Millimizin baş məşqçisi:

Millimizin baş məşqçisi: "Bəzi təmrinləri stadionda icra etmirik"

Sərbəst və yunan-Roma güləşi üzrə yığmalarımız hazırlıq prosesini davam etdirir.

Sport7.az xəbər verir ki, ötən gün milli komandalarımızın açıq məşqi baş tutub. Azərbaycan Güləş Federasiyasının stadionunda keçirilən hazırlıq prosesi bir saat davam edib. Dekabrda Serbiyanın paytaxtı Belqradda keçirilməsi nəzərdə tutulan dünya çempionatına, eləcə də gələn il keçiriləcək Olimpiadaya lisenziya xarakteri daşıyan turnirlərə hazırlaşan millilərimiz karantin dövründə də məşqlərə ara verməyib. Belə ki, güləşçilərimiz pandemiya ilə əlaqədar ölkədə sərt karantin tətbiq olunduğu müddətdə məşqçilərin verdiyi proqrama əsasən, ev şəraitində məşqlər edib. Karantin qaydaları yumşaldıqdan sonra kollektiv məşqlər bərpa edilib. Hazırda yığmalarımız açıq havada hazırlıq prosesini plana uyğun olaraq davam etdirir. Azərbaycan Güləş Federasiyası idmançılarımızın yüksək hazırlıq səviyyəsində olması üçün milli komandalara lazım olan şərait yaradıb, maddi-texniki təminat həyata keçirilib.

Açıq məşqi işıqlandıran mətbuat nümayəndələri brifinqdə məşqçilər və güləşçilərə suallarını ünvanlayıb. Millimizin baş məşqçisi Aleksandr Tarakanov və məşqçi Arif Abdullayev də fikirlərini bölüşənlər arasında olub.  

Aleksandr Tarakanov, yunan-Roma güləşi üzrə millimizin baş məşqçisi: "Pandemiya ilə bağlı məşqlərimizi açıq havada davam etdiririk. Təbii ki, xalça üzərində edilən bəzi təmrinləri stadionda icra etmirik. Qalan bütün məşq detalları eyni qaydada keçirilir. Onu da qeyd edim ki, dəniz kənarında da məşqlərimiz olur. Azərbaycan dövlətinə və federasiyasımızın rəhbərliyinə minnətdarlığımı bildirirəm ki, bizə məşq etmək üçün imkan verilib və lazım olan şərait yaradılıb. Bu da güləşçilərin xeyrinədir. Qapalı məkanlarda məşqlərə icazə verildikdən sonra təlim-məşq toplanışlarımız əvvəlki qaydada davam edəcək”.

Arif Abdullayev, sərbəst güləş üzrə yığmamızın məşqçisi: "Sərt karantinin tətbiq olunduğu aprel-may aylarında güləşçilərimiz ev şəraitində məşqlərini davam etdirdi. Biz onlarla daim əlaqə saxlayırdıq ki, formadan düşməsinlər. İdmançılarımızın fiziki və taktiki-texniki hazırlığını ən yüksək səviyyəyə çatdırmağa çalışırıq ki, dekabrda keçirilməsi gözlənilən dünya çempionatına tam hazır olaq. Martda lisenziya turnirinə yollanmağa hazırlaşarkən yarışlar təxirə salındı. Ancaq federasiya rəhbərliyi və məşqçilər korpusu güləşçilərə həmişə olduğu kimi, dəstək verərək ruhdan düşməyə qoymadı”.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR