırmaq istəyirəm: Gecənin yarısında hava limanında çəkiliş istəməsinlər! (gülür)..."

Röya Kərimli
Sport7.az


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR