Millimiz Polşa toplanışını başa vurdu, heyət müəyyənləşdi

Millimiz Polşa toplanışını başa vurdu, heyət müəyyənləşdi

Niderlandda keçiriləcək Avropa Olimpiya Təsnifat Turnirinə hazırlığını davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışını başa vurub.
 
Sport7.az xəbər verir ki, ötən il dekabrın 25-də Bakıda başlayan çalışmalar Polşada yekunlaşıb. Voleybolçularımız burada yerli yığma ilə iki qarşılaşmada gücünü yoxlayıb. Hər iki görüşdə Polşaya millisi qalib gəlib.

Beləliklə, 11 günlük təlim-məşq toplanışına yekun vurulub. Komandamız Polşadan öncə Türkiyədə də hazırlıq keçib. Millimiz qonşu ölkədə "Fənərbaxça” və "Türk Hava Yolları” klubları ilə qüvvəsini sınayıb və hər 2 matç heç-heçə ilə bitib.

Komandamız bu gün Niderlanda yollanacaq. Apeldornda baş tutacaq Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya turniri yanvarın 7-12-də olacaq.
 
Voleybol millimizin heyəti də dəqiqləşib. Baş məşqçi Vasif Talıbov 11 günlük təlim-məşq toplanışının yekununa əsasən Niderlandda keçiriləcək Avropa Olimpiya Lisenziya turnirində güvənəcəyi oyunçuları müəyyənləşdirib.

Yanvarın 7-12-də Apeldorn şəhərində baş tutacaq yarışda mübarizə aparacaq voleybolçular aşağıdakılrdı:

Toppaylayıcılar: 14. Kristina Yaqubova, 18. Şəfaqət Alışanova,
Blokçular: 6. Ayşən Abduləzimova, 21. Kseniya Pavlenko, 22. Mariya Kirilyuk
Hücumçular: 3. Anastasiya Qurbanova, 4. Nelli Salbişvili, 8. Yelizaveta Səmədova, 10. Nikalina Başnakova, 17. Polina Rəhimova, 20. Marqarita Əzizova
Liberolar: 16. Yuliya Kərimova, 19. Bəyaz Alıyeva,
Baş məşqçi: Vasif Talıbov
Məşqçilər: Famil Ağayev, Eldar Yusubov

A qrupunda mübarizə aparacaq, komandamız Niderland, Polşa və Bolqarıstanla qüvvəsini sınayacaq. B qrupunda isə Türkiyə, Almaniya, Belçika və Xorvatiya voleybolçuları güclərini yoxlayacaqlar.

Reqlamentə əsasən, qrupda ilk iki yeri tutacaq komandalar yarımfinala yüksələcəklər. Burada çarpaz olaraq üz-üzə gələcək yığmalar ardınca finalçını müəyyənləşdirəcəklər. Həlledici görüşdə isə Tokio-2020 Yay Olimpiya Oyunlarında Avropanı təmsil edəcək sonuncu komandanın adı dəqiqləşəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR