Millimizin Avropa çempionatı üçün heyətini açıqlandı

Millimizin Avropa çempionatı üçün heyətini açıqlandı
Böyüklərdən ibarət taekvondo üzrə Azərbaycan milli komandası Kazanda keçiriləcək 23-cü Avropa çempionatında iştirak edəcək.
 
Sport7.az xəbər verir ki, mayın 10-13-də təşkil ediləcək qitə çempionatına millimiz mayın 7-də yola düşəcək.

Çempionatdan əvvəl Azərbaycan Taekvondo Federasiyasının inzibati binasında böyüklərdən ibarət yığma komandanın üzvləri ilə görüş keçirilib. Tədbirdə federasiyanın vitse-prezidentləri Nağı Səfərov, Niyaməddin Paşayev və baş katib Həmdiyyə Məmmədov komandanın İsveçrədə keçirilmiş ötən Avropa çempionatında Milad Beigi Hərçəqaninin qızıl, Patimat Abakarovanın gümüş, Payam Qobadi Oğazın bürünc medal qazanaraq uğurlu çıxışını xatırladıb. Bu dəfə də idmançılarımızın uğur qazanacaqlarına əminlik ifadə olunub.

Qitə çempionatında Azərbaycanı təmsil edəcək komandanın heyəti də müəyyənləşib. Avropa çempionatına Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə 15 taekvondoçu yollanacaq. Yarışda baş məşqçi Reza Mehmandoustun və böyük məşqçi Rəşad Əhmədovun yetirmələrindən Xanoğlan Kərimov (54 kq), Qaşım Maqomedov (58 kq), Xanrul Fətullayev (63 kq), Məhəmməd Məmmədov (68 kq), Səid Quliyev (74 kq), Milad Beiqi Hərçəqani (80 kq), Ramin Əzizov (87 kq) və Radik İsayev (87 kq-dan yuxarı) mübarizə aparacaqlar.

Qadınlardan ibarət komandanın baş məşqçisi Elnur Amanov isə Fatemeh Şabannia Mansour (46 kq), Patimat Abakarova (49 kq), Sahar Kargar (53 kq), Mahtap Kiyanichandeh (57 kq), Fəridə Əzizova (67 kq), Elvarə Cəlilova (73 kq) və Zahra Fazel Kalkhorana (73 kq-dan yuxarı) şans verəcək.

Beynəlxalq dərəcəli hakim Gündüz Abdullayev Avropa çempionatında ölkəmizi hakim qismində təmsil edəcək. Yığma komandamız mayın 14-də Vətənə qayıdacaq.
 
Sport7.az

Xəbər lenti